Əsas Səhifə > Şou-biznes > “Əlibala Hacızadə universitetdə məni görüb dedi ki, olar səni öpüm?”
“Əlibala Hacızadə universitetdə məni görüb dedi ki, olar səni öpüm?”11-07-2023, 07:24 |
“Çox insanlar elə bilir ki, mən əvvəldən Akademik Milli Dram teatrında işləmişəm, amma mən 1979-cu ildə universiteti bitirəndə təyinatımı Şəki Dövlət Dram teatrına aldım. Təəssüf ki, gedə bilmədim, məni saxladılar ki, universitetdə dərs deyim. O vaxt Səda Tədris teatrı var idi, indiki Yuğ teatrının bünövrəsi orada qoyulurdu və mən o bünövrəni qoyanlardan biriyəm. Orada işləyə-işləyə AZDRAMA-da yazıçı Anarın “Səhər yuxuları” tamaşası hazırlanırdı, məni Leyla roluna dəvət etdilər. 1986-cı ildən Akademik Milli Dram teatrında qalıb işlədim” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Hicran Nəsirova deyib. “Vaxtilə teatrın səhnəsində baş rollar oynamışam. Nə qədər cavan idimsə, rollarım da çox idi. Təsəvvür edin ki, “Balaca şəhzadə” tamaşasında Ekzüperi rolunu ölkə teatrlarında ilk dəfə məhz mən oynamışam. Bu mənim ən çox sevdiyim obrazlarımdan biri idi. Tamaşanı rəhmətlik Vaqif İbrahimoğlu səhnələşdirmişdi, deyirdim ki, yenə belə rol olsa böyük məmnuniyyətlə oynayaram. Özümü tərifləməyi sevmirəm, amma kənardan deyilən sözlər ki, var onlar qulağımda sırğa olub qalıb. AZDRAMA-da “Yalan” tamaşasında Nabat rolunu oynamışam. Nabatın sözü səhifə yarım idi, sözsüz səhnələrim daha çox idi. Moskvadan teatrşünas gəlmişdi, iclasda əsasən “Yalan” tamaşasından mənim ifam haqda danışıldı. Mən çox təbii oynayıram, yalan sevmirəm, içimdən ağlamaq gəlirsə ağlayacam, gülmək lazım gəlirsə güləcəm. Elə vaxtım olub ki, 39-40 qızdırma ilə premyera oynamışam, amma toparlanmışam. Özümü səhnədə ələ almışam, tamaşaçıya heç nə hiss etdirməmişəm. İndikilərin əksəriyyətində sənətə qarşı bu sevgi, fədakarlıq yoxdur” deyə sənətkar bildirib. Aktrisa ulu öndər Heydər Əliyevin onun sənətinə verdiyi qiymətdən də danışıb. “ “Fərhad və Şirin”, “Aydın” tamaşalarına o vaxt ulu öndərimiz Heydər Əliyev və sevimli prezidentimiz İlham Əliyev də gəlmişdi. O iki tamaşada ilk alqışlanan mən olmuşam. Tamaşadan sonra bilirsiniz ki, həmişə gəlib aktyorlarla görüşürdü, çox xoş sözlər deyirdi, fenomen bir insan idi. İkinci tamaşada da gəldi, yenə də xoş sözlər dedi. Üstündən bir ay keçmişdi Heydər Əliyev sarayında pərdəarxasında görüşəndə, əlini uzatdı, məni çəkdi yanına, dedi ki, qızım mənə sözün?! Doldum, dedim ki, sizə can sağlığı arzulayıram. Sonralar mən mən ağır xəstələndim. Heydər Əliyevə bu xəbər çatanda bütün xərcləri öz üzərinə götürdü, məni Moskvada müalicə etdirdi. O olmasaydı mən çoxdan dünyamı dəyişmişdim” deyə sənətkar bildirib. Aktrisa çəkildiyi televiziya tamaşalarından da söz açıb. “ “Evləri köndələn yar” 1982-ci ildə çəkilib. Gecə çəkilişi var idi orada, Telman Adıgözəlovla birlikdə çəkilirdim. Dəhşət soyuq var idi, dolu yağırdı. Yadımda o qaldı ki, səhər məni təcili tibbi yardımla xəstəxanaya apardılar. Çox maraqlı çəkilişlər gedirdi, yaxşı rejissor və tərəf müqabilləri ilə işləyəndə onun əziyyəti gözə görünmür. Respublikada ilk serialda çəkilmişəm, “İtkin gəlin”-də Dünya rolunu oynamışam. Televiziya tamaşasına çəkilib qurtarandan sonra mən o vaxt universitetdə dərs deyirdim. “İtkin gəlin” əsərinin müəllifi Əlibala Hacızadə orada fars dilindən dərs deyirdi. Məni universitetdə görüb dedi ki, olar səni öpüm?! Dedi ki, Dünya rolunu mən yazdım, amma Dünyanı sən Dünya etdin” deyə sənətkar bildirib. Geri qayıt |