Əsas Səhifə > Şou-biznes > “Oğluma “sən Səlim Müslümovun adamısan” deyib…”
“Oğluma “sən Səlim Müslümovun adamısan” deyib…”23-06-2023, 12:26 |
“Mənim oğlum kefindən ərizə yazıb işindən çıxmayıb. Vəziyyəti bu səviyyəyə gətirib çatdıranlar olub. Bütün günü nazirlikdə “sən Səlim Müslümovun adamısan” deyə başına qaxınc edirlərmiş. Ya cinayət etməli idi, ya da intihar”. DİA.AZ bildirir ki, bunu Gununsesi.info -ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov oğlu Babək Mahmudovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyindən işdən çıxma səbəbini açıqlayarkən deyib. Aktor məsələ ilə bağlı ölkə başçısına müraciət edib: “Səlim Müslümov mənim dədəmdir? 60 ildir kinostudiyada işləyirəm, 10 rəhbər dəyişib, onda belə çıxır ki, mən onların hamısını adamıyam? Bu nə gülməli, nə mənəviyyatsız, nə əxlaqsız yanaşmadır? Sahil Babayevin ailəmə qarşı etdiyi hərəkətlə bağlı müraciətimə hələ cavab verilməyib. Gözləyirəm”. Əbdül Mahmudbəyov oğluna edilən bu hörmətsizliyə görə Sahil Babayevi bağışlamayacağını vurğulayıb: “Oğluma hörmətsizlik ediblər, uşağı pis günə qoya-qoya, ordan-ora, burdan-ora atıblar. Belə olanda insan neyləməlidir? Cinayət etməməsi üçün ərizə yazıb”. Qeyd edək ki, bir müddət bundan öncə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Xalq artisti Əbdül Mahmudbəyovun oğlunu işdən çıxarıb. Nazirin müvafiq əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi (kiçik müşavir) Babək Mahmudov tutduğu vəzifəsindən azad olunub. Geri qayıt |