Əsas Səhifə > Şou-biznes > “Gedib Laçında yaşamaq istəyirəm”

“Gedib Laçında yaşamaq istəyirəm”


15-09-2023, 09:34
“Gedib Laçında yaşamaq istəyirəm”
“Çox adam soruşur ki, Laçına tez-tez getməyinin səbəbi nədir? Mən Laçında doğulmuşam, Vağazin kəndində. Laçında mədəniyyətlə bağlı bütün tədbirləri Bakı Abadlıq Xidmətinin adından mən həyata keçirirəm. Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva ilə birlikdə çalışıram. Çox sağ olsunlar ki, mənə güvənib, etimad göstəriblər. Laçın mənə çox doğmadır. Havası da, yerləşdiyi ərazi də əladır. Laçına gedəndə heç bir yerim ağrımır. Özümü orada gümrah hiss edirəm. Özüm getsəm də valideynlərimi hələ aparmamışam. Artıq yaşlaşıblar, atam zəif görür, yaxşı eşitmir. Anamın ayaqlarında problemlər var. İnşallah ki, səhhətləri yaxşılaşar, onları da apararam. Böyük oğlumu aparmışam ki, gedib nənəsinin, babasının yurdunu görsün. O da çox bəyəndi Laçını. Oranı bəyənməmək olar? ”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram teatrının aktrisası Mətanət Eres deyib. O daha sonra əlavə edib.

“Dövlət teatrlarından Laçına ilk dəfə Şuşa Dövlət Musiqili Dram teatrı səfər edib. Bunu da mən təşkil etdim. Ondan 2 ay sonra Laçında təntənəli şəkildə şəhər günü qeyd edildi. Teatrımız yenə də gəlmişdi. Laçından Bakıya gələn kimi elə bilirəm ki, orada nəyimsə qalıb. Ora üçün darıxıram. İnşallah ki, yenidən gedəcəyəm. Köçüb Laçında yaşamaq istəyirəm, niyə də yox?” deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, yaxınları Birinci Qarabağ müharibəsində şəhid olub.

“1992-ci ildə qardaşım müharibəyə yollandı, idman ustası idi. Döyüşlərdə kontuziya aldı. 31 ildir ki, xəstəxanalarda, əsəb dispanserindədir. Bəzən evə gətiririk. Müharibə bizdən çox şeyləri aldı. Dayımı itirdim. Hansı ki, mənim ad günümdə dəfn etdilər. 1993-cü ildə universitetə daxil olmuşdum. O hər ad günümü bizə gəlirdi. Onsuz biz ad günü qeyd etmirdik. Mənə çox bağlı idi, uşaqları gec olmuşdu. Bibim oğlunu da itirdik. Məni Laçından o gətirdi. Xankəndinə getdik, ordan qatarla birbaşa gəldik. Əmilərim, anamın xalası uşaqları şəhid oldu. Onları elə kənddə ermənilər öldürmüşdü. 31 ildən sonra əzizlərimin qəbrini ziyarət etdim. Bibim 31 ildən sonra oğlunun məzarını tapdı. Dəfn edən bilirdi ki, əzizini harada basdırıb. Amma mən xalamın məzarını axtardım tapmadım. Qəbirlərin çoxu yox idi. Babam, nənəm, əmim, dayım Laçın deyə-deyə öldülər. Kaş onlar da bu günü görəydilər. Onların ruhu kəndimizdədir. Ruhları agah olub. Müharibə məndən çox şey aldı” deyə aktrisa bildirib.

Aktrisa insanlar arasında yayılan “artistlik edir” sözünə də münasibət bildirib.

“Əzizim Lalə Azərtaşın verilişində bir qadın öz qohumu haqda “artistlik edir” ifadəsini işlətdi. Həqiqətən də özümdən çıxdım. Artistlərin adı çıxıb, adi insanlar artistlərdən betərdir. Biz yazıq aktyorlar illərdir universitetə ayaq döyürük ki, o diplomu alaq. Çəkilişlərdə gecəyə qədər oluruq. Mən verilişlərdə elə şeylər görürəm ki, vallah biz onu seriallarda istəsək də elə inandırıcı oynaya bilmərik. Sənətimizi ucuzlaşdırıb, asan ad qoymasınlar. Aktyorluq ən çətin sənətdir. Artistlik ayrıdır, afiristlik ayrı” deyə aktrisa bildirib.

Geri qayıt