Əsas Səhifə > Şou-biznes > “Moskva demişdi ki, ögey ana bu qədər humanist ola bilməz, ona görə də...”
“Moskva demişdi ki, ögey ana bu qədər humanist ola bilməz, ona görə də...”23-07-2023, 06:26 |
“Çəkildiyim filmə heç vaxt baxa bilmirəm. Baxanda da göz yaşları içində izləyirəm. Hətta rəhmətlik Gülşən Qurbanova deyirdi ki, filmin axırında televizoru söndürürəm. Filmlərimizi o vaxt Moskvada senzuradan keçirdi, sonra ekranlara çıxırdı. Bu filmlə bağlı bir haqsızlığa yol verdilər. “Ögey ana” filmi birinci yerə layiq görüldüyü halda, ikinci yeri ona verdilər. Belə qənaətə gəlmişdilər ki, ögey ana bu qədər humanist ola bilməz. Demək ki, ola bilər. Bizdə o qədər vicdanlı, mərhəmətli ögey analar var ki. Filmdə də əslində o təbliğ olunur ki, ögey ana da insanın öz doğma anası kimi ola bilər” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında “Ögey ana” filminin Cəmiləsi, sevimli uşaq qəhrəmanımız Sevinc Axundova deyib. “Ən çətin məqam çaya yıxılanda olmuşdu. Sentyabr ayının əvvəli idi. Havalar soyumuşdu. İsmayıllının Qalacıq kəndində çəkirdilər. Gözümüzün qabağında qəmbər daşlarını təmizlədilər. Ona görə də qorxub birinci kadr çəkiləndə qaçdım. Çay da elə axırdı ki. İsmayıl rolunu oynayan Ceyhun Mirzəyev mənə dedi ki, qorxma, bizi çayda tutacaqlar. 5 dəfə dubl oldu. İslandım, soyuq oldu. Anam da həkim idi, yanımda olurdu. Ona dedilər ki, spirt gətir, uşaqları spirtlə. O gedib-gələnə qədər biz artıq suya düşüb çıxmışdıq. Ceyhun da, mən də bərk xəstələndik. Uşaq idik, amma heç vaxt kapriz edib, deməmişəm ki, çəkilmək istəmirəm. Çalışırdıq ki, rejissorun tələblərini yerinə yetirək. Filmdə anamı oynayan gözəl aktrisa Nəcibə Məlikovanı sevimli aktrisa Hökümə Qurbanova səsləndirib, dublyaj edib. Baxmayaraq ki, o vaxt küsülü idilər, amma sənət başqa idi, şəxsi münasibət başqa” deyə sənətçi bildirib. Sənətçi şəxsi həyatından da danışıb. “Həyat yoldaşımı erkən itirmişəm. İki qızım, iki nəvəm var. Böyük qızımın iki övladı var. O biri övladım hələ ailə həyatı qurmayıb. Böyük qızıma filmdəki Cəmilə adını vermişəm. O vaxt ərəb kinosuna baxırdım, orada xanımın adı da Cəmilə idi. Övladlarımın ikisi də rəqslə məşğul olub. Böyük qızım sonradan modelyer oldu. Kiçik qızım Çinarə rejissorluğu bitirib, rəqsdən dərs deyir. Özüm də musiqi müəllimiyəm, pianodan dərs deyirəm” deyə Sevinc Axundova bildirib. Sevinc Axundova uşaq filmlərinin çəkilməməsindən də gileylənib. “Çox təəssüf ki, indi uşaq filmləri çəkən yoxdur. Düşünürəm ki, kino sahəmiz inkişaf edəcək və filmlər çəkiləcək. Kino forumu keçirildi, bunun mədəniyyətimizə müsbət təsiri mütləq ki, olacaq. Əlbəttə ki, indi əvvəlki kimi filmlər çəkilə bilməz. Amma az da olsa yaxşıları da var” deyə müsahibimiz bildirib. Geri qayıt |