Əsas Səhifə > Şou-biznes > "Sənətçilər adətən istəmir ki, övladları onun yolunu davam etdirsin"

"Sənətçilər adətən istəmir ki, övladları onun yolunu davam etdirsin"


16-11-2023, 08:58
"Sənətçilər adətən istəmir ki, övladları onun yolunu davam etdirsin"
Əməkdar artist, tanınmış muğam ifaçısı Babək Niftəliyevin oğlu Mehdi Niftəliyev Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Uşaq İncəsənət Festivalında 1-ci yerə layiq görülüb.

Sevinc hisslərini Moderator.az-la bölüşən sənətçi hər zaman övladlarına dəstək olduğunu bildirib.

“Oğlum Mehdi Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbinin 5-ci sinfi şagirdidir. Uşaq İncəsənət festivalının 10-13 yaş arası kateqoriyasında vokal üzrə 1-ci yerə layiq görüldü. Buna görə də mən Bülbül adına orta ixtisas musiqi məktəbinin rektoru, xalq artisti Teymur Göyçayeva, müəllimləri Luiza və İradə xanıma təşəkkürlərimi bildirirəm. Mehdi həm də Bülbül vokal məktəbinə daxil olub. Əməkdar artist Ramil Qasımov onu hazırlayır. Mehdinin gələcəyinə inanıram. Uğurları bol olsun. Heydər Əliyev mərkəzində çox möhtəşəm qala konserti keçirildi. Hər kəsin çox xoşuna gəldi. Mehdi əməkdar artist Manana Çaparidze ilə birlikdə Müslüm Maqomayevin repertuarından “Azərbaycan” əsərini səsləndirdilər” deyə xanəndə bildirib.

Babək Niftəliyev bildirib ki, hər iki oğlu onun sənətini davam etdirir.

“Sənətçilər adətən istəmir ki, övladları onun yolunu davam etdirsin. Çünki çox çətin sənətdir. Həm çətindir, həm də şərəflidir. İstedadı varsa niyə də oxumasın?! İstedad, səs hər adama verilmir. Bu Allah vergisidir. Mən onlarda bu istedadı aşkar edəndən sonra istədim ki, ikisi də bu sənətdə olsun. Böyük oğlum Mehdinin səsi vokala uyğun gəldiyi üçün onu bu janra yönləndirdim. Ortancıl övladım isə milli musiqiyə həvəsi olduğu üçün onu xanəndəlik sinfinə qoydum. Buna görə çox xoşbəxtəm. Yolları daim açıq olsun. Onlara bir ata yox, sənətçi kimi də dəstək oluram. Övladlarıma səhnə, nitq mədəniyyətlərini aşılayıram. Konsert öncəsi necə hazırlaşmaq lazımdırsa onların hamısını izah edirəm. Bir növ təlim keçirəm. Həyat yoldaşım isə onların təlim-tərbiyəsi ilə məşğul olur” deyə sənətçi bildirib.

Geri qayıt