Əsas Səhifə > Şou-biznes > “O mənim ilham pərim, stimul verən qüvvəm idi, indi yeni mahnı çıxara bilmirəm”

“O mənim ilham pərim, stimul verən qüvvəm idi, indi yeni mahnı çıxara bilmirəm”


26-07-2023, 16:52
“O mənim ilham pərim, stimul verən qüvvəm idi, indi yeni mahnı çıxara bilmirəm”
“Bu gün ad günümdür. Amma qeyd etmirəm. Dost-tanışım nə qədər israr etsə də, qeyd etmədim. Yubileyimi bəlkə edərəm. Bu səhər gedib atamın məzarını ziyarət etdim. Atamdan sonra heç nəyin ləzzəti qalmayıb. Nə ad günü, nə də ki, şad günlər. Nə var idisə atamın vaxtında var idi. O getdi, özü ilə hər şeyi apardı. Hətta ruhumu da”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova deyib.

“Ən özəl təbrik mənə atamdan gəlirdi hər zaman. Deyirdi ki, “doçka, say”. Səsi, zəng etməyi üçün darıxmışam. Onun zəngi dünyalara dəyərdi. Həmişə də soruşurdu ki, kim zəng edib səni təbrik edib, kim etməyib?! O başqa idi. Onun özü mənə hədiyyə idi. Həmişə şirinlik verirdi ki, ürəyin nə istəyirsə özünə al. Atamla bağlı çox arzularımız var idi. Sonuncu mahnımda mən ifa edəcəkdim, o da şeir deyəcəkdi. Fransız mahnısı idi, sözlərini tərcümə etmişdik. Çox mahnılar var idi ki, onların üzərində işləyirdik. Sözlərini atam yazırdı. O mənim ilham pərim, stimul verən qüvvəm idi. İndi mən yeni bir mahnı da çıxara bilmirəm”, - deyə müğənni bildirib.

Səidə Dadaşova atasının adını daşıyan övladından da danışıb.

“Balaca Rafaeli hamı çox istəyir. İstəyirəm ki, oğlum özünə görə tanınsın. Öz hərəkətlərinə görə özünü təsdiq etsin. Düzdür, babasının adını, soyadını daşıyacaq. Əlbəttə ki, bu ad həmişə onun çiynində olacaq. Atam da zamanında mənə deyirdi ki, özünə görə tanın, mən də indi oğluma deyirəm, babam da vaxtilə atama deyib. Mən nə qədər bacardımsa özümə görə tanınıb, atamın adını hər zaman uca tutdum”, - deyə sənətçi bildirib.

Müğənni bildirib ki, insanlar arasında yad və doğmalığa önəm vermir.

“Elə yad var ki, doğmadan da doğmadır. Yad deyilən bir şey yoxdur. Yaxın olan insan yada, doğmalığa baxmır. Elə tanımadığım insan olub ki, mənə doğmadan da doğma olub. Mənə fərq etmir. Əsas odur ki, insan olsunlar, insanlıqlarını itirməsinlər”, - deyə müğənni bildirib.

Səidə Dadaşova bildirib ki, sənətlə düzgün şəkildə məşğul olmayan həmkarları çoxdur.

“Sənət aləmində məni heç nə üzmür, çünki sənətim var. Sırf sənət baxımından deyirəm. Əlbəttə ki, bəzi haqsızlıqlar, müəyyən məsələlər var ki, məni üzür. Hər şey yerində olsaydı daha gözəl olardı. Yenə də min şükürlər olsun ki, mən sənətdəyəm, sənətimi sevdiyimə görə də səhnədəyəm. Çünki mən sənətlə məşğulam, bu belə də davam edir. Özümü sənətdə görürəm, şou-biznesdə yox. Şou-biznesdə hər cür məşhur olmaq olar. Amma məşhur olmaq o deyil ki, sən sənətinlə sevilirsən. Ona təəssüf edirəm ki, sənəti, musiqini cılızlaşdırıblar, qurunun oduna yaş da yanır”, - deyə müğənni deyib.

Geri qayıt