Əsas Səhifə > Şou-biznes > “300 min manat kredit götürüb film çəkdim”
“300 min manat kredit götürüb film çəkdim”12-10-2023, 10:12 |
Gənc rejissor Səməd Ağayev Teleqraf.com-un suallarını cavablandırıb. DİA.AZ onunla müsahibəni təqdim edir: - Səməd bəy, “Salam, İsa” qısa filminiz Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu tərəfindən keçirilən MDB ölkələrinin beynəlxalq tələbə film festivalında “Ən yaxşı bədii film” nominasiyasında qalib olub. Təbrik edirik. Film nədən bəhs edir? - Film belə başlayır: İsa valideynlərinin qəbrini ziyarət edir. Qərara gəlir ki, gecə ata evində qalıb səhəri gün Bakıya qayıtsın. Səhər oyananda görür ki, ata-anası da, hətta bir neçə il əvvəl dünyasını dəyişən dostu da sağdır. Bu durumda necə hərəkət edəcəyini, nəyin həqiqət, nəyin xəyal olduğunu müəyyənləşdirə bilmir. Film haqda bu qədər danışa bilərəm, qalanını tamaşaçı özü görəcək... - Daha öncə neçə film çəkmisiniz? - "Köz təndir" adlı sənədli filmimi 2019-cu ildə çəkmişəm. Daha bir sənədli filmim də var, amma heç yerdə nümayiş etdirməmişəm. Montajı bitməyən bədii filmim var. Ola bilsin, yenə filmim var, açığı yadımda deyil. - Çəkdiyiniz filmi necə unutmaq olar? - İnanın ki, insanın həyatında bəzən elə hadisələr baş verir ki, çox şeyi unudur. Yəni mümkündür... - Rejissor təhsili alırsınız? - Birinci ali təhsilim riyaziyyat üzrədir, ikinci ali təhsilim isə rejissorluqdur. 2019-cu ildən 2023-cü ilə Mədəniyyət və İncəsənət Universitetində təhsil aldım, bu il məzum oldum, filmlərimi də 2019 -cu ildən çəkirəm, "Salam, İsa" mənim diplom işimdir. Bu yaxınlarda yeni sənədli filmin çəkilişlərinə başlayacam. Janr olaraq sənədli film mənə daha yaxındır. - Niyə? - Çünki sənədli film daha çox həqiqəti və həqiqəti də çılpaqlığı ilə göstərmək gücünə malikdir. - Bu, “Salam, İsa”nın qatıldığı ilk festivaldır? - Bəli. Müəllimimiz Elnur Mehdiyev mənimlə bir neçə yoldaşımı çağırdı və bu festival barədə məlumat verdi. Ora 8 film göndərilmişdi. Festivala Azərbaycandan iki sənədli, bir bədii film seçilmişdi. Biri Nicat Qulamın "Ata haqqı" filmi, digəri isə Ramal Maçanovun "Qolbol" filmi idi. “Ata haqqı” çox gözəl filmdir, amma təəssüf ki, o kateqoriyada da onu deyil, erməni filmini qalib etdilər. "Qolbol" isə jürinin diplomunu aldı. Festivalın yarışma proqramında 8 ölkədən 43 film yarışırdı. Festivallar əlaqələr qurmaq baxımından çox əhəmiyyətli platformadır. Ora gedib xairic ölkələrdən gələn, müxtəlif mədəniyyəti, dünyagörüşü təmsil edən insanlarla tanış olmaq, çəkdiklərini izləmək, onlarla fikir mübadiləsi aparmaq fürsəti yaranır. Festivalda filmlərin 80 faizinə baxdım. Düşünürdüm ki, filmi finala çıxa bilər, amma qalib olacağı barədə düşünmürdüm. - Mükafatınızı dünyada məşhur rejissor olan Emir Kusturiçadan almısınız. O an nələr yaşandı? - Festivalda Kusturiçanın ustad dərsi oldu, Rusiyanın müxtəlif universitetlərindən gənclər gəlib onu izləyirdilər. Zal dolu idi. Qalib gəldiyimi deyəndə həyəcanlandım, səhnəyə çıxıb Kusturiçanın əlindən mükafatı alanda sevincimin həddi-hüdudu yox idi, mükafatı alıb təşəkkür etdim. Çıxış edəndə o qədər həyəcanlıydım ki, Kusturiçanın hələ də səhnədə olduğunu unutmuşdum. Qayıdıb yerimdə oturanda dostum dedi ki, Kusturiça səhnədə olanda sən ona əhəmiyyət vermədin. Yəni çıxışımın sonuna qədər orda olduğunun, mənimlə bərabər səhnədən düşdüyünün fərqinə varmamışam. Bu filmi çox böyük əziyyətlə çəkmişəm. 3000 manat kreditə pul götürmüşdüm. Texniki olaraq istədiyim nəticəni əldə etmək üçün komanda demək olar ki, qəpik-quruşa işləyib. İki günə çəkilməli olan film 19 saata çəkilib. Bunun üçün ön məşqlər etmişdik. Çox əziyyət çəkmişdik. Əsas odur ki, filmi çəkdik və indi əziyyətimizin qarşılığını bu formada görəndə insan çox qürurlanır. Geri qayıt |