Əsas Səhifə > Şou-biznes > “Oxuya bilsəm belə o torpaqlarda sevinc göz yaşlarım buna imkan verməzdi”
“Oxuya bilsəm belə o torpaqlarda sevinc göz yaşlarım buna imkan verməzdi”16-10-2023, 05:52 |
“Cənab prezidentin bu gün Xankəndidə, Ağdərədə, Sərsəng su anbarının ərazisində Dövlət Bayrağımızı ucaltmağı həqiqətən də tarixi bir hadisədir. Deyərdim ki, tarix kitabları hələ beləsini görməyib. Onun kimi sərkərdələr dünyaya yüz ildə bir dəfə gəlir. Dünyada elə lider yoxdur ki, biz prezidentimizi onunla müqayisə edək. O həqiqətən də müqayisə olunmaz bir şəxsiyyətdir. Ali Baş Komandan İlham Əliyev özünün də dediyi kimi ata vəsiyyətini yerinə yetirdi. Bilirsiniz ki, bu il ulu öndər Heydər Əliyevin 100 illik yubileyidir. Ulu öndərin bu gün ruhu da şaddır” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Elmira Rəhimova deyib. O daha sonra əlavə edib. “Hazırda cənab prezidentin Xankəndidən xalqa müraciəti yayımlanır. O həmişə bir söz deyirdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Həqiqətən də o hər şeyi hamıdan gözəl bilir. Prezidentin bu çıxışı mənə 44 günlük müharibədən sonra zəfər günü etdiyi çıxışı xatırlatdı. İnanın o illər, günlər yadıma düşdü. Sevincimdən kədərləndiyim, həyəcanlandığım, köks ötürdüyüm günləri xatırladım. Kədərləndiyimiz təkcə şəhidlərimizə, qazilərimizə görədir. Allah xalqımıza gözəl, toylu-büsatlı günlər bəxş etsin. Ölkəmizin gözəl günləri hələ qarşıdadır. İnanın Allaha, bu gözəllikləri görəndə xəstəliyimi də unuduram” deyə sənətkar bildirib. Sənətkar xəstəliyi ilə bağlı hələ də Şuşaya gedə bilmədiyini bildirib. “Mən Xankəndidə də, Şuşada da, digər işğaldan azad olunmuş torpaqlarımızda da illər öncə olmuşam. Bilirsiniz ki, Xankəndi şəhərini bizim görkəmli sənətkarımız Xan Şuşinskinin ulu babası Pənahəli xan Cavanşir öz şəninə saldırıb. Xəstəliyimlə əlaqədar indi gedə bilmirəm. İnanıram ki, sağalıb yenidən oralara ayaq basacam. Vətənimin şəninə, qəhrəman övladlarına, gözəlliklərinə nəğmələr oxumuşam. İndi oxuya bilməsəm də o torpaqlara ayaq basmağım kifayət edər. Oxuya bilsəm belə o torpaqlarda sevinc göz yaşlarım buna imkan verməzdi. Çünki o torpaqlara ayaq basanda kövrəlməmək mümkün deyil. Allah qismət etsin. Ölkəmizlə fərəhlənirəm, qürur duyuram” deyə sənətkar bildirib. Sevilən xalq artisti daim dövlətin dəstəyini hiss etdiyini bildirib. “Mən həm Heydər Əliyevdən, həm də cənab prezidentimiz İlham Əliyevdən böyük diqqət və qayğı görmüşəm. Bu qayğını, bu sevgini bu gün də hiss edirəm. Heç bir dünya ölkəsində sənətkara bu qədər diqqət yoxdur. Biz sənətkarları da bu yaşadır. Buna görə bir daha cənab prezidentə, vitse prezidentimiz Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm” deyə sənətkar bildirib. Geri qayıt |