Əsas Səhifə > Şou-biznes > "Mən cəmiyyəti artıq başa düşmürəm"
"Mən cəmiyyəti artıq başa düşmürəm"16-08-2023, 06:28 |
Son günlər xüsusilə sosial şəbəkələrdə Xalq artisti Rasim Balayevlə bağlı müzakirələr aparılır. Ona ünvanlanan tənqidlərə cavab verən sənətkar "Mən həqiqəti demişəm. Onu deyən adamlar anasının, bacısının namusunu ermənilər tapdalayanda onda niyə səsi çıxmırdı? 9 il mən kinoya çəkilmədim, evdə oturdum. Heç biri mənimlə maraqlandı? İndi mən niyə özümü bu kütləyə həsr etməliyəm?", - deyə aktyor tənqidlərə cavab verib. Bu dəfə isə müzakirələr Xalq artistinin bu fikirləri ətrafında başlayıb. Sosial şəbəkə istifadəçiləri az qala iki hissəyə ayrılaraq Rasim Balayevi ya müdafiə edib, ya da onunla razılışmayıblar. Maraqlıdır, sənət adamlarının müzakirələrə münasibəti necədir? DİA.AZ bildirir ki, cebhe.info bununla bağlı sorğu keçirib. Yazıçı-publisist, millət vəkili Aqil Abbas bildirib ki, Rasim Balayev haqlıdır: "Cəmiyyət yox, Rasim Balayev haqlıdır. Neçə ildir biz bir qarış torpağımızı qaytara bilməmişik. Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibədə erməninin belini qırıb, torpaqlarımızı azad edib. Rasim müəllim də onu dövrümüzün Babəki adlandırıb. Burada qeyri-adi nə var? Bikar insanlar bundan niyə qıcıqlanır? Rasim Balayev möhtəşəm rollarda çıxış edib, gözəl aktyordur. Onun sözü niyə camaaata təsir etməlidir? Rasim Balayev haqlıdır, vəssalam". Kinorejissor, ssenarist, Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib ki, Balayev təşəkkürünü bu formada bildirib və onu tənqid etmək düzgün deyil: "Mən cəmiyyəti artıq başa düşmürəm. Prezident Azərbaycanı bütün dünyada təmsil edən sənətkarına məsləhət bilib dəyər verirsə, layiq olduğu səviyyədə mükafatlandırırsa, burada pis nə var? Ağlara-qaralara elə bölünmüşük ki, axırı necə olacaq, bilmirəm. Bir adam bir adama adi bir konfet verəndə də ona yüz dəfə "sağ ol" deyir. Bu ölkənin Prezidenti bütün dünyanın baxdığı efirdən xalqının ağsaqqal sənətkarına layiq olduğu dəyər verirsə, gəlin hamılıqla Prezidentə "sağ ol" deyək. Bu, nə ayrı-seçkilik, bu, nə bölünmə, bu, nə ögey münasibətdir? Etika, ədəb, mədəniyyət, qanun var. Əgər ağsaqqal sənətkara onun uzun illər göstərdiyi xidmətə görə dəyər verilirsə, buna görə Prezidentə "çox sağ olun" deməliyik. Amma bəzilərimiz düşmənçilik yaradırıq, münasibətləri korlayırıq. Yaxşımıza pis deyə-deyə hara gedəcəyik? Balayevin heç bir səhvi, günahı yoxdur. Balayev kino adına göstərilən diqqətə, qayğıya görə təltif olunub və buna layiqdir. Biz hamımız möhtəşəm kino tariximizin bərpa olunmasının arzusundayıq. Eybəcər şouların, serialların əlində qalmışıq. Abrımız, istmətimiz gedib, kinomuz, sənətimiz məhv olub gedir. Eybəcər geyimlərlə, intonasiyalarla, insanlığa, mədəniyyətə sığmayan filmlərlə camaatın zövqünü korlayıblar. O ki qaldı kiminsə kiməsə bənzəməsinə, dilimizdə həmişə zərbi-məsəllərimiz olub. Övladlarımızı Babəkə, Cavanşirə, Mübarizə oxşatmışıq. Burada pis nə var? Min dənə dərdimiz var, bunu niyə ortaya atmısınız? Yaxşıya pis deyərək niyə qarşıdurma yaradırsınız? Rasim Balayev sağ olsun ki, bu cür təşəkkür edib. Biz həmişə ideologiyada uduzurduq. Bunu yeganə düzgün aparan Prezidentimiz oldu. Məni onun 44 günlük müharibədə xarici ölkə jurnalistlərinə verdiyi müsahibələr sevindirirdi. Onların hamısının cavabını verirdi. İndi də buna görə Balayev onu Babəkə bənzədib. Burada pis nə var ki? Bu söhbəti yığışdırsınlar, ayıbdır. Bu, nə tərbiyəsizlikdir? Hansısa blogerlərdir, kimlərdir, bilmirəm, içlərinin dərdi var, hərəsi bir marağa xidmət edir, belə fikirlər səsləndirirlər. Bu, onların problemidir". Yazıçı Seyran Səxavət isə qeyd edib ki, bu cür fikir səsləndirənlər qələbəyə kölgə salanlardır: "Ali Baş Komandan Qarabağ müharibəsi ilə torpaqlarımızı geri qaytarıb. O qəhrəmandır və Rasim Balayev qəbahət etməyib. Belə danışanlar isə qələbəyə kölgə salmaq istəyənlərdir". Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə məsələyə belə reaksiya verib: "Mən hər mövzu ilə bağlı niyə fikir bildirməliyəm? Hər mövzu ilə bağlı niyə hamı mənə zəng edir? Kim nə deyir, nə danışır özü bilər. Ziyalıyam deyə hər mövzuya fikir bildirmək məcburiyyətim yoxdur. Hər mövzu ilə bağlı da danışmaq istəmirəm". Kinorejissor, ssenarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Ayaz Salayev isə suala cavab verməkdən imtina edib: "Bu barədə danışmaq istəmirəm. İndiyədək Rasimlə bağlı çox açıqlama vermişəm. İndi ona münasibət bildirməyəcəyəm". Geri qayıt |