Əsas Səhifə > Şou-biznes > “Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsi ədəbiyyat üçün, ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır”

“Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsi ədəbiyyat üçün, ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır”


14-07-2023, 16:42
“Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsi ədəbiyyat üçün, ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır”
Elza küləkləri səngimir. Zatən bu xanım sənətçi populyar idi. Ürəyə də, qulağa da xoş gələn mahnıları var. İnkar etmək olmaz. Amma bütün ölkə Elza Seyidcahanı əndrəbadi, ekstravaqant da yox e, özündən uydurma geyimlərinə, bər-bəzək əşyalarına görə daha çox müzakirə edir. Meyvə-tərəvəz, ot-ələf bir yana, ölkədə, bəlkə də dünyada qulağından başmaq tayı asan ikinci qadın yoxdur.

Elza xanımı sevənlər də var, onu anlayanlar da, təqdir edənlər də. Tənqid edənlər, qəbuledilməz sayanlar, hətta gülüş obyektinə çevirənlər də var. Bu xanım sənətçi dəfələrlə satira atəşinə tuş gəlib. Onun nakam şairimiz Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şerinə “ha ha ha”lar əlavə edib oxuması isə ölkədə əməlli-başlı zəlzələ effekti yaratdı. Bu da piara xidmət etdi. Nə fərqi var, yaxşı,ya pis. Piar, piardı. Elza xanım həm də aparıcılıq edir. Öz stilinə uyğun. Son günlərdə isə bu xanım Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilməsiylə gündəmi “partlatdı”. Haqqında yazmayan, tərifləyən, yamanlayan qalmadı. AYB isə üzv qəbul etdiyi xanımı əsl centlemensayağı müdafiə etdi. Əhsən! Müdafiə bu gün də davam edir. Hətta siyasilər (sabiqlər də, hələ də üzdə olanlar da) də Elza Seyidcahanın bizcə, ehtiyac duymadığı müdafiəsinə qoşulub. Məsələn, Müsavatın fəxri başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu... İsa Qəmbər Elza Seyidcahanın AYB-yə üzvlüyü haqq etdiyini, Sərdar bəysə xanımın sürrealizm cərəyanı nümayəndəsi olmasından yazıb.

Nə böyükmüş Elza sevgisi!.. Elza Seyidcahan həqiqətənmi sürrealistdir? Bu barədə şair, filoloq Arzu Əsəd özünün feysbuk səhifəsində izah verib. Arzi Əsədlə əlaqə saxladıq. DİA.AZ bildirir ki, şair “Sherg.az”a açıqlamasında yenə fikirlərinin arxasında olduğunu bir daha vurğuladı:

- Yazmışam ki, Sərdar Cəlaloğlunun sürrealizm və Elzanın dahiliyi haqqında dediyi sözlər gülüncdür, kədərlidir - tragikomikdir. İndi də bi fikrimdə qalıram. Sərdar Cəlaloğlunun bu sözləri təkcə haqqında danışdığı insanın deyil, həm də özünün ədəbiyyat haqqında çox bəsit, bilgisiz, hətta məlumatsız olduğunu bildirir. O anlamır ki, həyatda, elmdə olduğu kimi ədəbiyyat və sənətdə də cərəyanlar, yeniliklər birdən-birə taxçadan düşüb tap eləmir. Sənətdə, ədəbiyyatda hər bir cərəyan özündən əvvəlki cərəyanların davamı olaraq onu inkar və inkişaf etdirir. Məsələn, Sabir, Füzuli, Seyid Əzim kimi, Mayakovski Puşkin və Blok kimi, Nazim Hikmət Namiq Kamal Yəhya və Tofiq Fikrət kimi və onlar səviyyəsində şeir yaza bilirdi, Pikasso Rafael və Van Qoq kimi şəkil çəkə bilirdi. Lakin yeni dövr, yeni həyat münasibətləri, yeni məzmun başqa forma tələb elədiyinə görə onlar başqa, yeni formada yazıb-yaradıblar. Forma başqa olsa da hər yeni cərəyan öz içində özündən əvvəlki cərəyanların meyar və xüsusiyyətlərini daşıyır. Məsələn, Umberto Ekonun, Orxan Pamukun romanları həm yeni, postmodernist üslub gətirir, həm də bildiyimiz klassik romanların xüsusiyyətlərini özündə daşıyır. Bir sənət əsəri sürrealist, irrealist, hiperrealist, modernist, postmodernist olmamışdan əvvəl sadəcə sənət əsəri olmalıdır, ümumi sənət meyarlarına malik olmalıdır. Ədəbiyyat nə Sərdar Cəlaloğlu, nə də Elzalıqdır. Bildikləri işlə məşğul olsunlar, ictimai şüuru bulandırmasınlar.

