Əsas Səhifə > Şou-biznes > “Vəzifə istəsəydim çoxdan gedərdim”

“Vəzifə istəsəydim çoxdan gedərdim”


11-09-2023, 08:44
“Vəzifə istəsəydim çoxdan gedərdim”
Xəbər verdiyimiz kimi bu günlərdə xalq artisti, görkəmli sənətkar Arif Babayev Milli Konservatoriyada Muğam sənəti kafedrasından səhhətinə görə ayrılıb. Xalq artisti Mənsum İbrahimov sözügedən kafedraya onun yerinə təyin olunub.

DİA.AZ-ın məlumatına görə, moderator.az-a açıqlama verən xanəndə Mənsum İbrahimov bildirib ki, əslində bu onun üçün böyük məsuliyyət, ağır bir yükdür.

“Muğam kafedrası elə bir yerdir ki, uzun müddət bu işin içində olmaq lazımdır ki, oranı idarə edə biləsən. Mən 2011-ci ildən bu kafedranın professoruyam. Ondan əvvəl dosenti olmuşam. Gənc yaşlarımdan müəllimliyə başlamışam. Mən bu işi onsuz da tədris edirdim. Kafedra müdiri belə baxanda böyük bir vəzifə də deyil. Bu böyük məsuliyyətdir. Mən muğamın ağır yükünü, böyük məsuliyyətini öz çiyinlərimə götürmüşəm. Mən muğam sənətinin əsgəriyəm. Heç vaxt vəzifəyə üstünlük verməmişəm, vəzifə istəsəydim çoxdan gedərdim. Məni sənət düşündürüb. Bu vaxta qədər azad bir insan idim. Öz dərsimi deyib, çıxıb işlərimin arxasınca gedirdim. Bu yükün altından qaça bilmərəm. Əgər məsləhət görüblərsə çalışacam ki, muğamın inkişafında mənim də bundan sonra kafedra müdiri kimi töhfəm olsun. Arif müəllim yaşlı olsa da böyük təcrübəsi var. Onun səhhəti imkan versəydi bu gün də işləyəcəkdi. Sadəcə olaraq hazırda onun səhhəti işləməyə imkan vermir. Muğam sahəsində böyük-kiçik ən-ənəsi var. Həmin gün Arif Babayevin evinə gedib onun halallığını aldım. Vaxt gələcək, zaman yetişəcək məndən sonra da kafedra müdirləri olacaq. Sizə bir misal çəkim. Mən son 5 ildir ki, Opera və Balet teatrında fəal səhnədə deyiləm. Hamı bilir ki, mən gənclərə nə qədər böyük diqqət göstərirəm. 20 gənci, Muğam müsabiqəsinin işçilərini mənim tövsiyyəmlə orada işə götürüblər. Hamısı da baş rolları oxuyur, onları hazırlaşdırıram, kömək edirəm. Özüm də ildə bir dəfə onlarla birlikdə ustad dərsi kimi tamaşa oynayıram. Amma fəal səhnəni onlara vermişik. Heç bir zamanda bu qədər gənc muğam sahəsinə gəlməyib. Onların hamısını biz müsabiqələrdən seçib ortalığa çıxarmışıq” deyə sənətkar bildirib.

Nuriyyə Hüseynova saytımıza açıqlamasında Mənsum İbrahimovun təyinatına sevindiyini bildirib.

“Arif Babayev mənim də müəllimim olub. Böyük sənətkarımızdır, korifeydir, ustaddır. Azərbaycan milli musiqisinə illərdir təmənnasız əmək sərf edib, xidmətlər göstərib. Allah ona şəfa versin. Təbii ki, səhhəti ilə bağlı işindən ayrıldı və onun yerinə gözəl sənətkarımız Mənsum müəllim gəldi. Bu belə də olmalı idi. Çünki yaş, sənət, təcrübə yol verir ki, Milli Konservatoriyada Muğam kafedrasının müdiri Mənsum İbrahimov olsun. Çox ideal bir namizəddir. Konservatoriyada yaşı nəzərə alsaq o işin başına keçəcək insan olaraq mən onu görürəm. Ümumiyyətlə bu həyatda heç nə əbədi deyil. Bir işin başına keçirsən, müəyyən bir vaxt çərçivəsində onu icra edirsən və bir müddət keçir sən gedirsən və başqası gəlir. Mənsum müəllimə uğurlar arzu edirəm. Allah ona can sağlığı versin və həmişə də işinin başında olsun” deyə sənətkar bildirib.

Əməkdar artist Sevinc Sarıyeva isə saytımıza açıqlamasında sənətkarın yaşının olmadığını vurğulayıb.

“Arif Babayev xəstə olmasaydı bu yaşına qədər kafedra müdiri vəzifəsini yerinə yetirərdi. Çünki sənətkarın yaşı yoxdur. Sənətkar əslinə qalanda elə 50 yaşından sonra yetişir, olğunlaşır. Sənətkar sənətdə, səhnədə yaşayır. Biz dərdimizi səhnədə unuduruq. Arif Babayev xəstəliyinə görə kafedra müdiri vəzifəsindən gedib. Mənə elə gəlir ki, Arif Babayevdən sonra kafedra müdiri elə Mənsum müəllim olmalı idi. Mənsum müəllim ora layiqdir. Savadı, intellekti, dünyagörüşü onu bu vəzifəyə layiq bilir. Mənsum müəllimə heç 62 yaş vermək də olmur. Elə bil ki, 35 yaşında gəncdir. Ona uğurlar arzu edirəm. Bu təyinata çox sevindim. Çünki Mənsum müəllimin necə zəhmətkeş, muğamımız üçün hansı töhfələri verdiyini, necə tələbələr yetişdirdiyini bilirik. Bunlar göz qabağındadır. Onu ürəkdən təbrik edirəm” deyə əməkdar artist bildirib.

Geri qayıt