Əsas Səhifə > Şou-biznes > "Məni tanıyanlar bilirlər ki..."

"Məni tanıyanlar bilirlər ki..."


11-11-2023, 08:24
"Məni tanıyanlar bilirlər ki..."
Xalq artisti, Gənc Tamaşaçılar teatrının aparıcı aktrisası Naibə Allahverdiyeva Samir Salamın “Halal olsun sənə, əsgər” şeirini səsləndirib.

O bu haqda Moderator.az-a danışarkən bildirib ki, şeiri Azərbaycanın bütövlüyü, zəfəri uğrunda canlarından keçən şəhidlərə və qəhrəman övladlarımıza həsr edib.

“Bu içimdən gələn bir səs idi. Mən də istədim ki, zəfər gününə kiçik bir töhfəm olsun. Başda bizim Ali Baş Komandanımız, böyük liderimiz olmaqla bütün hərbçilər, qanları ilə tarix yazan şəhidlərimiz üçün bu şeiri səsləndirdim. Mən istəyirəm ki, şəhid ailələri, qazilərimiz unutmasın ki, hər an onların yanındayıq. Özlərini tək hiss etməsinlər. Bu zəfər bizə asan başa gəlməyib. Nə qədər igid övladlarımız şəhid oldu, canlarından, qanlarından keçdilər. Biz ömrümüz boyu onlara minnətdarıq. Mənə elə gəlir ki, bu zəfər bizim üçün unudulmaz bir bayramdır. Çünki ömür boyu torpaqlarımız düşmən tərəfindən zəbt olunub. Biz ömür boyu yadellilərin yürüşlərinə məruz qalmışıq. Şükürlər olsun ki, bu gün bütün Qarabağ işğaldan azad edilib” deyə aktrisa bildirib.

Xalq artisti bildirib ki, möhtəşəm zəfərimiz onda da yeni-yeni sənət arzuları yaradıb.
“Şəhid, qazi anası rollarını oynamaq mənim üçün böyük şərəf olardı. Mən belə düşünürəm ki, aktyor üçün obrazın hansı janrda, hansı səpkidə olmasının fərqi yoxdur. Biz insan həyatlarını, insan xarakterlərini səhnəyə gətiririk, onların yaşadıqlarını yaşayırıq. Məni tanıyanlar bilirlər ki, teatrda həm faciə, həm komediya, həm də tragikomedik janrlarda rol oynayıram. Mənim teatrda oynadığım rolların çoxu dramatik janrda olan obrazlardır” deyə xalq artisti bildirib.

Naibə Allahverdiyeva atası Cahid Hilaloğlunu da xatırlayıb.

“Atam Cahid Hilaloğlu 1956-cı ilin 28 mayında öz əlləriylə tikdiyi bayrağı Qız qalasından asıb. Buna görə 10 il sürgün edilib, əzablı günlər yaşayıb. Xalq düşməni kimi damğalanıb. Sürgündən qayıdandan sonra da öz amalından dönmədi. Azərbaycanın azadlığı arzusu ilə yaşadı. Dəfələrlə polislər tərəfindən döyülürdü, evə qan içində qayıdırdı. Mənə gülə-gülə deyirdi ki, qorxma ceyran bala, aslanı yaralayıblar. 1985- ci ildə Tiflisdə onunla gəzəndə deyirdi ki, zaman gələcək, Azərbaycan demokratik respublika olacaq. Mən sözün düzü onun bu sözlərinə inanmırdım. Həqiqətən də bu oldu. Allah ona rəhmət etsin. O torpağı çox sevirdi, bəlkə də mən vətəni bu cür sevməyi, vətənpərvərliyi ondan öyrənmişəm. Çünki hər zaman evimizdə belə söhbətlər gedirdi. Mən ondan bəhrələnmişəm” deyə sənətkar bildirib.

Geri qayıt