Əsas Səhifə > Şou-biznes > "İşin yaxşı olmaması büdcə ilə bağlı deyil"

"İşin yaxşı olmaması büdcə ilə bağlı deyil"


28-08-2023, 17:36
"İşin yaxşı olmaması büdcə ilə bağlı deyil"
Həm dünyada, həm də yerli televiziyalarda ən çox izlənilən seriallar olur. Lakin serialların reytinq qazanması peşəkar rejissor, aktyor və yardımçı işçi heyəti tələb edir. Son illər isə bir çox sənət adamı yerli serialları tənqid hədəfinə çevirir, onların uğursuz olmasından gileylənir.

Bəzənsə aktyorlar, rejissorlar iddia edir ki, insanlar öz filmlərimizə, seriallarımıza baxmır və xarici işlərə üstünlük verirlər. Amma bir müddət əvvəl çəkilən və reytinqlərdə birinci olan "Əqrəb mövsümü" serialı bu iddiaların əsassız olduğunu sübut etdi.

Bəs görəsən, izləyiciləri yerli serial və filmlərimizə yönəltmək üçün nə etmək lazımdır? Bu məsələdə büdcə mühüm əhəmiyyətə malikdir?

DİA.AZ bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan aktyor, ssenarist, prodüser Azər Aydəmir bunun səbəblərini sadalayıb. Aktyor bu məsələdə serial istehsalçılarının məsuliyyət daşıdıqlarını bildirib:

“Aktyorlar və rejissorlar yaxşı əsər ərsəyə gətirə bilmədikləri üçün yerli film və seriallar izlənilmir. Yaxşı iş, yaxşı rejissor, yaxşı ssenari olanda tamaşaçının baxmamaq kimi bir avantajı, lüksü yoxdur. Bu zaman istər-istəməz cəmiyyət həmin yaxşı iş haqqında o qədər danışır ki, bu da səs-küyə səbəb olur və hər insan ən azından maraq xatirinə, bir dəfə də olsa, ona baxır. Kiminsə işinə baxılmırsa, deməli, birmənalı olaraq o iş yaxşı deyil”.

Aktyorun sözlərinə görə, uğurlu layihə üçün büdcə heç də ilkin faktor deyil:

“İşin yaxşı olmaması büdcə ilə bağlı deyil. “Bu, büdcə ilə bağlıdır” cümləsi isə sadəcə bəhanədir. Uğurlu iş yaxşı ideyaya, yaxşı hekayəyə bağlıdır. Büdcə sözsüz ki, lazımdır, amma o, ilk sırada dayanmır. Büdcə sadəcə köməkçi vasitədir.

Yerli ekran işlərinə qonorara görə peşəkarların cəlb edilməməsinə gəldikdə isə bu məsələ menecerlik qabiliyyətinin zəif olmasından irəli gəlir. Əgər hekayə yaxşıdırsa, menecer onu peşəkar aktyora oxutdura bilər, sənətçini lap pulsuz da çəkə bilər. Yetər ki, o, aktyoru maraqlandırmağı bacarsın. Burada menecerlik, prodüserlik qabiliyyəti önə çıxır. Əgər prodüser yaxşı hekayəyə peşəkar olmayan, təcrübəsiz aktyorları çəkirsə, bu, onun zəifliyindən xəbər verir. Zəif prodüser olması isə onun öz günahıdır. Bu mövzuda əlbəttə ki, tamaşaçını qınamaq olmaz”.

A.Aydəmir ssenarinin uğurlu alınması üçün bir sıra nüanslara diqqət etməyin vacib olduğunu qeyd edib:

“Ssenaristlər fantastik mövzulara müraciət etməsələr, buna nail olmaq olar. Özünün belə inanmayacağın, Azərbaycan cəmiyyətində baş verə bilməyəcək mövzularla, qondarma hekayələr uydurmaqla, özünü digər seriallara, filmlərə oxşatmaqla izləyici sayını artırmaq olmaz. Sırf Azərbaycan məhsulu təqdim edildikdə izləyicilər ona baxacaq”.

Geri qayıt