Əsas Səhifə > Şou-biznes > “Çox təəssüf ki, gözü yumub, qələmi çəkir və bir neçə aparıcını işdən çıxarırlar... ”
“Çox təəssüf ki, gözü yumub, qələmi çəkir və bir neçə aparıcını işdən çıxarırlar... ”2-09-2023, 08:32 |
Xəbər verdiyimiz kimi, son günlərdə xeyli sayda aparıcı “Space TV”ni tərk edib. Aparıcılar ya özləri işdən ayrılıb, ya da heç bir səbəb göstərilmədən işlərinə xitam verilib. Ötən gün adıçəkilən televiziyanın tanınmış simalarından biri olan aparıcı Rövşanə Ağasəfqızı da işindən ayrıldığını açıqladı. Aparıcı axşam.az-a açıqlamasında heç bir səbəb olmadan kanaldan uzaqlaşdırıldığını qeyd edib: “Hazırda məzuniyyətdəyəm. Bu gün ”Space TV"nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram". Rövşanə Ağasəfqızından bir gün öncə isə tanınmış aparıcı Fariz İlyasov bu kanalla yollarını ayırdığını açıqlayıb. “Dəyərli izləyicilərim və dostlarım, bu gündən etibarən çalışdığım ”Space TV" ilə yollarımızı ayırdıq. Qismət olsa, yeni layihələrdə görüşərik", - deyə Fariz İlyasov qeyd edib. Xatırladaq ki, “Space TV”nin rəhbərliyi bu ilin fevral ayının əvvəlində dəyişmişdi. Həmin vaxt “Space TV”nin rəhbəri Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırıldı, onun yerinə “Parni iz Baku” KVN komandasının keçmiş üzvü, ATV və “Lider” telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Korovin gətirildi. Qeyd edək ki, Vado Korovin əsasən “Şən və Hazırcavablar” klubunda (KVN) “Bakılı oğlanlar” komandasında çıxışları ilə məşhurlaşıb. Onun Space TV-yə rəhbər gətirilməsi xeyli müzakirələrə səbəb olmuşdu.Əksəriyyət bu təyinatın da uğursuz olacağını, digərləri isə əksini deyirdi. Amma bu bir faktdır ki, Vado Korovin rəhbərliyə gələndən bu günə qədər xeyli sayda tanınmış tele-aparıcı kanalı tərk edib. Onlardan biri aparıcı Ceyhun Səfərdir. O, televiziyadan getməyinin səbəbini bu cür açıqlamışdı: “Bir müddət ”Space" TV-də çalışdım. Bu mənim televiziya işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmkarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə “Space”dən ayrıldım. Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni “Space”də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. “Space” TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm". Məşhur aparıcı Turan İbrahimov isə yeni rəhbərlik təyin olunandan 2 həftə sonra televiziyadan getdiyini açıqlamışdı: “İki həftə əvvəl verdiyimiz qərardır. ”Space" TV-dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verlişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla, yeni komandaya uğurlar arzulayıram". Yeni rəhbərlik gələn kimi “Space TV”də işindən ayrılan jurnalistlərdən biri də aparıcı Kamil Eldaroğlu oldu. Tanınmış aparıcı Elçin Əlibəyli, Nübar Əbil də televiziyanı tərk edən məşhur simalar arasındadır. 17 il adı çəkilən kanalın simalarından biri olan Zamirə Dadaşovanın isə televiziyadan qalmaqallı gedişi uzun müddət müzakirə mövzusu oldu. Aparıcı heç bir əsası olmadan, qanunsuz şəkildə televiziyadakı işinə xitam verildiyini bildirmişdi. “İlk iş yerim AzTV - 10 il, ikinci iş yerim ”Space TV" - 17 il olub. Heç iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də ayrıla bilməmişəm. Düzələr deyib, davam etmişəm. Çox qəribə hisslər keçirirəm. Bilmirəm sevinim, yoxsa üzülüm. Yeganə üzüldüyüm məqam məncə müəllifi olduğum “Açıq söhbət” verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi. Və əlbətdə əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin çoxalmasıdır həm də məni üzən. Təəssüf pul önə keçəndə mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur. Hamıya uğurlar", deyə aparıcı sosial şəbəkədə qeyd etmişdi. Bəs ekspertlər “Space TV”də gedən son istefa dalğasını necə dəyərləndirir? Tanınmış simaların televiziyanı tərk etməsi nə ilə nəticələnə bilər? DİA.AZ bildirir ki, məsələ ilə bağlı tele-tənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Əlbəttə, belə hadisələri eşidəndə üzülürük. Çünki bir televiziya üçün bir aparıcı yetişdirmək çox çətindir. Şəxsən mən uzun illər televiziyada işlədiyim müddətdə onlarla hazırda televiziya məkanında çalışan insanların yetişməsinə əmək sərf etmişəm və onların kanal dəyişməsini ürək ağrısı ilə seyr edirəm. Bu cür hadisələr təkcə “Space TV”də deyil, digər televiziyalarda da müşahidə olunur. Çox təəssüf ki, gözü yumub, qələmi çəkir və bir neçə aparıcını işdən çıxarırlar. Fikrimcə, bizdə jurnalistlərin bu mənada müdafiə sistemi yoxdur, onlar çox köməksizdir. Yəni, onları müdafiə edən struktur yoxdur, özləri də birləşib, nəsə bir şey əmələ gətirə bilmirlər. O ki qaldı “Space TV”nin bundan sonra vəziyyətinin necə olacağına, məlum olduğu kimi bu kanal tez-tez rəhbər dəyişən strukturdur. Hesab edirəm ki, Etibar Babayevdən sonra “Space TV” ümumiyyətlə bir qeyri-müəyyənlik zolağına düşüb. Yəni, yeni kimsə gələndə müəyyən hərəkətlər etməyə çalışır. Təbii ki, istəyirlər ki, yaxşı olsun, amma istəklər məsələni həll etmir. Yaradıcılıq, idarəçilik azadlığı mühüm rol oynayır. Ona görə də “Space TV”nin bundan sonra necə olacağını demək mümkün deyil. Amma deyə bilərəm ki, “Space TV”nin hazırda rəhbərliyində olan adam yaradıcı adamdır, xüsusən şou aləminə bələddir, intellektualdır, ümid verir ki, hər halda nələrsə edə biləcəklər. Amma nə olacaq, bunu yaxın zaman göstərəcək". Geri qayıt |