Əsas Səhifə > Şou-biznes > “İstanbul Konvensiyası qadınlarımızı qoruyurdu, amma hökumət sənədi rədd etdi”
“İstanbul Konvensiyası qadınlarımızı qoruyurdu, amma hökumət sənədi rədd etdi”24-09-2023, 08:51 |
İstanbulda tanınmış xanım aparıcı, jurnalist Tuba Atavla görüşəcəyimi öyrənəndə çox şad oldum. Tuba xanımı vaxtiylə Türkiyənin “Show TV”, “Habertürk TV” kanallarından izləmişdim, başqa media orqanlarında da təcrübəsi olduğunu bilirdim, onunla söhbət maraqlı olacaqdı. Tuba Atav fəaliyyətinə 1991-ci ildə Anadolu Agentliyində (AA) müxbir kimi başlayıb. 1996-cı ildə “Star TV”-də beynəlxalq əlaqələr, diplomatiya, siyasət sahəsinin müxbiri kimi davam edib. Daha sonra “Kanal 6”-da televiziyanın Ankara təmsilçisi üzrə müxbir, ardınca ATV-də eyni vəzifədə işini davam etdirib. Türkiyənin “Yeni Aktüel”, “Takvim” qəzetlərində müxbirlk edib. “Doğruya doğru” verilişinin müəllifi və aparıcısı kimi 2008-ci ildə “Show TV”-də yenidən ekranlara qayıdıb. 2010-cu ildə kanalın Xəbər Proqramları Departamentinin rəhbəri vəzifəsini icra edib. Ardınca “Skytürk 360” telekanalının əsas xəbər proqramının, daha sonra yenidən “Show TV”-yə dönərək həftəsonu xəbərlərinin aparıcısı olub. Eyni zamanda “Skytürk 360” kanalında “Doğruya Doğru” müəllif verilişini də təqdim edib. 2015-ci ildə “Habertürk TV” kanalında işini davam etdirib, “Gün başlıyor” verilişinin aparıcısı kimi ekrana çıxıb. 2018-ci ildə “Demirören” Xəbər Agentliyində (DHA) müdir müavini, kanalın Ankara təmsilçisi olub. 2020-ci ilin 9 martından eyni missiyanı “Haber Global TV”-də üzərinə götürüb. Hazırda kanalın Xəbər Proqramları Departamentinin rəhbəri vəzifəsində fəaliyyətini davam etdirir. Beləliklə: - Tuba xanım, Türkiyədə media qadını olmaq asandırmı? - Qadının yaradılışından cəmiyyətdəki yükü həmişə ağır olub. İstər ailədə, istər sosial həyatda onun üzərinə düşən vəzifələr əsrlər boyu azalmayıb. İş həyatına atılan qadınların qarşısındakı maneələr də həmişə olub, kişilərlə müqayisədə onlar daha çox əngəl aşmalıdırlar. Cəmiyyətdə qadınların hər sahədə uğur qazana bilməsi düşüncəsi hələ də hökm sürür. Halbuki, istək və peşəyə sevgi olduqdan sonra cinsiyyətin fərqi yoxdur. Dünyanı gəzib görmüş biri kimi deyə bilərəm ki, dünyanın hər yerində - Afrikada da, Avropada da, Amerikada da qadınlara baxış təqribən eynidir. Qadınların iş yerlərində kişilərə nisbətən az sayda olması, eyni işləri görənlər arasında maaş fərqi, bir çox ayrıseçkilik, təəssüf ki, hələ də mövcuddur. Eləcə də, mediada bir qadın olaraq fəaliyyət göstərmək də böyük məsuliyyət tələb edir. Hələ ailəsi olan xanımların mediada özünə hədəf seçməsi, peşəsini istədiyi kimi icra etməsi əzmkarlıq istəyir. Türkiyədə hazırda media insanı olmaq, peşəkar sahədə özünü sınamaq həm qadın, həm də kişi üçün deyərdim ki, bərabər cəsarət, əmək tələb edir. Məncə, mediada da bu mənada baxış eyni olsa, cinsindən asılı olmayaraq hər kəs öz işini layiqincə görər. - Siz peşəkar TV siması, media nümayəndəsisiniz. Bu mövqeyə gələnədək sizin də çətinliyiniz olub? - Əlbəttə. Elə öz təcrübəmdən misal çəkmək istəyirəm. Mən müxbirlikdən başlamışam. Ötən əsrin 90-cı illərində bu günlə müqayisədə bir xanımın müxbir işləməsi daha çox fədakarlıq tələb edirdi. Bu mənada qadın kimi çətinliklərim çox olub. İstənilən vaxtda işlə bağlı çağırışa getmək, baş verən hadisə yerinə gecəsindən, gündüz saatından asılı olmayaraq yetişmək bir qadın üçün heç də asan deyildi. Bizim peşəmizin iş saatı, tətil saatı yoxdur, bilirsiz. Otuz iki ildir ki, bu işi görürüəm, hər zaman özümü qadın cinsindən işçi kimi görməmişəm. Mənim məsləkdaşlarım da