Əsas Səhifə > Şou-biznes > “Atam deyirdi ki, kişi qızının adını dillərə salmaz”

“Atam deyirdi ki, kişi qızının adını dillərə salmaz”


29-07-2023, 16:49
“Atam deyirdi ki, kişi qızının adını dillərə salmaz”
“Mən heç vaxt deməmişəm ki, atamın məzarı filan daşdan hazırlansın, bu qədər məbləğ ayrılsın. Xeyr, əsla! Bilirsiniz ki, baş daşına görə dövlət tərəfindən 16 min manat pul ayrılmışdı. Bir müddət əvvəl Bakı şəhər Əhaliyə Vətəndaşlıq Xidməti tresti məzarın eskizini hazırladı və bizə göndərdi. Biz eskizi bəyənməmişdik. İstəyirdik ki, atamın adına layiq bir məzar daşı qoyulsun. Gec qoyuldu, amma ürəyimizcə oldu. 1 il 6 aydan sonra məzar daşı qoyuldu. Mən fikirləşirdim ki, il mərasiminə qədər düzəldərlər, amma düzəltmədilər. Narazılığım da bundan irəli gəlirdi ki, ilə qədər niyə düzəldilməyib?. Çünki mən bəzi adamlara arxayın olub gözləyirdim”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli sənətkar, xanəndə Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli deyib.

O bildirib ki, məzar üstü abidə onun ürəyincədir.

“Eskizdə bəzi dəyişikliklər etdik. Məzar daşının sağ və sol tərəfinə güldanlar qoyuldu. Sağ olsunlar əlaqədar qurumlar ki, məni anlayışla qəbul etdilər, başa düşdülər, mən deyəni etdilər. Atam sənəti ilə hamıya bildirdi ki, o necə sənətkar olub ki, onu Birinci Fəxri Xiyabana layiq görüblər. Bu hər sənətkara nəsib olmur. Dövlətimdən, dövlət başçımdan çox razıyam. Sağ olsun dövlətimiz ki, onun məzarının hazırlanmasında köməklik göstərdilər. Cənab prezident İlham Əliyev, Vitse prezident Mehriban xanım Əliyeva atama sağlığında da qiymət veriblər. Heç vaxt yadımdan çıxmaz ki, Mehriban xanım hətta atamın yaşadığı evə də gəlib, onun səhhəti ilə yaxından tanış olmuşdu. Sənətkara bu cür diqqət heç bir dövlətdə yoxdur” deyə sənətkarın qızı bildirib.

Rəsqanə Məmmədli bildirib ki, məzar daşı qoyulmayan günə qədər atasının ruhu ondan əl çəkməyib.

“İnanın Allaha, ruhu məndən əl çəkmirdi. Yuxularıma girirdi, elə hey nigaran idi. Məzar daşı qoyulandan artıq yuxularıma girmir. İnşallah ki, ruhu şaddır. Atam həmişə deyirdi ki, xalq sevsə sənətkarı ona dağ bata bilməz. O cür də oldu. Atamın yazdığı, bəstələdiyi mahnılar bu gün efirlərimizin bəzəyidir, xanəndələrin repertuarını zənginləşdirir. O bacıma da, qardaşıma da mahnı yazmışdı. Adlarını qeyd etməsə də sənətlərinə yazmışdı. Mən həmişə deyəndə ki, ata, niyə mənim adıma mahnı yazmırsan? Deyirdi ki, kişi qızının adını dillərə salmaz (gülür). İncəsənətə həvəsim olsa da arxasınca gedə bilmədim. Çünki atam razı deyildi. Qətiyyən xoşlamırdı ki, ailəsindən kimsə incəsənət sahəsində olsun. O bunu heç cür qəbul edə bilməzdi” deyə sənətkarın qızı bildirib.
Geri qayıt