Əsas Səhifə > Şou-biznes > “Aktyor yaxşı dolanmaq üçün çox işləyir, yaş artır, maddiyat yox”

“Aktyor yaxşı dolanmaq üçün çox işləyir, yaş artır, maddiyat yox”


12-07-2023, 07:22
“Aktyor yaxşı dolanmaq üçün çox işləyir, yaş artır, maddiyat yox”
“Mən həmişə demişəm ki, kinoda bəxtim gətirib. Çünki elə illərim olub ki, eyni anda iki filmdə paralel çəkilmişəm. Filmə çəkilirdim, daha sonra elə olurdu ki, həmin film kinoteatrlarda nümayiş etdirilirdi. Arxa cərgədə otururdum ki, tamaşaçılar məni tanımasınlar. Film gedəndə qışqırırdılar ki, Həmidə Ömərova, Həmidə Ömərova! Fərəh hissi gəlirdi, sevinirdim ki, məni ekranlarda tanıyırlar. Elə filmlər olub ki, tənqidi yanaşmışam ki, indi çəkilsəm başqa cür oynayardım. Amma əsasən ya film maraqlı olub, ya da ki, vəziyyət. Kəskin fikirli olmamışam ki, düz oynamamışam”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib. Aktrisa heç vaxt yaşını gizlətmədiyini bildirib.

“Artıq o mərhələni adlamışam ki, qadınlar öz yaşlarını gizlədirlər. Gənclik illərində 16 yaşın olanda deyirsən ki, əksinə 20, 25 yaşım var. 30-dan sonra başlayırlar yaşlarını kiçiltməyə. Hamı bilir ki, mənim yaşım 65-i keçib. Bilirsiniz nə yadıma düşür? Eldar Quliyevin “Burulğan” filmi var idi. O filmdə bizdən 7-8 yaş böyük litvalı aktrisa Eqle Qabrenayte çəkilirdi. Mən də daxil olmaqla 4 gənc çəkilirdik. Operator həmin aktrisaya dedi ki, ağ saçlarını gizlət, qız pərt oldu. Aktrisa da dedi ki, mən ağ tükləri zəhmətimlə qazanmışam, onlarla fəxr edirəm. O söz mənim beynimə həkk olundu. İllər keçdikcə özüm də gördüm ki, indiki zamanda bu yaşa çatmaq hər adama qismət olmur” deyə sənətkar bildirib.

Xalq artisti hazırkı dövrdə daha çox komediya filmlərinin çəkildiyini vurğulayıb.

“Komediya filmləri kommersiya xarakterli çəkilir. Əgər fikir vermisinizsə, dövlət dəstəyi ilə çəkilən filmlər arasında komediya xarakterli filmlər yoxdur. Ancaq bəzi rejissorlar onu da nəzərə almalıdırlar ki, tamaşaçını geriyə salan saysız-hesabsız kommersiya xarakterli filmlərdənsə, elə bir film çəksinlər ki, içərisində komediya da olsun. Kütlə mədəniyyətinə xidmət etməməliyik” deyə sənətkar bildirib.

Xalq artisti aktyorların qonorarının az olduğunu da bildirib.

“Təkcə aktyorlara yox, senaristlərə də, rejissorlara da az dəyər verilir. Ona görə də bizim aktyorlar yaxşı dolanmaq üçün çox işləyirlər. İş üçün həm dublyaja, həm teatra, həm də digər yerlərə gedirlər. Sonra görürlər ki, yaşları artsa da, maddi vəziyyətləri əvvəlkidir. Bizdə kino marketinqi yoxdur. Kinonu təbliğ etmək lazımdır” deyə xalq artisti bildirib.
Geri qayıt