Əsas Səhifə > Şou-biznes > “Sənət hörmətdən düşüb”, deyənlərə Tacirdən CAVAB
“Sənət hörmətdən düşüb”, deyənlərə Tacirdən CAVAB14-08-2023, 11:03 |
“Əsl sənət və əsl sənətkar nə dəbdən düşər, nə də hörmətdən”. DİA.AZ bildirir ki, bunu Yenicag.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu son vaxtlar tez-tez səsləndirilən “bu gün sənət hörmətdən düşüb” fikrinə münasibət bildirərkən deyib. Əsl sənət və musiqiçilərə hər zaman hörmətlə yanaşıldığını bildirən Şahmalıoğlu bayağı mahnıların çoxaldığını da təəssüf hissi ilə bildirib: “Əsl sənət və əsl sənətkar nə dəbdən düşər, nə də hörmətdən. Əgər o, Allah vergisidirsə, həmişə insanlar tərəfindən seviləcək. Bu gün yaxşı sənətkarları yaşadan Azərbaycan xalqıdır. Yaxşı sənətkarı qoruyub saxlayırlar. Sadəcə olaraq bayağı musiqilərin sayı çoxalıb. Çünki əvvəllər olduğu kimi senzura, bədii şuralar yoxdur. Ona görə də hərə öz bildiyini oxuyur. Bayağı musiqilər əsl musiqiçilərin sənətinə bir balaca gölgə salır. Rəşid Behbudov, Sara Qədimova, Şövkət Ələkbərova, Elmira Rəhimova, Arif Babayev, Ağaxan Abdullayev və sairlərin oxuduğu mahnılar nə həmin dönəmlərdə dəbdən düşdü, nə də sonralar. Əvvəllər hər yetəni nə efirə buraxırdılar, nə də hər yetən öz bildiyini oxuyurdu. Şairin sözləri, bəstəkarın mahnısı senzuradan keçirdi. Ələnib süzgəcdən keçirilirdi. Xalqa ən gözəl musiqilər çatdırılırdı. Bugünkü gündə musiqi dünyasında böyüklüyə, kiçikliyə münasibət qabaqkı kimi deyil. Əvvəl musiqiçilər də indiki kimi çox deyildi, sayca çox az idi. Ona görə də hörmət-izzət var idi. Mənim oxuduğum “Bayatı-şiraz” 45 ildir ki, xalq tərəfindən sevilir. Nə hörmətdən düşür, nə dəbdən. Çünki bu, Allah tərəfindən mənə verilən bir vergi idi. Düşüncəmə gəldi, oxudum. Bu gün düşüncələr də zəifləyib, cılızlaşıb. Ümid edirəm ki, bunlar gələcəkdə düzələcək. Hər bir dövlətin mədəniyyəti onun musiqisi ilə ölçülür. Bu baxımdan gərək musiqimizə dəyər verək, yaxşı musiqiləri axtarıb tapaq. Dinləyicilərə əsl Azərbaycan musiqiləri aşılayaq. Musiqiyə də hörmət daimi olar”. Geri qayıt |