Əsas Səhifə > Şou-biznes > “Təəssüf ki, o çox gənc yaşında şəhidlik zirvəsinə ucaldı, hazırda da əsgər olan tələbələrim var”
“Təəssüf ki, o çox gənc yaşında şəhidlik zirvəsinə ucaldı, hazırda da əsgər olan tələbələrim var”30-09-2023, 10:51 |
“Tələbəm Zəbiyulla Məmmədov 2020-ci ildə Ağdərə-Tərtər istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Xalq bütün şəhidlərini tanımalıdır. Mən də səhifəmdə öz tələbəmi, şəhidimi paylaşdım. Musiqiçi idi, tar alətində ifa edirdi. Mənim sinfimdə dərs alıb. Bilirsiniz ki, mən Asəf Zeynallı adına musiqi məktəbində muğam dərsini tədris edirəm. Çox sakit, tərbiyəli uşaq idi. Başqa tələbələrimdən çox fərqlənirdi. Mənim ümumiyyətlə tələbələrim hər zaman çox seçilib. Bunu bilənlər bilir. Zəbiyulla isə tam başqa bir övlad idi. Hətta gəlirdi, deyirdi ki, müəllim mən tez gəlmişəm, olarmı dərsimi keçəsiz, o biri dərslərə də getməliyəm. Çox məsuliyyətli uşaq idi. Təəssüf edirəm ki, o gənc yaşında şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət etsin. Hal-hazırda da əsgər olan tələbələrim var. Tez-tez mənimlə əlaqə saxlayırlar. 2020-ci ildə Şuşa uğrunda döyüşlərdə iştirak edən bir tələbəm də var. O hazırda Mədəniyyət və İncəsənət universitetində təhsil alır. Lokal antiterror əməliyyatlarında iştirak edən tələbələrim də var idi. Narahat idim, valideynləri ilə tez-tez əlaqə saxlayırdım. Sonda özü mənə zəng edib dedi ki, müəllim hər şey yaxşıdır. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə şəfa diləyirəm” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış tarzən Humay Qədimova deyib. O daha sonra tələbələrindən danışıb. “Mən özüm də tələbə olmuşam. Çalışmışam ki, müəllimimin öyrətdiyi muğamlardan kənara çıxmayım. Bu gün elə tələbələrim var ki, mənimlə çiyin-çiyinə müəllim kimi çalışırlar. Müəyyən bir yaşdan sonra insanın öz dəst-xətti, yaradıcılığı olur. Əsas odur ki, muğamın sütununu dəqiq bilib, öyrənsinlər. Onlar məndən öyrəndikləri muğamı o tərzdə də öz tələbələrinə aşılayırlar. Heç vaxt bayağılığa qaçmırlar. Bayağılıqla qabağa getmək uzunömürlü olmaz. Adlarından da məlumdur ki, bayağı müğənnilər. Mən düşünmürəm ki, onlar Azərbaycan mədəniyyətinə dərindən xidmət edirlər” deyə sənətçi bildirib. Humay Qədimova məşhur türk sənətçiləri ilə tərəf müqabili olmasından da danışıb. “İstər Tarkanla, istər Rafet el Romanla, istər Sərdar Ortacla, istərsə də Kibariyə ilə o qədər gözəl, isti münasibətimiz olub ki. Hətta konsertdən sonra onlarla birlikdə şam yeməyinə də dəvət almışam. Biz qardaş ölkəyik. Onlardan özümə qarşı qeyri-səmimi münasibət görməmişəm. Heç biri çətin adam deyil. Əgər yaxşı münasibət olmasaydı hər kəs çıxıb öz işinin arxasınca gedərdi, şam yeməyinə gəlməzdilər. Deməyiblər ki, mən meqastaram, mən ulduzam. Səhnədə yaxud məşq prossesində ulduzluq olmamalıdır. Söhbət əsl musiqiçidən gedir. Yeni layihələrim olacaq, sadəcə indiki durumda zamanı gözləmək lazımdır. Çünki yeni şəhidlər vermişik” deyə Humay Qədimova deyib. Geri qayıt |