Əsas Səhifə > Şou-biznes > "Sözlərini dəyişdik, akordlarını mən kömək etdim"

"Sözlərini dəyişdik, akordlarını mən kömək etdim"


6-09-2023, 07:42
"Sözlərini dəyişdik, akordlarını mən kömək etdim"
“Şəmistan müəllimi hərbi diktor kimi efirdə görmüşdüm. Onun “İgid əsgər” mahnısını çox bəyənmişdim. Gitarada özüm üçün oxuyurdum. Bizim dövlət tədbirimiz baş tutdu. Şəmistan müəllim orada aparıcı idi. Tədbir o vaxtkı Respublika sarayında keçirilirdi. Konsertdən sonra Şəmistan Əlizamanlıya yaxınlaşıb dedim ki, “İgid əsgər” mahnısınını çox bəyənirəm, onu birlikdə oxuya bilərik? Dedi ki, duet şəklində “Cənab leytenant” adlı mahnımız var, onu yoxlayaq. Mahnının müəllifi Şahin Musaoğlu, Şəmistan müəllim və mən bir araya gəlib bunu hazırladıq. Sözlərini dəyişdik, akordlarını mən kömək etdim. Sonra gedib yazdırdıq, amma inanmazdıq ki, mahnı bu qədər məşhur olacaq”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında “Cənab leytenant” mahnısının qadın ifaçısı Nəsibə Bədəlbəyli deyib. O daha sonra əlavə edib.
“ “Cənab leytenant” mahnısını dinləyən bu günki əsgərlər o vaxt uşaq idilər. Onlar bu mahnı ilə vətənpərvər ruhda böyüyüblər. Qarabağı bizə həmin o uşaqlar qaytardılar. Bu çox səmimi mahnıdır. Əslində çətin də deyil, 4 akorddur. Sadəcə bu mahnını hiss edərək ürəkdən oxumuşuq. Bir neçə sənətçi də zəng edib halallıq alıb ki, olar oxuyaq? Demişəm ki, əlbəttə” deyə müğənni bildirib.

Nəsibə Bədəlbəyli “Cənab leytenant” mahnısını düşmənlərin də dinlədiyini bildirib.
“44 günlük Vətən müharibəsi zamanı “YouTube” kanalımda “Cənab leytenant” mahnısının altına “yan” soyad sonluqlu bir erməni şərh yazmışdı. Yazmışdı ki, mən Birinci Qarabağ müharibəsi veteranıyam. Səngərdə oturub sizin dalğanızı tutmuşduq. Bu mahnı səsləndi. Bilirdik ki, düşmən sözləridir. Amma səs, musiqi bizi tutdu. Mahnı bitən kimi hər kəs bir tərəfə çəkilib başladıq bu mahnını zümzümə etməyə. İndi də qulaq asanda gözlərim yaşarır. Təbii ki, bu sözlərdən sonra onu “blok” etdim” deyə müğənni bildirib.
Sənətçi hazırkı fəaliyyətindən də danışıb.
“Hazırda Dövlət Akademik Xor Kopellasında çalışıram. Artıq 30 ildir ki, orada işləyirəm. Azərbaycanın dövlət himnini biz oxuyuruq. Mahnılar, şeirlər yazıram. Dövlət tədbirlərində, konsertlərdə ifa edirik” deyə müğənni bildirib.
Geri qayıt