Əsas Səhifə > Şou-biznes > “Gündə bir hoqqa çıxarırlar, qadınlar ora-burasını şişirdir…”

“Gündə bir hoqqa çıxarırlar, qadınlar ora-burasını şişirdir…”


29-06-2023, 14:46
“Gündə bir hoqqa çıxarırlar, qadınlar ora-burasını şişirdir…”
Hazırda estetik əməliyyatlar və prosedurlar dünyada olduğu kimi ölkəmizdə də olduqca geniş yayılıb. Təəssüf ki, dünyanın hər yerində, eləcə də ölkəmizdə istər məşhur, istərsə də sadə insanlar arasında estetik əməliyyat qurbanı olmuş yüzlərlə şəxs var. Mütəxəssislər isə estetik prosedurların həm müsbət, həm də mənfi tərəfləri olduğunu söyləyirlər.

Son zamanlar müzakirə mövzusuna çevrilən digər məsələ isə gənc qızların getdikcə bir-birinə bənzəməsidir.

DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu cür əməliyyatların qəti şəkildə əleyhinə olduğunu bildirib:

“Mən bu millətə yanıram, görün bu millət nə qədər çaşıb ki, var-dövlətini yığır, gözünün ağı-qarası bir övladına toy edir, borca-xərcə düşür və həmin pulun yarısını restoranlara, yarısını da “manıs”lara verir. Onlar da bu pullarla gündə bir hoqqa çıxarırlar, biri burnunu düzəldir, biri çənəsini düzəldir, biri qarnını kəsdirir, biri dodağını şişirdir…

Heç biri də başa düşmür ki, o plastik əməliyyatların 3-5 il sonra fəsadları üzə çıxacaq”.

Kinorejissor bu məsələyə dövlət qurumlarının da nəzarətinin vacib olduğunu qeyd edib:

“Bu məsələyə nəzarət etmək lazımdır. Səhiyyə Nazirliyi hara baxır?! Əlaqədar dövlət strukturları buna ciddi nəzarət etməlidir. Gecə-gündüz hərəsi bir yerdən gələn cərrahlar reklam olunur, millətin qarnını, burnunu kəsib, botoksla, selikonlarla bədənlərini doldurub pis günə qoyurlar. Qurani-Kərimdə buyurulur ki, can bizə Allahın əmanətidir, ona xəyanət etmək olmaz. Bu nədir axı?! Artıq hamı bir-birinə oxşayır, millət deqredasiyaya uğrayır. Hər il plastik əməliyyatlara, ordan-burdan gələn cərrahlara milyonlarla manat pul xərclənir. Öz əlimizlə özümüzü pis günə qoyuruq. Toylardan yığılan pullarla millət bu günə düşür. Təklif edirəm ki, xaricdə oturub bütün günü söyüş söyən, özünü müxalifətçi adlandıran blogerlər bununla məşğul olsunlar.

Bir sənətçi üçün ilk növbədə dəyər, əxlaq, milli-mənəvi ölçülər dayanmalıdır. Ümumiyyətlə, hər bir peşə sahibi üçün bu dəyərlər başda gəlməlidir, sənət də, siyasət də, elm də bunlardan sonra gəlir. Əgər bir insanda əxlaq yoxdursa, mənə o cür sənətçi də, siyasətçi də lazım deyil! Əlimdə ixtiyar olsa, bir gecədə hamısını yığıb yox edərəm! Çox təəssüf ki, mənim ancaq söz deməyə gücüm çatır.

Bütün gün özümü öldürüb deyirəm ki, ay millət, pulunuzu yalançı restoranlara, əxlaqsız, mənəviyyatsız müğənnilərə verməyin! Təbii ki, söhbət bütün sənətçilərdən getmir və bu sözlərim ləyaqətli olanlara aid deyil. Və artıq onlar da danışmalıdırlar. Azərbaycan mədəniyyətində söz sahibi olanlar susmamalıdır, bu problemləri dilə gətirməlidir. Niyə dillənmirlər? Niyə əxlaqlı xanım müğənnilərimiz səsini çıxarmır? Nə vaxta qədər səsi olmayanlar, iki cümləni ard-arda qoşub deyə bilməyənlər texnikanın hesabına çıxıb oxuyacaqlar? Hamısı da kök, dar paltarları geyinib efirə çıxır, sinələrini, baldırlarını fırlaya-fırlaya bayağı mahnılar oxuyub xalqın zövqünü korlayırlar”.

Geri qayıt