Əsas Səhifə > Şou-biznes > “Rusiyada adımdan qorxub qaçırdılar, Cavanşir adımı Cavana dəyişdim”
“Rusiyada adımdan qorxub qaçırdılar, Cavanşir adımı Cavana dəyişdim”22-08-2023, 10:26 |
“Bəzən öz-özümə düşünürəm ki, musiqimiz niyə bu günlərə qaldı?! Bu sualın cavabını hələ ki, özüm də tapa bilmirəm. 1980-ci illərdən bəri musiqimizdə durğunluq müşahidə olunur. O vaxtkı bəstəkarlar yoxdur, həm də yeni müğənnilər, musiqiçilər yetişmir. Yetişir, amma o dövrdəki kimi deyil. Mən “Qaya” ansamblı ilə 25 xarici ölkədə olmuşam. Rəşid Behbudovla 4 aylıq qastrola getmişəm. Bir də musiqiçi, müğənni gərək xarici ölkələrə getsin. Bu həm də onun dünyagörüşü üçün yaxşıdır. İndi ancaq sponsorla nəsə etmək olur. Sponsorun yoxdursa sən istəsən belə heç nə edə bilməzsən. Bu da musiqimiz üçün böyük bir zərbədir” DİA.AZ bildirir ki, bunu xalq artisti Cavan Zeynallı Moderator.az-a açıqlamasında deyib. Sənətkar bildirib ki, hələ o illərdə filmlərdə çəkilmək onun arzusu olub. “Bir dəfə Rasim Ocaqova dedim ki, çəkdiyiniz filmlərdə aktyor kimi mənə bir rol verin. Çünki o vaxt əcnəbi cazmenlər kinolarda çəkilirdi. Mən bunu görürdüm, həvəslənirdim. Rasim Ocaqov dedi ki, Canik, sən oxuyursan, rəqs edirsən, fortepianoda ifa edirsən, bəs aktyorlar nə etsin?! Biz sizi çəksək, siz onların yerini tutacaqsınız axı. Rasim Ocaqovun bu sözündən sonra evə gəlib düşündüm ki, bir rol nədir onu mənə vermədilər?! Sonra Emin Sabitoğlu Rasim Ocaqova demişdi və mən “İstintaq” filmində mahnı ifa etdim. “Park” filmində də mahnı oxumuşam. Bundan əlavə “Evlənmək istəyirəm” filmindən məni dəvət etmişdilər. Orada senarini mənim üçün yazmışdılar. Hətta kinostudiyadakı foto probadan da keçdim. Sonra bildim ki, o filmə görə nə qədər dava-dalaşlar olub. Nəticədə filmdə mən çəkilmədim. “Qonşu-qonşu olsa” televiziya tamaşasında xalq artisti Flora xanım Kərimova ilə duet oxumalı idim. Elə oldu ki, o xəstələndi yaxud da səsində problem yarandı. Ruhəngiz Qasımova dedi ki, səninlə dueti özüm oxuyacam. Dedim ki, ay Ruhəngiz xanım, biz gərək məşq edək. Dedi ki, yaxşı olacaq. Elə gözəl oxudu ki. Həqiqətən də səsi opera səsi idi” deyə sənətkar bildirib. Sənətkar adının əvvəllər Cavanşir olduğunu bildirib. “Rusiyada qastrol səfərlərində çox olurdum. Elan edirdilər ki, oxuyur Cavanşir Zeynallı. Oradakı insanlar adımdan qaçırdılar. Konsertlərdən sonra avtoqraf verməyə çıxdım, gördüm ki, 15 nəfərə yaxın qız qaçdı. Filarmoniyada bir adam dedi ki, sizin adınızı görüb qaçdılar. Əgər sizin adınız qısa olsaydı, onlar indi sizin yanınızda olardı. Çünki Rusiyada, Ukraynada Cavanşir kimi adları bilmirlər. Orada rəhbərimiz Teymur Mirzəyev idi. Teymur dedi ki, gəl “şir”i çıxardaq, “Cavan” qalsın. O vaxtdan da adım elə Cavan qaldı” deyə sənətkar bildirib. Geri qayıt |