Əsas Səhifə > Şou-biznes > “Milyoner oğluna ərə getmirəm ki, brilliant qaşlardan tac istəyim”

“Milyoner oğluna ərə getmirəm ki, brilliant qaşlardan tac istəyim”


13-09-2023, 09:38
“Milyoner oğluna ərə getmirəm ki, brilliant qaşlardan tac istəyim”
“Mən nikahımı paylaşdım, saytlar yazdı ki, Sevinc ailə həyatı qurdu. Amma yazının içində qeyd ediblər ki, nikahı olub. Düşünürəm ki, maraq cəlb etmək üçün “ailə qurdu” başlığını yazıblar. Kimsə mənə zəng edib demədi ki, ailə həyatı qurmusan, bizi çağırmamısan. Bilirsiniz ki, nikah prossesi həmişə toydan əvvəl olur. Sentyabrın 22-də oğlan toyudur. Mənim də toyum oktyabrın əvvəlində baş tutacaq. Hələ ki, iki şadlıq sarayının arasında seçim etməliyəm”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Sevinc Musayeva deyib. O daha sonra əlavə edib.

“Toyuma şou-biznesdən hamını dəvət etməyəcəm. Sırf ürəyim istəyən insanlar toyumda olacaq. Burnu yuxarıda olan insanlar əlbəttə ki, toyumda olmayacaq. Orada aparıcılar da, müğənnilər də olacaq, mən dəvət edəcəm. Gündəmi boş-boşuna zəbt edən müğənnilərin toyumda iştirakından söhbət gedə bilməz. O adamlardan uzağam. Özüm kimi sadə, sənəti olan insanları toyumda görmək istəyirəm” deyə müğənni bildirib.

Müğənni bildirib ki, hər zaman reallıqla barışıb.

“Ayağımı yorğanıma görə uzadan biriyəm. Evlənəcəyim oğlan da sadə ailənin nümayəndəsidir. Birlikdə gedib şadlıq evlərinə baxdıq. Çox yüksək qiymətə menyusu olan şadlıq evləri də var. Mən onları kənara qoyub, normal şadlıq evləri axtardım. İnsan bir dəfə ailə həyatı qurur. Mən heç vaxt arzulamamışam ki, toyum belə olsun, elə olsun. Dünya malına çox aludə olan insan deyiləm. Xəyal qurmağı xoşlamıram. Heç vaxt xəyal qurmurdum ki, toyum İtaliyada, Fransada qüllənin yanında olacaq. Xeyr, mən belə xəyallar qurmamışam. Milyonçu oğluna ərə getmirəm ki, deyim ki, brilliant qaşlarla tac istəyirəm. Sadəcə olaraq bilirdim ki, nümunəvi ailəm olacaq. İnsanların gözü tərəzidir. Onlar da görürdülər ki, bu qız müğənni olsa da normal, sadə insandır. Özünə ailə istəyir. Vallah mən çoxdan ailə həyatı qurardım, uşaq da dünyaya gətirərdim. Hətta elə xalq artistləri var ki, məni tədbirlərdə, çəkilişlərdə görəndə deyirdilər ki, gözəl-göyçək qızsan, sənətin var, bir dəfə ərə get, uşaq dünyaya gətir, sonra boşan da. Özün üçün kliplər çəkdir, oxu, sərbəst ol. Baxıb gülümsəmişəm, məsləhətlərinə görə təşəkkür etmişəm. Bizim gözəl sənətkarlarımız da var ki, həm ailələri var, həm də sənətləri. Biz niyə pisləri nümunə gətirməliyik? Bəzən deyirlər ki, ailəmi sənətimə qurban vermişəm. Niyə? Mən çox ailəcanlı insanam. Ailəmin problemlərini kiçik çiyinlərimdə daşımışam. Ailəmin başını aşağı salacaq heç bir hərəkət etməmişəm. Valideynlərim həmişə mənə inanıb. Kim sənətimi qurdalamağa başlayıbsa, atam deyib ki, o mənim övladımdır, mən ona inanıram. Hər atanın işi deyil övladına inansın, hər övladın da işi deyil atasının o sözünü doğrultsun” deyə müğənni bildirib.

Geri qayıt