Əsas Səhifə > Şou-biznes > “Yaxşı ssenari və istedadlı rejissor olsa, 80 yaşımda da çəkilərəm”

“Yaxşı ssenari və istedadlı rejissor olsa, 80 yaşımda da çəkilərəm”


2-08-2023, 05:30
“Yaxşı ssenari və istedadlı rejissor olsa, 80 yaşımda da çəkilərəm”
“Kino günümü təbrik etdiyiniz üçün sizə təşəkkür edirəm. Sabah təşkil olunan Milli Kino günü tədbirinə getməyəcəm. O ki, qaldı Kino ittifaqların birləşməsinə... Balaca respublikada iki kino ittifaq kimə lazım idi? Yaxşı edib birləşdiriblər. Kino işçiləri də azalıb. Mənim kimi qocalar kənardadır, uşaq-muşaq ora yığılıb. Ümumiyyətlə mən heç vaxt Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ittifaqı bəyənməmişəm, inanmamışam. Amma Rasim Balayev ömrü boyu Rüstəm İbrahimbəyovla işləyib. Rüstəm kino ittifaqın sədri olanda çox gözəl günlər təşkil olunurdu. Festivallar, kino bayramları, kino gecələri və s. Mən elə özüm xaricdən gələn neçə-neçə aktyorlarla bu cür tədbirlərdə tanış olmuşam. Bizim kino festivallarımız bir növ əsl bayram idi. Yadımdadır, bir dəfə də Nizami kinoteatrında kino günü təşkil olunmuşdu. Pyer Rişar, Nikita Mixalkov və s. aktyorlar ölkəmizə gəlmişdilər. Rasim Balayev Rüstəm İbrahimbəyov məktəbi görüb, onunla işləyib. Mən istərdim ki, yeni sədr Rasim Balayev olsun. Düzdür, yaşı çoxdur. Ona bir yaxşı cavan köməkçi versəydilər, onlar ikisi kino ittifaqı idarə edə bilərdilər. Nəinki Şəfiqə.. O artıq qocalıb. Rasim sədr kimi o ittifaqa yaraşır. Rasim Balayev oranı parıldadar”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, məşhur kino aktrisası Elmira Şabanova deyib. Aktrisa bir müddət əvvəl kino ilə vidalaşdığını söyləsə də, çəkilmək istəyini də gizlətməyib.

“İstedadlı rejissor, yaxşı senari olsa nə olar ki, yaşlıyam, 80 yaşım var, elə öz sifətimlə çəkilərəm. Nə olsun ki, sifətimdə qırışlar əmələ gəlib. Əvvəl ana rollarını oynayanda qocaltmaq üçün sifətimə qırışlar edirdilər. Qrim ustaları deyirdilər ki, Elmira xanım, heç vaxt qocalmırsınız. Plastik əməliyyat nəyə və kimə lazımdır axı?! Allah sənə gözəl sima, sifət, üz cizgiləri verib. Bu sima ilə qəbul olunursansa, plastik əməliyyata nə ehtiyac var? Heç vaxt etdirməmişəm, etdirməyəcəm də. Bir obraz olsa, lap epizod da olsa çəkilərəm. Epizodun özü də maraqlı olmalıdır da. Əlbəttə ki, qonorar da daha 50 manat yox da (gülür). Kino təbiiliyi, həyatiliyi sevir. Plastik əməliyyat etdirən şəxs kamera önündə o dəqiqə onu tamaşaçıya hiss etdirir. Böyük italyan aktrisası var idi, Anna Manyani. Çox istedadlı aktrisa idi. Ona sual verirdilər ki, niyə plastik əməliyyat etdirib, qırışlarınızı yığışdırmırsınız? O deyirdi ki, sifətimdəki hər bir qırış mənim həyatımdır, mənim üçün əzizdir. Mən də elə düşünürəm” deyə xalq artisti bildirib.

Qeyd edək ki, aktrisa uzun illərdir mətbuatdan uzaq düşüb, televiziya verilişlərinə də çıxmır. O özəl olaraq hər zaman Moderator.az-ın suallarını cavablandırır. Sevimli sənətkarımıza biz də can sağlığı, yaradıcılığında isə uğurlar arzu edirik.
Geri qayıt