Əsas Səhifə > Şou-biznes > Zamirə Dadaşova Space TV ilə bağlı elə şeyləri danışdı ki...
Zamirə Dadaşova Space TV ilə bağlı elə şeyləri danışdı ki...7-07-2023, 14:38 |
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Zamirə Dadaşova uzun illərdir çalışdığı Space TV-dən ayrılıb. Bu barədə sosial media hesabında yazan aparıcı ona qarşı qanunsuzluq edildiyini, verilişinin səbəbsiz bağlandığı, ixtisara salındığını bildirib. Musavat.com Zamirə Dadaşova ilə əlaqə saxlayaraq işdən ayrılma səbəbləri, haqqında səslənən iddialarla bağlı məqamlara aydınlıq gətirib. DİA.AZ həmin müsahibəni təqdim edir: -Zamirə xanım, bir neçə ay öncə işdən ayrıldığınızı açıqladınız. İstərdim ilk növbədə bunun səbəbini deyəsiniz. “Space”dən niyə çıxdınız? - Vodo Korovin gələndə “Space”in köhnə kollektivini işdən azad etməyə başladılar. Mən də soruşdum ki, əgər mənimlə işləmək istəmirsinizsə, ərizəmi yazım, gedim. Dedilər ki, verilişiniz gözəldir, çəkilişləri davam edə bilərsiniz (red:“Açıq söhbət”). Komanda ilə birgə 4 veriliş çəkdik. Müharibə və əmək veteranı Fatma Səttarova ilə çəkdiyimiz verilişin anonsu getmişdi, axşam saat 21.00-da efirə verilməli idi, lakin veriliş verilmədi. Heç nədən xəbərim yox idi. Məlum oldu ki, veriliş bağlanıb. Bu mənə yox, Fatma xanıma hörmətsizlik idi. O yaşda qadını pavilyona gətirtdik, neçə saat çəkiliş oldu, müvafiq təsdiqləmədən keçdi. Fatma xanım özü zəng etdikdən sonra veriliş efirə verildi. Digər verilişlər isə verilmədi. Mən də etiraz olaraq ərizə yazmayacağımı bildirdim. Dedilər ki, ixtisara düşmüşəm. Bu barədə xəbərdarlıq məktubu verdilər. 2 aydan sonra ərizə yazmasaydım, işimə xitam veriləcəkdi. Mənim onsuz da ərizə yazmaq fikrim yox idi. İxtisara düşən şəxs niyə ərizə yazmalıdır? 2 ayın tamamında həyat yoldaşım kanalın insan resursları şöbəsi ilə əlaqə saxlayıb dedi ki, əmək kitabçasını hazırlayın, gəlib götürəcəyik. Kanaldan dedilər ki, sizinlə əlaqə saxlayacağıq. Mənə mesaj göndərdilər ki, gəlin, işdən çıxmağınız haqqında ərizə yazın. Etiraz etdim ki, ixtisara düşmüşümsə, niyə öz istəyimlə işdən çıxmağıma dair ərizə yazmalıyam? Dedilər ki, iyulun 3-nə kimi əmək haqqımı verəcəklər. Mənim maaşla bağlı heç bir iddiam yoxdur. Hər kəs bilir ki, “Space”in ən pis vaxtlarında belə mən də daxil olmaqla, bir çox əməkdaş işdən ayrılmayıb. Maaşsız işləmişik. -İşə gəlmədiyiniz üçün çıxarıldığınız bildirilir. -Əgər mən ixtisara düşmüşəmsə, verilişim bağlanıbsa, işə niyə getməliyəm? Vodo Korovinin imzası ilə xəbərdarlıq göndərildikdən sonra fikir dəyişmək nə deməkdir? Məsələ ictimailəşdikdən sonra deyiblər ki, yoldaşım gedib sənədləri götürməyə. Hər yerdə kamera var, zəhmət olmasa, sübut etsinlər. Yoldaşım zəng edib ki, sənədləri hazırlayın, gəlib götürəcəyik. Telefon danışıqları da var. Özbaşınalıqdı? -Sponsoru təşkilati dəstəkçi kimi təqdim etməyinizlə bağlı nə deyə bilərsiniz? -Savadsızdırlar. Şirkət bəllidir, getsinlər, araşdırsınlar. Məndə səs yazıları, faktlar var. Əgər