hər zaman bu qənaətdə olub. Məni qadın yox, bir insan olaraq görüblər. İstər fəaliyyətimin müxbirlik, xəbər proqramı aparıcısı, qəzet yazarlığı mərhələsi olsun, hər zaman bu belə olub. Bilirsiz, burada bir məqam da var, bənzər düşüncələrə sahib dostlarla, həmkarlarla işləmək də adamın işini asanlaşdırır. Sözsüz, iş həyatında ailədən gələn tərbiyə, dəyərlərin təbliği də qadına münasibətdə rol oynayır. Hazırda fəaliyyət göstərdiyim televiziya kanalında da dediyim məsələlər hər zaman diqqətdə saxlanılır, istər qadın, istərsə də kişi işçiyə münasibət bərabərdir. - Bəs ümumilikdə götürsək, Türkiyədə qadın hüquqlarının vəziyyəti necədir? Sizdə də qadın cinayətləri, erkən nikahlar kimi əzəli problemlər davam edir… - Təəssüf ki, Türkiyədə qadınların vəziyyəti ürəkaçan deyil. Doğrudur, illərdir, bir çox dövlət qurumları, hökumət qadınların haqlarının qorunması yolunda islahatlar aparır, cüzi də olsa layihələrin hesabına effektiv nəticələr var, amma mərkəzdən uzaqda, hələ də ailələrdə doğulan qız uşaqları gələcəkdə valideyn üçün artıq yük kimi görünür. Qızların təhsilə cəlb olunması, oğlan uşaqları ilə bərabər qayğı, diqqət görməsində ayrı-seçkilik davam edir. Türkiyənin cənub-şərqində, şərq bölgəsində qız uşaqları hələ də erkən yaşlarında ərə verilir. Hələ də çox insan anlamaq istəmir ki, bir kənddən bir qızın oxuması, hansısa elmə yiyələnməsi tək elə o kənddə nə qədər dəyişiklik edə bilər. Bu, başqa ailələrə nümunə, motivasiya qaynağıdır. Düşüncələri dəyişmək üçün bundan gözəl yol görmürəm. Uzun illərin təcrübəsinə dayanaraq əminliklə deyə bilərəm ki, qız uşaqları əzmkar olurlar, hədəflərini dəqiq seçirlər. Oğlan uşaqlarına çox şey hazır təqdim edildiyi üçün qızlar əvvəldən fədakarlığı nəzərə alırlar. Bu gün dünya üzrə qadınların öz hüquqları uğrunda mübarizələrinin şahidi oluruq. Pozitiv diskriminasiya məsələsinə də doğru baxmıram, bizim istədiyimiz qadınların daha yüksək yerlərə qoyulması deyil, sadəcə onların sosial hüquqlarının təmin olunması və tanınmasıdır. İki cins arasında bərabər imkanların yaradılmasıdır. Bu gün Türkiyədə qadın hüquqlarını müdafiə edən çox sayda qruplaşmalar, təşkilatlar var. Onların səsini daha çox 8 martda eşitmək olur, hökumətin bəzi qadağalarına baxmayaraq, etiraz və tələblərini səsləndirirlər. Əslində, haqqını tələb edənlərə həmişə qəribə baxırlar. Amma bir daha vurğulayıram ki, qadın olduğumuz üçün bizə sərt şərtlər qoyulmasın, bu, bizim üçün yetərlidir. - Yeri gəlmişkən, Türkiyənin İstanbul Konvensiyasından çıxması məsələsinə də münasibətiniz maraqlıdır… - “İstanbul sözləşməsi qadınları yaşadır”, - biz belə deyirik. Bu sənəd bütün qadınların şikayətlərinin təmin olunmasında əsas rol oynayırdı. Dövlət qurumlarında qadın hüquqlarının müdafiə edilməsində mexanizmə dəstək verirdi. Konvensiya cəmiyyətdəki neqativ ənənələrə də qarşı çıxırdı. Misal üçün, 18 yaşdan kiçik qızlarla evlənmək məsələsi qanunla qadağa olunsa da, bu hallar baş verirdi, amma konvensiyanın tələbinə görə sərt addımlar atılırdı. Təəssüf ki, İstanbulda qəbul edilən, bəndbəbənd burada hazırlanan sözləşmə bir anın içində, deyərdim ki, qadınlarımız üçün əhəmiyyətini itirdi - Türkiyə konvensiyadan imtina etdi. Bu qərarın tələsik, bir anda, hətta bir gecədə olması bizi də çox təəccübləndirdi. Mühafizəkar kəsimin konvensiyanın bəzi şərtlərinə qarşı xeyli vaxt idi ki, etirazları vardı, nəticə olaraq onların dediyi oldu. Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə” haqqında Konvensiyası İstanbulda qəbul edildiyi üçün İstanbul Konvensiya kimi adlanır. 