Əsas Səhifə > Şou-biznes > Yaqut Nəriman qətlində və Orxan Məmmədli intiharında təhlükəli Zaur Baxşəliyev sindromu…
Yaqut Nəriman qətlində və Orxan Məmmədli intiharında təhlükəli Zaur Baxşəliyev sindromu…18-10-2023, 10:54 |
Son günlər ərzində cəmiyyəyətdə ciddi rezonans doğuran və insan ölümü ilə nəticələn iki ciddi hadisə baş verib. Birincidə Yaqut Nəriman adlı xanım müğənni öz xalasıoğlu olan həyat yoldaşı tərəfindən qətlə yetirilib. İkinci hadisədə isə jurnalist Türkan Məmmədlinin həyat yoldaşı, iş adamı olduğu deyilən Orxan Məmmədli öz ofisində intihar edib. Hər iki hadisədə adları hallanan şəxslər cəmiyyətdə tanınan olduqları üçün, bu mövzular ətrafında müxtəlif versiyalar səslənməyə başlayıb. Çox maraqlıdır ki, artıq bu məsələlər peşəkar media və bəzi telekanallarda əndazəni aşan tərzdə, istintaq sirrinin yayılmasına məhəl qoyulmadan, ölən və öldürülənlərin ruhuna hörmət bəslənmədən müzakirəyə çıxarılır. Konkret fakta keçək. Zaur Baxşəliyev adlı teleaparıcı müəllifi olduğu verilişdə hər iki hadisənin qurbanları ilə bağlı mənəviyyatdan, qanunun tələblərindən uzaq olan mövqe sərgiləyib, bu yöndə olan müzakirələrin açılmasına birbaşa şərait yaradıb. Həyat yoldaşı tərəfindən öldürülən 38 yaşlı müğənni Yaqut Nərimanın nəşi hələ məzara qoyulmamış, efirə müğənni Əli Mirəliyevi qoşub, ondan hadisəyə münasibət öyrənib. Saçından-saqqalından, yaşından-başından utanmayan Əli Mirəliyev də gül ağzını açıb, faciəli şəkildə dünyasını dəyişən xanımın həyat tərzi, əxlaqı ilə bağlı lüzumsuz ifadələr işlədib. Zaur Baxşəliyev də reytinq xatirinə əxlaqdan, mənəviyyatdan uzaq olan və birbaşa hüquqi məsuliyyət yaradan həmin fikirləri verib efirə. Cəzasızlıq mühitindən istifadə edən və cəmiyyətin sərt təpkisini görməyən Zaur Baxşəliyev fəaliyyətini eyni qaydada Orxan Məmmədlinin olümü ilə bağlı da davam etdirib. Bu dəfə efirə ABŞ-da yaşayan Meiza adlı bir xanımı qoşub. O deyib ki, bəs Orxan bir evli xanımı sevib və xanımın əri bundan xəbər tutduğu üçün, iş adamı intihar yolunu seçib. Sual olunur: Zaur Baxşəliyev niyə bu mövzuda özünə ekspert kimi məhz Meizanı seçib? Meiza ABŞ-da otura-otura burada nəyin baş verdiyini haradan bilir? Onun bu açıqlaması istintaqın gedişinə birbaşa mane ola bilərsə, niyə aparıcı Zaur barədə hüquqi ölçü götürülmür? Bəs Audiovizual Şura hara baxır? Bir sözlə, suallar çoxdur. Mən Meizanın kim olduğunu araşdırdım. Əsl adı Mahizər olan bu xanım uzun illərdi ki, ABŞ-da yaşayır. Həmin ölkədə özü ilə eynicinsdən olan bir xanımla rəsmən ailə qurub. Bunu həm də gizlətmir, açıq da etiraf edir. Xanımın əsas məşğuliyyətlərindən biri də kazinolarda qumar oynamaqdır. Yəqin ki, qeyd etdiyim bu detalları Meiza xanımın özü də inkar etməz. Çox maraqlıdır, Zaur Baxşəliyev niyə məhz bu xanımı özünə ekspert seçərək, həssas bir mövzu ətrafında danışdırır? Axı bu adam kriminalistika, ailə məişət məsələləri üzrə ekspert deyil. Hər iki faciənin qurbanlarının ailəsində kifayət qədər tanınan jurnalistlər var. Yaqut Nərimanın bacısı Şəlalə İsgəndərova, Orxan Məmmədlinin isə həyat yoldaşı Turkan Məmmədli təcrübəli həmkarlarımızdandır. Təcili şəkildə bu məsələ ilə bağlı əlaqədar qurumlara şikayət ünvanlasınlar ki, reytinq güdənlərin fəaliyyəti gələcək üçün pis presedent yaratmış olmasın. Tədbir görülməsə, onlar da Zaur Baxşəliyevin fəaliyyəti, şəxsi həyatı barədə istənilən tərzdə danışmaq istəyənlərdən müsahibə alıb tirajlasınlar. Əminəm ki, bu yöndə açıq şəkildə öz adı ilə müsahibə vermək istəyən yüzlərlə adam ortaya çıxacaq. Bəlkə bundan sonra teleaparıcı nə etdiyinin fərqinə varmış olar… Məhəmmədəli Qəribli AZİNFORUM.AZ Geri qayıt |