qanunsuzluq var idisə, niyə daha əvvəl görmürdülər? Kanalın işçiləri 5 manat itirməsinlər deyə öz sosial media səhifələrində statuslar yazırlar. Bəlkə də özləri də iyrənirlər yazdıqlarından...Yazıqdırlar. Sabah Vodo Korovin və digərləri orada olmayacaq, amma o insanlarla mən üz-üzə gələcəyəm. Ayıbdır! Mən “Space”dən maaş, əlavə pul və s. istəmirəm. Sadəcə əmək kitabçamı istəyirəm. Vodo Korovinin adına rəsmi məktub da göndərmişəm. -Sizcə, sizi uzaqlaşdırmaqda əsl məqsəd nədir? -Görünən dağa bələdçi lazım deyil. Efirdə gedən verilişlər bəllidir. Onlar qorxurlar ki, məhkəməyə müraciət edərəm. Mənə edilən hörmətsizlik aşkardır. Ziyalıların mənim verilişim, şəxsən mənim haqqımda dedikləri bəllidir. “Space”ə səviyyəli veriliş lazım deyil. Bu gün verilişlərin səviyyəsi, kanalın vəziyyəti göz önündədir. Deyilənə görə, maaşlar gecikdirilir. -Siz Space Tv-də 17 il çalışmışınız. Kanalın ən çətin vaxtlarında belə işdən ayrılmadınız. -Mən işimi sevmişəm. Kanaldan-kanala gəzməklə aram olmayıb. Həm də mənim iş qrafikim ürəyimcə idi. İşim bitəndə dəhlizləri gəzmirdim, evimə gəlib, övladlarıma zaman ayırırdım. Məvacibim yüksək deyildi, amma məni qane edirdi. Mən pula görə işləməmişəm. Pula görə yaltaqlıq etmərəm. İşimi itirməyim deyə heç kimin qarşısında əyilmərəm. Kanalda hər zaman qalmaqallar olub. Çağırıblar, deyiblər ki, filan kəs haqqında pis danış. Mən birbaşa rəhbərliyə demişəm ki, belə məsələlərə qarışmıram. Mənəviyyatsızdırlar! Bu gün bir rəhbərin ayağının altında qalan, sabah başqa rəhbərin ayağının altında qalar. Mən isə hər zaman başda qalacağam. -Uzun illər Vaqif Mustafayevin rəhbərliyi altında çalışdınız. Onun fəaliyyəti sizi qane edirdimi? -Gedənin arxasınca danışmağı sevmirəm. Müəyyən problemlər yaşasaq da, ölkədə tanınmış şəxs idi. Rejissor kimi onun fəaliyyəti danılmazdır. Kaş, “Space”ə rəhbər gəlməzdi. Görsəm, üzünə də deyərəm. İdarəetmə tamam başqa sahədir. -Müşfiq Hətəmovun rəhbərliyi dövründə kanalın fəaliyyəti qanedici olmağa başlamışdı. Siz uzun illər orada çalışan aparıcı kimi bu dəyişikliyi necə hiss edirdiniz? -Hər kəs bilirdi ki, “Space” borc içində idi. Müşfiq müəllim bütün borcları bağlamağı bacardı. Məvaciblərimizi vaxtı-vaxtında almağa başlamışdıq. İşçilərin mənafeyini də qoruyurdu. Onun getməsini istəməzdim. Cəmi bir il ərzində illərlə yığılmış borcları bağlamağı bacarmışdısa, “Space” daha uğurlu kanal ola bilərdi. -Bəs Müşfiq Hətəmov kanaldan niyə ayrıldı? -Bu barədə heç nə deyə bilmərəm. Bir gün eşitdik ki, Müşfiq müəllimin yerinə Vodo Korovin gəlir. Mən onu ancaq KVN-dən tanıyırdım. Adi tanışlıq oldu. Onu Müşfiq müəllim təqdim etdi. -Vodo Korovinin sizə münasibəti necə idi? -Şəxsi ünsiyyətimiz olmayıb. Mən ümumiyyətlə, heç vaxt rəhbərliklə ünsiyyəti sevməmişəm. - İş təklifləri varmı? Harada çalışmağı düşünürsünüz? -Bir neçə təklif var. Çox güman ki, elə bu verilişlə davam edəcəyəm çünki bu mənim müəllif verilişimdir. Hələ ki, açıqlama vermək istəmirəm. Geri qayıt |