Əsas Səhifə > Şou-biznes > "Qohum-qonşudan öyrəndim ki, futbolçularımız məğlub olub..."

"Qohum-qonşudan öyrəndim ki, futbolçularımız məğlub olub..."


21-11-2023, 09:40
"Qohum-qonşudan öyrəndim ki, futbolçularımız məğlub olub..."
Bilirəm, düz eləməmişəm. Belçika millisi futbol üzrə Azərbaycan yığmasını çiləyəndə mən televizorda başqa kanala baxırdım. Deyəsən Elgizin “Sizin it bizim baltanı hara apardı?” verilişi idi, ya da Zaur Baxşəliyevin “Alt paltarı məndədir, sərmişəm çəməndədir” proqramı.

Neçə saat sonra ordan-burdan, qohum-qonşudan öyrəndim ki, futbolçularımız məğlub olub, özü də böyük hesabla. Qanım yenə qaraldı, dünyanın hər yerindən tutulub güclə milliləşdirilən zalım uşaqları bir dəfə qalib gələndə 5 dəfə uduzurlar.

Səhər yeriniz məlum girmişəm “Bizimlə alver elə, uğurlu karyeran olsun” marketinə. Dedim noxudla tər-təzə turp alım. Köhnə tanışlarımın biri ilə burun-buruna gəldim. Ənənəvi salamlaşmadan, hal-əhval tutmadan sonra BMT Təhlükəsizlik Şurasının son qərarları ilə bağlı fikir mübadiləsi apardıq, kassada uzun növbə olduğundan tanışım “Manas” dastanından 156 beyt əzbər dedi. Gördüm növbədə vaxtımız hələ var keçdim futbol mövzusuna.

- Axşam təsadüfən futbola baxmamısan?

- Nə axşam, hansı axşam?

- Dünən axşam, təsadüfən...

- Ay zalım, təsadüfən də futbola baxarlar?

- Nə bilim, dünən Azərbaycan millisi oynayırdı, baxa bilməmişəm.

- Azərbaycan millisi oynayır ki?

- Sən kimi istəyirsən onun canı, məzələnmə. Yığmamız oynayır, arada hətta udur da.

- Baş məşqçiləri də var?

- Əlbəttə. Millinin baş məşqçisi olar da. Özü də xaricdən alıb gətirmişik.

- Berti Foqtsu deyirsən?

- Dedim axı məzələnmə. İndiyə Berti Foqts qalar? Almaniyalını nə vaxtdır qavalamışıq Berlinə. İndiki baş məşqçini İtaliyadan tapıb gətirmişik.

- Pavarottini?

- Yox bir Leonardo da Vinçini... Bizimkilərin baş məşqçisi indi De Biyazidir.

- Kim?

- De Biyazi.

- Beləsini tanımıram. İnzaqi yadıma gəlir, de Biyazini deyə bilmərəm.

- Rəsmi oyun zamanı köməkçisi Arif Əsədova şıllaq atan...

- Tanımadım.

- Bizim idman jurnalistlərinin suallarından əsəbiləşib mətbuat konfransını yarımçıq tərk edən...

- Kimi deyirsən? O axmağı?

Elə bu vaxtı marketin kassasında növbəm çatdı, noxudla turpun pulunu kartla ödəyib “Bizimlə alver elə, uğurlu karyeran olsun” marketindən uzaqlaşdım. Tanışım mənim enerjimi almışdı, hiss elədim ki, əməlli-başlı yorulmuşam. Elə bil futbol üzrə Azərbaycan yığmasının oyununa baxmışam...

Müəllif: Etibar CƏBRAYILOĞLU - Mənbə: Reyting.az
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)


Geri qayıt