Əsas Səhifə > Şou-biznes > "Məsuliyyət daha sonra rejissorun, aktyorun üzərinə düşür"

"Məsuliyyət daha sonra rejissorun, aktyorun üzərinə düşür"


31-08-2023, 08:45
"Məsuliyyət daha sonra rejissorun, aktyorun üzərinə düşür"
“Ara-sıra yeni çəkilən filmləri izləyirəm. Daha çox komediya janrında olan filmlər çəkilir. Bəyəndiklərim də var, əsəb keçirib baxa bilmədiklərim də. Bir az baxan kimi deyirəm ki, yəqin hadisələr dəyişəcək. Görürəm ki, yox elə eyni hadisələr, eyni obrazlar, eyni mövzulardır. Amma izlədiyim filmlərdən belə nəticəyə gəlmək olar ki, istedadlı gənclərimiz də az deyil. Sadəcə onlara yaxşı rejissor və ssenari lazımdır ki, özlərini göstərə bilsinlər. Film və serial ssenaridən başlayır. Məsuliyyət daha sonra rejissorun, aktyorun üzərinə düşür”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram teatrının aparıcı aktrisası, əməkdar artist Vəfa Zeynalova deyib. Aktrisa bildirib ki, sənətin sonu yoxdur.

“Həmişə öyrənmək lazımdır. Usanmadan, yorulmadan, bezmədən öyrənmək. O şəxs ki, özünə vurğundur, eqosu böyükdür, o insan özünün düşmənidir. İnsan ömrünün sonuna qədər öyrənir. “Mənəm-mənəmlik” bu sənət üçün deyil. Bir-neçə rol oynayırlar, tanınırlar elə bilirlər ki, dünya bunlarındır” deyə aktrisa bildirib.
Aktrisa qonorarından da danışıb.

“Mənim üçün əsas olan ssenari və kiminlə tərəf müqabili olmağımdır. Bu baxımdan seçiciyəm. Hansısa obraza dəvət olunanda bunları soruşuram. Bütün bunlardan sonra qonorar danışa bilərəm. Seriallar mənim üçün qazanc mənbəyidir, ora gedə də bilərəm, getməyə də” deyə aktrisa bildirib.

Əməkdar artist deyir ki, heç vaxt sözünü kiməsə mətbuat vasitəsilə deməyib.

“Mənim də müəyyən insanlarla küsülülüyüm, söz-söhbətim olur. İnsanıq da, hamının əsəbinin partlayan vaxtı olur. Sadəcə olaraq xoşlamıram ki, bunu efirə yaxud da mətbuata daşıyım. Dayandığım yerdə əlbəttə ki, kimsə biz söz deyərsə mütləq şəkildə o cavabını alacaq. Sadəcə olaraq bunu mətbuat vasitəsilə etmirəm” deyə aktrisa bildirib.

Geri qayıt