2011-ci il mayın 11-də İstanbulda imzalanan insan hüquqları müqaviləsi hesab olunur. Konvensiya qadınlara qarşı zorakılığın qarşısının alınması, qurbanların qorunması və cinayətkarların cəzasızlığına son qoymağı, gender bərabərliyinin təminatını hədəfləyir. 2012-ci il 12 martda Türkiyə konvensiyanı təsdiqləyən, qəbul edən ilk ölkə oldu. Ardınca 2013-2019-cu illərdə 45 ölkə və Avropa İttifaqı tərəfindən sənəd imzalandı və 34 ölkə tərəfindən ratifikasiya edildi. Azərbaycan isə indiyə qədər bu sənədi imzalamayıb. 2021-ci il 20 martda Türkiyə Prezidentinin qərarı ilə ölkə konvensiyadan çıxdığını bəyan edib. Hökumətin sürpriz çıxma səbəbinə Türkiyə hökuməti belə şərh vermişdi: “Qadın haqq və hüquqlarını qorumaq üçün kənardan yardıma ehtiyacımız yoxdur. Dövlətimiz adət, ənənə və qanunlarımızla qadın hüquqlarını qorumağa yertərli gücə sahibdir”. - İstanbul konvensiyasına “yox” deyən Türkiyə nə itirdi? - Təbii ki, bu, yenidən problemlərimizi bir az da artırdı. Sosial, məişət zəminində qadın cinayətləri xeyli artdı, əvvəllər də vardı, mediada da bu barədə tez-tez xəbərlər eşidirik - bu, hələ aşkar olunan xəbərlərdir. İndi qadınları cinsi zorakılıqdan qorumaq yenidən çətinləşib, evdə, küçədə, uşaqlarının gözü qarşısında qadına zorakılıq etmək adiləşib. Ən pisi də odur ki, cəzasızlıqdan zorakılıqdan cəsarət alanlar çoxalıb. Qadına qarşı psixoloji təzyiqlər, döyülmə faktları, bəzən şikayətlərə etinasızlıq nəticəsində cinayətlərin baş verməsi üzücüdür. - İstanbul Konevnsiyasının yenidən bərpası mümkündürmü? Ümid varmı? - Yenidən bu sənədin qəbul olmasına ümidlə yanaşıram və çox arzu edirəm ki, bu yalnış düzəldilsin. Konvensiyaya əməl olunduğu vaxtda əldə edilən effektiv nəticələr vardı. Düşünürəm ki, bunlara yenidən baxılmalı, qiymət verilməlidir. Misal üçün, kişi zorakılığından qadını qoruyan uzaqlaşdırma qərarı (qeyd: Azərbaycanda bu sənədə “mühafizə orderi” deyilir) indi daha tez verilir. Qadının şikayəti daha tez təmin olunur. Son illər təbliğ olunurdu ki, qadın ilə kişi arasındakı problem məişət zəminində baş verən, tək ər-arvad məsələsi deyil, bu, insan haqları məsələsidir. Bu yanaşma çoxunu zorakılıq törətməkdən çəkindirirdi. Doğrudur, Türkiyədə hazırda Ailə və Sosial Xidmətlər Nazirliyi (Aile ve Sosyal Hizmetler Bakanlığı) və digər qurumlar problemlə bağlı həllərə çalışır, amma qadına qarşı zorakılıqla mübarizə məsələsi əsas prioritet olmalı, hətta bu məsələ ilə bağlı ölkəni kənd-kənd, bögə-bölgə gəzərək məlumat verilməlidirlər. Necə ki, qadınlara doğuma nəzarət, peyvənd kimi konsultasiyalar verilir, o cümlədən də, bu məsələ də diqqətdə olmalıdır. Mənim belə təklifim var: ailədən başlayan bu münasibətlər, oğlan uşaqlarına hərbi xidmətdə olan zaman da öyrədilməlidir. Kişinin qadına, eləcə də qadının kişiyə davranış məsələləri zamanında aşılansa, həyatın digər mərhələsində zorakılıq kimi fəsadlar ortaya çıxmaz. - Zorakılıq qurbanlarının qorunması üçün Azərbayanda da az sayda olsa da, sığınacaqlar var. Sizcə, sığınacaq sayını artırmaq doğrudur? Çoxu bunu zorakılığın artacağına səbəb kimi görür. - Bəli, sığınacaqlar ehtiyac varsa, olmalıdır, zorakılıq qurbanlarının müdafiəsi üçün mütləqdir. Bir məqam var, sığınacaqların artırılması, qadınları gücləndirməz, amma onları əzilməkdən qoruyar. Hökumət bu mənada qarşı cinsdən zərər görənlərə sahib çıxmalıdır, onların övladları varsa, onlara da psixoloji dəstək verməlidir. Belə qadınların müstəqil yaşaması və iqtisadi asılılıqdan qurtulması üçün dəstək (peşə öyrədilməli, təhsil, təlim kimi) verməlidir. Hüquqi dəstəyin verilməsi də vacib məsələdir. Müəllif: Raminə Eyvazqızı AYNA Geri qayıt |