Əsas Səhifə > Şou-biznes > "Nisə xanımın üzərində əziyyətlərim, əməyim çox böyük olub"
"Nisə xanımın üzərində əziyyətlərim, əməyim çox böyük olub"20-09-2023, 09:19 |
“Məndən “Xoş gəldim” verilişində soruşdular ki, “Lalə qızlar” ansamblından sizi kimlər yada salmır? Dedim ki, hamı yada salır, amma Nisə xanımdan başqa. Hətta başqa verilişlərdə Nisə xanımdan soruşublar ki, siz “Lalə qızlar” dan sənət fəaliyyətinizə başlamısız? Amma o bu sualın üstündən keçib. Nisə xanımın üzərində əziyyətlərim, əməyim çox böyük olub” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib. O daha sonra əlavə edib. “Nisə xanımı Ələkbər Tağıyevin yanına Zeynəb Xanlarovanın xahişi ilə mən aparmışam. Zeynəb xanım mənə zəng edib dedi ki, o dağlı qızıdır? Dedim ki, hə. Xahiş etdi ki, onu mən Ələkbər Tağıyevin yanına gətirim. Öz əllərimlə onu Ələkbər Tağıyevin yanına aparmışam. Zeynəb xanım Ələkbər Tağıyevə dedi ki, bundan sonra mən nə mahnısı oxusam, o mahnıları sonradan verin Nisə xanım oxusun. Bu dediklərim haqdır, öz qulağımla eşitmişəm. Nisə xanımı əslinə qalanda bizdən Ələkbər Tağıyev ayırdı. Bizim konsertimiz oldu. O aparıcıdan təkid etdi ki, indi də təqdim edin ki, oxuyur Ələkbər Tağıyevin yetişdirdiyi müğənni Nisə Qasımova. Ələkbər Tağıyevin Nisə Qasımovadan heç xəbəri yox idi axı. Aparıcı xanım dedi ki, mən belə təqdim edə bilmərəm, o ilk addımlarını “Lalə qızlar” da atıb. Nisə Qasımovanı ansamblın solisti kimi təqdim etmişdilər. Bu da Ələkbər Tağıyevin xoşuna gəlməmişdi. Bu hadisədən sonra o Nisə xanımı bizdən ayırdı. Məşqlərimiz başladı, gördük ki, Nisə Qasımova gəlmir. Ələkbər Tağıyevin imkanları geniş idi, iş adamı idi. Mən o vaxt heç “əməkdar artist” də deyildim. Kim idim ki?” deyə sənətkar bildirib. Ceyran Haşımova bildirib ki, ansamblı tərk edəndən sonra dəfələrlə Nisə Qasımova ilə görüşüb. “Nisə xanım məni “Mənim dünyam” verilişinə dəvət etmişdi. İki dəfə onun verilişində qonaq olmuşam. Aramızda dava olmayıb, çox gözəl münasibətimiz olub. Bir dəfə elə verilişdə ona dedim ki, mən səni dünyalar qədər çox istəmişəm, sən məni niyə yada salmırsan?! Dedi ki, düzdür Ceyran müəllimə. Nisə xanım mənim çox sevdiyim müğənni olub. Mən rəhbərəm, ixtiyarım çatmır bunları deməyə? Burada nə var ki? Mən onlara ana, rəfiqə, rəhbər olmuşam. Bir ana tək qızını saxlaya bilmir. Bütün qızları sağ-salamat qastrollara aparıb, salamat da gətirib ailəsinə təhvil vermişəm. Nisə xanım unutqandır. Nisə Qasımovaya halal etmirəm sözünü o mənada demişəm ki, yəni sənətdə etdiklərimi ona halal etmirəm. Ömrümün çoxu gedib, azı qalıb. Bu gün sabah 90 yaşım olacaq. Evimə gəlsə əlbəttə ki, onu qəbul edərəm. Niyə də qəbul etməyim ki? Evimin qapıları Nisə xanımın üzünə açıqdır. Mən bir tikəmi onlarsız yeməmişəm. Katiblər məni qonaq da çağırıb, demişəm ki, qızlar harada, mən də orada. Hətta məclislərdən birində bir xalq şairimiz də iştirak edirdi. Mənə dedi ki, siz niyə badə qaldırıb, qızlara içki içməyə icazə vermirsiniz?! Ona dedim ki, siz azərbaycanlı kişisi olaraq sevinmirsiniz Azərbaycan qadını içki içmir?! Bir nəfər deyə bilməz ki, ansamblımdan bir əxlaqsız, tərbiyəsiz qız çıxıb. 40 il bu ansamblı qoruyub saxlamışam. Biz həmişə dövlətlə işləmişik, özfəaliyyət olmamışıq. Yeni gələn qızları 2-3 dəfə yoxlayandan sonra ansamblıma götürmüşəm” deyə xalq artisti bildirib. Geri qayıt |