Əsas Səhifə > Şou-biznes > “Çox təəssüf ki, gənclər istəyir ki, tez məşhurlaşıb, toylardan pul qazansınlar”

“Çox təəssüf ki, gənclər istəyir ki, tez məşhurlaşıb, toylardan pul qazansınlar”


16-07-2023, 06:46
“Çox təəssüf ki, gənclər istəyir ki, tez məşhurlaşıb, toylardan pul qazansınlar”
“Musiqiçinin, müğənninin işi konsert verərək, dinləyicilərinin zövqünü oxşamaqdır. İstər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından kənarda konsertlərim oldu. Bir iş görməyəndə içimdə çox böyük narahatlıq olur ki, bunu edə bilmədim, bu qaldı. Sənətimə qarşı çox tələbkaram”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib. Sənətkar tələbələrindən də danışıb.

“Tələbələrimə hər zaman tövsiyyə edirəm ki, çərçivədən kənara çıxmayın. Bəzi bayağı ifalar var ki, muğamlarımıza qətiyyən yaraşmır. Ona görə də tələbələrimə bunu etməyə icazə vermirəm. Müəllimlərim həmişə mənə deyirdilər ki, bala, öyrən, sonra o qədər toylara, efirlərə gedəcəksən ki. Çox təəssüf ki, indiki gənclər istəyirlər ki, tez məşhurlaşsınlar, toylardan tez pul qazansınlar. Mən də onlara deyirəm ki, ilk növbədə öyrənin, öyrənəndən sonra ruzi-bərəkət də gələcək. Əsas onların öyrənən vaxtlarıdır. Həmişə onlara deyirəm ki, köklü, keyfiyyətli mahnılara müraciət edin, trendə düşən mahnılar tez yaddan çıxır” deyə xalq artisti bildirib.

Sənətkar hər zaman baxımlı olduğunu bildirib.

“Qadın, ələxsus da sənətkar qadın hər zaman baxımlı olmalıdır. Əgər verilişlərə qonaq dəvət edirlərsə, evdən çıxıb birbaşa studiyaya qaça bilmərəm. Tamaşaçının gözü bizləri görür. Elə mən özüm də estetik gözəlliyə önəm verirəm. Tamaşaçılarıma hər zaman hörmətlə yanaşıram, ona görə də onlar üçün baxımlı olmağa məcburam. Gözəllik bahalı geyimlə ölçülmür. Sadə, ucuz geyinə bilərsən, amma zövlü görünə bilər. Bir də unutmamalıyıq ki, biz Azərbaycan qadınıyıq. Açıq-saçıq geyimləri ümumiyyətlə xoşlamıram. Bəzən açıq-saçıqlığı, bayağılığı müasirliyin göstəricisi kimi də göstərirlər” deyə sənətkar bildirib.

Sənətkar bu sənətin qadın üçün çətinliyindən də danışıb.

“İş prossesimiz kişilərlə demək olar ki, bərabərdir. Qastrol səfərlərimiz, studiya məşqlərimiz və s. Hər kişi də, həyat yoldaşı da buna dözə bilmir. Sənəti də, ailəni də qorumaq çətindir” deyə xanəndə bildirib.
Geri qayıt