Əsas Səhifə > Şou-biznes > "Xalqın sevgisini daim hiss edirəm..."

"Xalqın sevgisini daim hiss edirəm..."


8-07-2023, 01:37
"Xalqın sevgisini daim hiss edirəm..."
“Xalqın sevgisini daim hiss edirəm. Bu həqiqətən də mənə çox xoşdur. Sevilmək gözəl hissdir. İnsanların içinə çox çıxmasam da, bəzən oluram. Hamı yaxınlaşır, şəkil çəkdirir, sevgilərini bildirirlər. Səsləndirdiyim şeirləri əzbər bilirlər, paylaşırlar. Sizin vasitənizlə bir daha sevənlərimə təşəkkür edirəm ki, məni unutmurlar. Mən də hər zaman onlar üçün çalışmışam. Qızıl fondda çox sayda səs yazılarım, verilişlərim var. Tamaşaçılarım olmasaydı heç bu qədər işlər görə bilməzdim”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Əminə Yusifqızı deyib.

“Mən hər adamla söhbət edib, ünsiyyətə girə bilmərəm. Çox qapalı insanam. Baxmayaraq ki, kinostudiyada, teatrda çalışmışam, amma heç kimə qaynayıb-qarışmamışam. Öz işimi görüb, getmişəm. Sutkanın 20 saatını mən işdə olurdum. Bir yandan radio, bir yandan dublyaj, bir yandan da teatr və konsert səhnələri. O vaxt da qapalı idim, elə bu gün də qapalıyam. Ona görə də hər verilişə getmirəm, hər yerə müsahibə vermirəm”, - deyə sənətkar bildirib.

Xalq artisti yaddaşını daim təzələdiyini bildirib.

“Məndə çox güclü bir hafizə, yaddaş var. Şeiri əzbərləmirəm, çoxlu oxuyuram. Çaşanda açıb oxuyuram. Bəzən də olur ki, gecə vaxtı oxuyuram, yadımdan çıxır. Tez açıb baxıram. O da ömürlük yaddaşımda qalır. Mənim bütün otaqlarımda kitab rəfləri var. Vaxtilə kitabxana böyüklüyündə kitablarım olub. Sonra onları qardaşıma, qohumlarıma bağışladım. Əsas poeziyanı saxladım”, - deyə xalq artisti bildirib.

Əminə Yusifqızı anasını da xatırlayıb.

“Anam ömür boyu mənə kömək edib. Nə qədər qazanıb gətirsəm də, anamın puluna həmişə ehtiyacım olub. Məni hər şeydən qoruyurdu. Mən dram truppasına gedib-gəlirdim, qardaşımın xəbəri yox idi. Deyirdi ki, hanı Əminə?! Mən teatrda işləyəndə artıq o hərbi xidmətə getdi. Heç xəbəri də olmadı. Yenə də anam mənə dəstək oldu”, - deyə sənətkar bildirib.

Xalq artisti fobiyasından da danışıb.

“Baxmayaraq ki, dəniz haqda çoxlu şeirlərim var, amma dənizə getmirəm. Buna baxmayaraq Bakıdan Qaradəniz vasitəsilə Ərəb ölkələrinə gedən ilk turistəm. Amma Şekspirin sonetlərini çəkəndə dəniz haqda soneti var idi. Bir də gördüm ki, dənizin suyu boğazımdandır. Oxuya-oxuya girmişəm suya”, - deyə sənətkar bildirib.
Geri qayıt