Əsas Səhifə > Şou-biznes > "Onların Nairuhi Alaverdyan adlı bir müğənniləri var idi, Xankəndində doğulmuşdu..."

"Onların Nairuhi Alaverdyan adlı bir müğənniləri var idi, Xankəndində doğulmuşdu..."


17-10-2023, 09:31
"Onların Nairuhi Alaverdyan adlı bir müğənniləri var idi, Xankəndində doğulmuşdu..."
“Sevincimin həddi-hüdudu yoxdur. Mənim həmkarlarım Roza Tağıyeva, Solmaz Həmzəyeva əslən Qarabağdandırlar.

Prezidentin çıxışına qulaq asa-asa dərhal bir-birimizə zəng vururduq.. Ağlayırdıq, gülürdük, həyəcanlanırdıq.. Elə bilirdik ki, ağlımız başımızdan çıxıb. Əlbəttə ki, bunlar sevinc hissləri idi. Biz-Roza da, Solmaz da, mən də dərdli insanlarıq, övladımızla bağlı bizi sakit buraxmayan o hisslər bu sevincin qabağında yadımızdan çıxdı. Çox böyük qürur, sevinc hissi keçirdik. Bunu sözlə ifadə edə bilmirəm. Sizinlə danışıram səsim titrəyir. Başqa cür ola da bilməzdi. Biz o anlarda özümüzü prezidentin yanında hiss edirdik. Bir böyük bacı kimi, ana kimi onu qucaqlayıb bağrımıza basmaq istəyirdik. Bir də axı biz ulu öndərin yaxından tanıdığı insanlarıq. O bizə qarşı çox diqqətli idi. Biz də onu çox istəyirdik. Prezidentin çıxışına baxa-baxa qürur hissi keçirirdik ki, o cür atanın belə övladı olmalı idi. Bütün xalqımızı ürəkdən təbrik edirəm. Mən çox şadam ki, cənab prezidentimiz üçrəngli bayrağımızı Xankəndidə dalğalandırdı. İnsanlarımızın üzü nəhayət ki, güldü. Biz 44 günlük qələbəmizə çox sevinirdik, amma ürəyimizdə bir az nisgil var idi. Nə Xankəndini, nə də Xocalını işğaldan azad etmişdik. Axıra qədər getmək istəyirdik. Sonunda biz buna nail olduq”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a özəl açıqlamasında məşhur diktor, xalq artisti Şərqiyyə Hüseynova deyib. O daha sonra ermənilərin Azərbaycanda yaşadıqları illəri xatırlayıb.

“Gənclik illərimdə Şuşada da, Xankəndidə də olmuşam. O torpaqlar Roza Tağıyevanın, Solmaz Həmzəyevanın vətənidir. Oralar çox gözəldir. Səliqəli şəhər idi. Cənab prezident İlham Əliyev də çıxışında dedi ki, Azərbaycanlılarla ermənilər o vaxt çox mehriban yaşayırdılar. Mən şəxsən o mehribanlığın şahidi olmuşam. Çox yaxşı münasibətdə olublar. Bizim ürəyimizdə onlara həqiqətən isti münasibət olub, amma onları bilmək olmurdu. Ermənilər Azərbaycanın bütün şəhərlərində çox böyük vəzifədə çalışıblar. Yaxşı da yaşayıblar. Şuşada da, Xankəndində də bir-biri ilə kirvə olublar. Onların Nairuhi Alaverdyan adlı bir müğənniləri var idi, Xankəndində doğulmuşdu. Ona Azərbaycanın xalq artisti fəxri adı verilmişdi. Burada Tofiq Əhmmədovun başçılıq etdiyi estrada orkestrində Eduard Qazarov adlı erməni musiqiçi var idi. Bakıda yağın-balın içində yaşayırdı, amma bu hadisələr başlayan kimi ölkəmizə qarşı təşkil edilən mitinqlərdə iştirak edib, axmaq-axmaq fikirlər səsləndirirdi. Erməni xalqında bu var idi. Biruzə verməsələr də hər zaman bizə qarşı içlərində böyük kin olub. Bizim dövlət televiziyamızda həftədə iki dəfə erməni dilində veriliş gedirdi. Bir sözlə onlar cəmiyyətə inteqrasiya olub yaşayırdılar” deyə əfsanəvi diktor söyləyib.

Geri qayıt