Əsas Səhifə > Şou-biznes > Kino İttifaqının qurultayı nə vaxt keçiriləcək?
Kino İttifaqının qurultayı nə vaxt keçiriləcək?31-08-2023, 15:23 |
Bu il iyulun 26-da daim rəqabət halında olan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşdi. DİA.AZ xatırladır ki, bununla bağlı ittifaqların idarə heyətinin iştirakı ilə iclas keçirildi, hər iki tərəf birləşməyə razılığını bəyan etdi. Bir çox mədəniyyət xadimləri də , “bir kinomuz var, iki başı olmaz” deyərək, bu addımı alqışlarla qarşıladı. Bəs birləşən ittifaqa kim rəhbərlik edir? Lent.az bu sualla keçmiş Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayevə müraciət etdi. Xalq artisti bildirdi ki, hələlik ittifaqın rəhbəri yoxdur, kimin bu işin başında dayanması, rəhbərlik etməsi də bilinmir. “Bəs siz işə getmirsinizmi?” sualımıza Rasim Balayev “məzuniyyətdəyəm” cavabını verdi. “Yaxın bir-iki aya qurultay keçiriləcək. O zaman kimin rəhbərlik edəcəyi məlum olacaq. Hər iki ittifaqın üzvləri arasında razılıq əldə edilib, birləşmişik. Əsas budur”,- deyə o qeyd etdi. Haqqında qalmaqallı fikirlər səslənmiş ( əməkdaşları onun saxta qurultay keçirib, zorla özünü sədr elan etməsindən şikayətçi idilər) keçmiş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) sədri Şəfiqə Məmmədova ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. Mədəniyyət Nazirliyindən Lent.az-ın sorğusuna belə cavab verdilər: “Kino ittifaqların ikisi də özəl, yaradıcı təşkilatlardır, onlar dövlət təşkilatı olmadığına görə, ora kimin rəhvər seçilməsi və ya təyin edilməsi Mədəniyyət Nazirliyinin səlahiyyəti altında deyil. Qərarı özləri verəcəklər”. Artıq bir ay keçməsinə baxmayaraq qərar hələlik verilməyib. Birləşmiş təşkilata kimi seçmək qurultayın işidir. Bəs Rasim Balayev yenidən seçilmək istəyərmi? Bu suala cavab verən qocaman aktyor bunu zamanın göstərəcəyini söylədi. Geri qayıt |