Əsas Səhifə > Şou-biznes > “Açıq-saçıq rolda oynaya bilmərəm, çılpaqlıq aktrisanın uğuru sayıla bilməz”

“Açıq-saçıq rolda oynaya bilmərəm, çılpaqlıq aktrisanın uğuru sayıla bilməz”


12-09-2023, 09:09
“Açıq-saçıq rolda oynaya bilmərəm, çılpaqlıq aktrisanın uğuru sayıla bilməz”
“Bu mövsüm ilk oynayacağım tamaşa sentyabrın 30-da Şekspirin “3-cü Riçard” əsəri olacaq. Şəhidlərlə bağlı Gülhüseyn Hüseynoğlunun hekayəsi, İlqar Fəhminin ssenarisi əsasında “Ana” adlı qısametrajlı filmdə çəkilmişəm. Ola bilsin ki, oktyabrda onun təqdimatı baş tutsun. Yeni obrazlar yaratmaq, filmlərdə çəkilmək istərdim. Qalib bir millətin filmləri də gözəl olmalıdır. Bizə görə canlarından keçən şəhidlərimizin həyatı, igidlikləri haqqında, qazilərimizin göstərdiyi şücaətlə, Şuşanın alınması ilə bağlı filmlər çəkilməlidir. O cür çətin dağ silsiləsini keçib, qalib adını qazanmaq mənə elə gəlir ki, bizim xalqımız üçün baş ucalığıdır. Mən də həmin filmlərdə ana obrazlarını canlandırmaq istəyirəm. Həqiqətən də kamera, çəkiliş meydançası üçün darıxmışam. Bu sənətə o qədər bağlıyam ki, həyatımı onsuz təsəvvür edə bilmirəm”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Gənc Tamaşaçılar teatrının aktrisası, əməkdar artist Gülər Nəbiyeva deyib. O daha sonra illər öncə çəkildiyi “Girov” filmindən danışıb.

“ “Girov” filmi çox uğurlu ekran əsəri idi. Sadəcə olaraq o illərdə filmlə bağlı bəzi söz-söhbətlər yarandı. Əgər biz bir şeyi humanist ideyalarla çəkiriksə, onda mütləq ətraf aləmdən bəzi qınaqlar gələcək. Mən buna haqq qazandırıram. Öldürmək, məhv etmək heç də insanlıq əlaməti deyil. İstəməzdim ki, qana qanla cavab verilsin. Sadəcə elə bir həddə gəlib çatırsan ki, o zaman məcburiyyət qarşısında qalıb o addımı ata bilərsən. İkinci və ən uğurlu filmlərimdən biri də “40-cı qapı” olub. Bu 2009-cu ildə Amerikada ilk Azərbaycan filmidir ki, “ən yaxşı xarici film” nominassiyası üzrə qızıl mükafat aldı. Düzdür, bu o vaxtı mətbuatda çox da işıqlandırılmadı” deyə sənətkar bildirib.

Əməkdar artist açıq-saçıq səhnələri sevmədiyini bildirib.

“Gizlilik filmdə daha çox effekt verir, nəinki onu açıq-saçıq, bütün çılpaqlığı ilə göstərmək. Bəlkə də sənətçilərimiz deyə bilər ki, mən filan açıq-saçıq rolu böyük məmnuniyyətlə oynaya bilərəm, amma kamera qarşısında o sıxıntını hiss edirsən. Mən açıq-saçıq rolda oynaya bilmərəm. Yalandan nə danışım?! Özümü o obrazda görmürəm. Xanım-xatun obrazları daha çox oynamağa üstünlük verərdim, nəinki açıq-saçıq səhnələri. Açıq-saçıq səhnələr aktyorun, aktrisanın uğuru ola bilməz. Bizim teatrda “Aydın” tamaşasında belə bir səhnə var ki, Gültəkin məcburiyyət qarşısında Dövlət bəyin yanına gəlir və Dövlət bəy Gültəkinin çarşabını götürüb əlindən yerə salır, pencəyini çıxarır və işıq sönür. Həmin anda zalda o səhnəni görmək istəyən o qədər insan var ki. Hamıya maraqlı gəlir ki, görəsən nə oldu?! Yenə də gizlilik. Tamaşaçı marağı budur. Mən “Böyük dayaq” filminə baxanda həmişə fikirləşirəm ki, görəsən Balaş Maya xanımla o xoşbəxt anı yaşaya bildi ya yox?” deyə aktrisa bildirib.

Aktrisa bildirib ki, həyatda tam-tamına xoşbəxt olmaq mümkün deyil.

“İnsan özünü xoşbəxt etmək üçün hər şeyə can atmalıdır. Düzdür, ailə də, oğul-uşaq da insana, ələxsus da qadına xoşbəxtlik gətirir. Xoşbəxtlik sadəcə anlardır. O demək deyil ki, sən 30-40 il xoşbəxt yaşayırsan. Sadəcə orada sənin anların olur. Övladının dünyaya gəlməsi, toy günü, ad günü və s. “Bəlkə də xoşbəxt olardım, xoşbəxtliyin dalınca sürünməsəydim. Səadət içində üzərkən insan, səadət axtarır bəzən uzaqdan”. Əgər mən həyatda yaşadığımı səhnədə də yaşasam orada Gülərlə Nisə xanımın heç bir fərqi olmaz. Küçədə, çöldə-bayırda məni görən tamaşaçılar deyir ki, elə bil ki, mənim həyatımı oynayırsınız. Bəli, biz ümumiləşdirilmiş qadın obrazını yaradırıq. Hər bir kəsin həyatında baş verən anları biz səhnədə canlandırırıq. Tamaşaçı da oradan özünə lazım olanı götürür” deyə əməkdar artist bildirib.

Gülər Nəbiyeva bildirib ki, sənətlə peşəkar aktyorlar məşğul olmalıdırlar.

“Mənə elə gəlir ki, professional aktyolarla işləmək büdcə tələb edir. Hər kəz öz sənətində professionallaşmalıdır. Telefon götürüb nəsə çəkirsənsə o demək deyil ki, sən sənətçisən. Onları sənət baxımından görə bilmirəm. Bilirəm ki, onlar bunu sənət naminə etmirlər. Sabah onlar professional aktyorlarla filmə çəkilərsə, tamaşada oynayarsa müsibət də elə ordan başlayacaq. Dəfələrlə də həyəcanlarının, çaş-baş qalmaqlarının şahidi olmuşam. Demək ki, bu onların sənəti deyil. İndikilər məşhur olub yüngül formada pul qazanmaq istəyirlər. Tiktokerlərə baxıb utanıram. Öz-özümə deyirəm ki, həqiqətənmi bu bizim sənətdir?! Bizim sənətimiz heç də yüngül sənət deyil axı! Bunun təməlini qoyan insanlar, şəxsiyyətlər var ki, biz indi də onların qarşısında baş əyirik. Mənə elə gəlir ki, hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. Onlar da məşhur olmaq istəyirlər. Professional olmayan aktyorları seriallara gətirirlər. Nədir-nədir ki, onlara 5 manat az pul verəcəklər. Yaxud da sadəcə onların arzusu efirdə görünməkdir. Bu mənə çatmır” deyə aktrisa bildirib.

Geri qayıt