Əsas Səhifə > Şou-biznes > "İstər-istəməz notlar illər keçdikdən sonra saralır"
"İstər-istəməz notlar illər keçdikdən sonra saralır"31-10-2023, 08:23 |
“Azərbaycan musiqisi dünyada heç yerdə qəbul edilmir. Çünki Azərbaycanda yazılan musiqilər beynəlxalq standartlara cavab vermir”. Bunu Bakıda keçirilən Musiqi Forumunda Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib. Siyavuş Kərimi ölkədəki musiqi studiyaları məsələsinə toxunub: “Elementar bir şeyi deyim, Azərbaycanın himni İngiltərədə yazılıb. O 3 dəqiqəlik səsyazmaya görə Azərbaycan İngiltərəyə 200 000 funt sterlinq pul ödəyib. Məgər Azərbaycanda lazımi studiya yaradıb onu burada etmək olmaz? Biz studiyasız heç yerə çıxa bilmərik, bilməyəcəyik”. Qeyd edək ki, ölkədə Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi və onun tərkibində fəaliyyət göstərən musiqi kollektivləri var. Səsyazma Evinin rəhbəri əməkdar artist Ramil Qasımovdur. Bəs Siyavuş Kəriminin narahatlığı nə dərəcədə ciddidir? Nə demək, musiqimiz heç yerdə qəbul edilmir? Söhbət hansı beynəlxalq standartlardan gedir? Azərbaycanda lazımi studiyalar yaratmağa nə mane olur? Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə də Mədəniyyət Nazirliyinə müraciət edərək, keyfiyyətli səsyazma studiyasının yaradılmasını istəmişdi. “Dövlət tədbirlərində müraciət etdiyimiz, istifadə etdiyimiz musiqilərin səviyyəsi çox aşağıdır. Səbəb dövlət səviyyəsində səsyazma studiyamızın olmamasıdır. Belə studiya olsa, həmin musiqilər yenidən yazılar və yeni formatda səslənər. Əvvəllər belə studiyamız olub. Ona görə də keçmişdə lentə yazılan musiqilərin keyfiyyəti qənaətbəxşdir. Amma son illər tədbirlərdə, xüsusilə dövlət tədbirlərində səslənən musiqilərin səslənmə keyfiyyəti bizi qane etmir. Studiya yaradılsa, həmin musiqilər, mahnılar yenidən yazılar və daha səviyyəli şəkildə səsləndirilər. Bəstəkarlar İttifaqı olaraq, Mədəniyyət və Turizm Nazirliyindən dəstək istəyirik", - deyə Firəngiz Əlizadə qeyd etmişdi. DİA.AZ bildirir ki, mövzu ilə bağlı xalq artisti, “Şöhrət” ordenli bəstəkar Faiq Sücəddinov “Yeni Müsavat”a danışıb. Faiq Sücəddinov ilk öncə Bakıda keçirilən Musiqi Forumunu çox böyük dəyərləndirdiyini deyib: “Bu forumun əsas mahiyyəti ondan ibarət idi ki, problemləri açıb ortaya qoyurdular. Müəllimlər tədrislə bağlı, yaradıcı insanlar isə musiqi ilə bağlı öz problemlərinin dilə gətirirdi. Məsələn, müəllimlər deyirdi ki, məktəblərdə piano yoxdur. Pianosuz musiqini necə keçmək olar? Həmçinin musiqi ilə bağlı vəsait, notlar yoxdur. Adətən uşaqlar notları kserokopyadan çıxarırlar ki, bu da çox keyfiyyətsiz olur. Hansısa əsərlər var ki, 20-ci əsrdə yazılıb, bu gün onları çox çətinliklə tapırıq. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli qeyd etdi ki, Mədəniyyət Nazirliyində bir fond olmalıdır və həmin fond əsərləri almalıdır. Əvvəllər belə ənənə var idi, belə ki, əsərlər alınır, daha sonra orkestrə, ya da hansısa ansambla, xora həvalə olunurdu ki, ifa olunsun. Digər problemlərdən birini isə Siyavuş Kərimi müzakirəyə çıxardı, qeyd etdi ki, ölkədə lazımi səviyyədə səsyazma studiyası yoxdur. Qeyd edim ki, yaxşı keyfiyyətli səsyazma studiyasından əvvəl ölkədə yaxşı səs rejissorları olmalıdır, onları yetişdirməliyik. Əvvəllər bizim səs rejissorlarımızın əksəriyyəti bəstəkarlar idi. Onlar xarici ölkəyə gedərək, bunun məktəbini öyrənir, daha sonra vətənə geri qayıdaraq, onu tətbiq edirdilər. Bu bir sənətdir. Əlbəttə, yaxşı avadanlıq da olmalıdır, amma qeyd etdiyim kimi, ilk öncə yüksək səviyyəli səs rejissorları yetişdirməli, onları oxutdurmalıyıq. Azərbaycanda, Bakı şəhərində demək olar ki, böyük orkestr üçün studiya yoxdur. Ola bilsin ki, studiya var, amma lazımi avadanlığı yoxdur. Avadanlıqdan başqa səsyazma studiyasında mikrofonlar olmalı, həmçinin nöqtələr olmalıdır ki, hansı ifaçı harada oturmalıdır və sairə. Bu, böyük, nəhəng prosesdir və onu etmək lazımdır. Şəxsən mən bu yaxınlarda “Zəfər” simfonik poemasını yazmışam və onu çox çətinliklə səsyazma studiyasında “Youtube” üçün yazdırmışam. Ona görə ki, 100 il keçsə belə, əsərim “Youtube”də qalsın və bu əsəri axtarıb, dinləmək hər kəs üçün əlçatan olsun. Yəni not öz yerində, amma bunu səsləndirmək və studiyada yazdırmaq lazımdır. İstər-istəməz notlar illər keçdikdən sonra saralır, köhnəlir, amma onu yazdıranda ömürlük qalır. Beləliklə, son əsərimi çox çətinliklə yazdırdım. Çünki bütün xor eyni zamanda studiyaya girə bilmir, onların səsini eyni vaxtda yazmaq olmur. Ona görə də hər dəfə 4 və yaxud 5 nəfər olaraq, bu səsləri yazdıq. Amma avadanlıq olsaydı, bütün bunları cəmi 4-5 dəfəyə yazmaq olardı. Yəni təsəvvür edin, biri var ki, orkestr girsin, 4-5 dəfəyə səs yazılsın, biri də var ki, ifaçılar 2-3 nəfər olaraq girib, səsləri yazdırırlar. Bu, çox çətin prosesdir". Xalq artisti Gülyaz Məmmədova isə qeyd edib: “Hesab edirəm ki, Azərbaycanda keyfiyyətli, yaxşı səviyyəli səsyazma studiyaları var və mənim bununla bağlı heç vaxt çətinliyim olmayıb. Təbii ki, musiqilərimiz dünyada qəbul olunur. Hesab edirəm ki, xalq artisti Siyavuş Kəriminin bu narahatlığı əsasən orkestrlə bağlı səsyazmalarla bağlıdır. Əlbəttə ki, ciddi üslublu, orkestr musiqilərinin, böyük əsərlərin yazılması üçün çox keyfiyyətli, hər cür avadanlığa malik səsyazma studiyası tələb olunur. Bu baxımdan, Siyavuş Kəriminin fikirləri qəbul olunandır". Geri qayıt |