– Arzu bəy, belə yanaşma da var ki, bu məsələ müzakirə edilməməlidir. Müzakirə edildikcə, məsələ gündəmdə qalır, populyarlaşır.

-Hər hansı bir mövzu hər hansı bir bəhanə ilə ortaya atılıb gündəmə, müzakirəyə çevrilirsə, o müzakirələrdən qaçılmamalı, antitezis qoyulmalıdır. Nəticədə fikir özü dərinləşib həqiqətə aparır. Passivlik, inersiya, təkəbbür və sairə göstərib əhəmiyyət vermədikdə isə yanlış fikir ictimai şüuru daha da bataqlığa çevirir.

– Bəs, Elza Seyidcahanın AYB-yə üzv qəbul edilməsinə necə baxırsınız?

- AYB bir ictimai təşkilatdır. Elzanın ora üzv olması adi bir məsələdir. Bu hadisə özlüyündə ədəbiyyat üçün ədəbi meyarlar üçün bir toz qədər əhəmiyyət daşımır. Elzanın bir müğənni kimi şeirə, sənətə belə məhəbbətinin olması məni sevindirir. Qoy bu sevgi başqaları üçün də bir nümunə olsun. O həm də yazıçı və şairlərin mədəni-kütləvi tədbirlərində şeirə-sənətə rəğbəti çox olan bir musiqiçi kimi iştirak edib o tədbirlərə, özü demişkən, bir rəng, bir canlılıq qata bilər. Amma o bir yetkin insan kimi öz səviyyəsini özü görə bilməlidir. Onun yazılarının müxtəlif populyar və populist adamlar tərəfindən müxtəlif “izm”lərlə, ədəbi cərəyanlarla əlaqələndirilib bir novator, dahi kimi elan edilməsi minillik Azərbaycan ədəbiyyatına təhqirdir, bu xalqın mənəviyyatı, ictimai şüuru ilə alay etməkdir. Sərdar Cəlaloğlu gündəmə gəlmək üçün böyük Səməd Vurğunu təhqir etməkdən çəkinməyən, özünün Quran təfsiri və elmi ictimaiyyətə məlum olmayan hansısa elmi-populyar kitabı ilə Nobel mükafatına iddia etmək dərəcədə diletantlığa yuvarlanan, tarixi təhrif edərək xalqımızın milli qəhrəmanlarına böhtan atacaq dərəcədə özündə cəsarət tapan yeniyetmə şüurlu bir populistdir. Elzanın zahirdə, səhnədə etdiyini o siyasət və düşüncə meydanında edir. Bu görünməyən eyniyyət, eyniləşmə onu Elzaya dahi deməyə məcbur edir. Şüuraltı qatda o əslində özünə dahi deyir. Çünki özü də başqa bir müstəvidə - siyasət və düşüncə müstəvisində həmin populizmlə məşğuldur. Bütün bunlar bir qədər maraqlı və əyləncəli olsa da, cavabı verilmədikdə təhlükəli və zərərli ola bilər. Sənətin fərdin və cəmiyyətin inkişafında oynadığı həqiqi, ciddi, məsuliyyətli rolu məsxərəyə qoyulmaqla meyarlar dəyişdirilməyə, sözün, ədəbiyyatın onsuz da zədələnmiş nüfuzu aşağı salınmağa cəhd edilə bilər.

Geri qayıt