Əsas Səhifə > Şou-biznes > “Mahnısı 500 milyon izlənilib, bu sənət demək deyil axı”

“Mahnısı 500 milyon izlənilib, bu sənət demək deyil axı”


3-07-2023, 10:01
“Mahnısı 500 milyon izlənilib, bu sənət demək deyil axı”
“Hər şeyi tamaşaçılar üçün edirik ki, onlar izləsinlər. Bu gün o qədər internet, yutub oxuyanlar var ki, adam çaş-baş qalır. Bu günlərdə bir müğənninin yutub səhifəsi qarşıma çıxdı. Baxıram ki, bir mahnısı 500 milyon izlənilib. Bizim müğənnimizdir. Bu göstərici sənət demək deyil. Bu baxış sayı ilə peşəkarlıq ölçülmür. Biz sənət adamları sənətimizi sata, göstərə bilmirik. Yalnız düşünürük ki, səviyyəli el şənliyi olacaq, gedib oradan qonorar alıb, hansısa bəstəkara pul verib, mahnı alacağıq, klip çəkdirib, efirə çıxaracağıq. Bütün bunlar olmasa biz heç nə edə bilmirik. Halbuki biz sənət insanı olaraq ömrümüzü, günümüzü bu sənətə həsr etmişik”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib.

“Bəzən deyirlər ki, aktyor sənəti asılı sənətdir. Mən deyərdim ki, elə müğənnilik də asılı sənətə çevrilib. Bu günü ilə yaşayan müğənnilər var ki, nə desən edirlər. İstər danışıqları ilə, istərsə də geyimləri ilə gündəmə gəlirlər. Onlar toylara daha baha qonorara gedirlər. Yutub səhifələrində dinlənilən mahnıların əksəriyyəti də o müğənnilərin oxuduqlarıdır. Tamaşaçı da onları dinləyir, zövqünü korlayır”, - deyə əməkdar artist bildirib.

Gülüstan Əliyeva bildirib ki, nə qədər gülsə də, gözləri həmişə onu ələ verir.

“Gözlər qəlbin aynasıdır. Deyir ki, bir insanı daha yaxşı tanımaq, həyatını daha yaxşı müzakirə etmək üçün onun gözlərinə bax. Kədər əlbəttə ki, gözlərdə qalır. Bunu mənə zamanla çox insanlar deyib. Nə qədər gülsəm də, danışsam da, ətrafıma işıq saçsam da gözlər həmişə düzünü deyir. O kədəri də, o ağrını da, o həsrəti də, ayrılığı da gizlədə bilmirsən. İnsanların hamısına səadət arzulayıram. Hər birimizin həyatında qəmli notlar, kədər var. Əlbəttə ki, bunları hamımız yaşayırıq. Mənim payıma daha çox düşüb”, - deyə Gülüstan Əliyeva bildirib.

Sənətkar oxuduğu mahnıların sözünə çox önəm verdiyini bildirib.

“Təbii ki, bir çox mahnılar təklif olunur. Mən onların içindən seçirəm. Mənim üçün musiqiyə çevrilən söz çox önəmlidir. Söz tamaşaçıları tutub saxlamalıdır. Bir də görürsən ki, mahnının gözəl musiqisi var, amma sözləri zəifdir. Tamaşaçı o dəqiqə bunu hiss edir. O mahnıları seçirəm ki, sözləri az da olsa mənim həyatıma aid olsun. Çünki hər insanın ömür yolu var”, - deyə sənətkar bildirib.

Geri qayıt