Əsas Səhifə > Şou-biznes > “Açıq-saçıqlığı heç vaxt sevməmişəm, qadının da məhrəm yeri olmalıdır, bədənini hamı görməməlidir”

“Açıq-saçıqlığı heç vaxt sevməmişəm, qadının da məhrəm yeri olmalıdır, bədənini hamı görməməlidir”


14-06-2023, 09:46
“Açıq-saçıqlığı heç vaxt sevməmişəm, qadının da məhrəm yeri olmalıdır, bədənini hamı görməməlidir”
“Sizin də bildiyiniz kimi Türkiyədə yaşayırdım. Hal-hazırda Azərbaycanda, öz vətənimdəyəm. Yeni layihələr, film və seriallar olmadığı üçün hələ ki, heç yerdə çəkilmirəm. Çünki təklif olunan dəvətlər həm çox azdır, həm də əksəriyyəti məni qane etmir. Nə ssenari, nə də ki, qonorar ürəyimcə deyil. Maraqlı ssenari olarsa, qəbul etmək olar. Ssenari zəif olduğundan, artıq verilən qonorarların da əhəmiyyəti olmur. Yay tətilidir, istirahət edirəm. Bu mövsümün sonunda yenə də işlərimizlə davam edəcəyik. Təbii ki, xarici ölkələrlə, ələxsus da Türkiyə ilə yeni layihələrə dəvət almışam, onları dəyərləndirəcəm. İstərdim ki, fantastik bir filmdə rol alım. Belə bir obrazda özümü sınamaq istərdim. Demək olar ki, bütün janrlarda-drama, mistika, qorxu, əkşın filmlərində rol almışam”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Gülşən Hüseynli deyib. Aktrisa Türkiyədə təqdimatı olan və məşhurlaşan “Yalnış anlama 2” filmindən də danışıb.

“Nəzərə alsaq ilk dəfə idi ki, bir azərbaycanlı aktrisa Türkiyədə baş rolda filmdə oynayırdı. Bu xoşbəxtlik mənə qismət oldu. Məndən öncə heç bir azərbaycanlı aktrisa Türkiyədə çəkilən film və serialda baş rolda oynamayıb. Bu baxımdan ilk idim. Bu mənim üçün böyük bir məsuliyyət və qürur hissi idi. Məni bu rola istedadıma, zahiri görünüşümə görə layiq bildilər. Çünki mənim gözəlliyim, boyum-buxunum, fiziki görünüşüm nə türk, nə də ki, Hollivud aktrisalarından geri qalmır. Düşünürəm ki, hətta Hollivudda da çəkilən filmlərdə baş rolu oynayacaq aktrisayam. Mən çox sadə insanam, bunu mənə çox adam deyir. Bu sadəliyimə görə də həmişə irəli gedirəm. Allah hər kəsin ürəyinə görə verir. Sənətimə görə yaşım az olsa da, sənətim çox böyükdür. Mən hər şeyin ən yaxşısına layiqəm” deyə aktrisa bildirib.

Aktrisa filmlərimizdəki açıq-saçıq səhnələrdən də danışıb.

“Bir insanın sənəti yoxdursa, o açıq-saçıqlıq ilə, şəxsi həyatını reklam edib, gündəmə gətirməklə irəli getmək istəyəcək. Çünki göstərəcək bir şeyi yoxdur. Mən əgər bunları etsəydim, bəlkə daha da məşhur olardım. Xəbər saytları haqqımda daha çox yazardı. Nədənsə bizdə sənətdən çox açıq geyinənlər, yüngül hərəkətlər edənlər irəli gedir. Bu hər zaman belədir. Fərqliliyim onda olub ki, açıq-saçıqlığı sevməmişəm. Həm xasiyyətimə uyğun deyil, həm də açıq-saçıq geyimlərdə fotolar paylaşmağı sevmirəm. Düzdür, buna fiziki görünüşüm çox imkan verir, paylaşanların hamısından da gözələm. Amma istəmirəm ki, mənim bədənimi hər kəs görsün. Qadının da özünün bir məhrəmi olmalıdır. Çünki reklama görə hər şeyin şitini çıxaranlar, öz gələcəklərini düşünmürlər. Amma mən öz gələcəyimi də hər zaman düşünürəm və istəyirəm ki, mənə hörmət esinlər. Açıq-saçıqlıqla qabağa getmək istəyənlər elə bilirlər ki, hər kəs onları sevir. Amma əksinədir, hər kəs onları qınayır. Nə qədər çox qınansalar belə, düşünürlər ki, irəli gedirlər. Bu artıq qara piyardır. Reklamın qar növüdür. Sənəti olan o qədər aktyor, aktrisalarımız var ki, onları ümumiyyətlə verilişlərə dəvət etmirlər, onlar haqqında nəsə paylaşım etmirlər. Biri çıxıb tik-tokda nəsə bir şit hərəkət edir, səhəri gün bütün kanallarımızda onu göstərirlər. Televiziya kanallarında da bir boşluq var ki, onlar sənətə yox, ucuz reklama üstünlük verirlər. Bunu tək mən yox, sənəti olan bütün insanlar deyir. Buna görə də çox verilişlərə artıq getmirəm” deyə aktrisa bildirib.

Aktrisa Gülşən Hüseynli bildirib ki, rejissorlar yoldan keçəni filmlərdə çəkir.

“Nəzərə alsaq ki, bizim kinoteatrlarımızda açıq-saçıq səhnəli filmlərin nümayişinə icazə vermirlər, yaxşı bəs bu filmlər kimin və hara üçün çəkilir? Bu sahədə senzura var. Mən düşünürəm ki, rejissorlar öz maraqları, fantaziyaları üçün bu səhnələri çəkirlər. Onsuz da bunu heç yerdə göstərməyəcəklər. Həmin filmlərdə çəkilən “aktrisa” lar da reklam olunmaq istəyirlər. Görürlər ki, normal bir rola onları çəkən yoxdur, məcbur olurlar rejissordan gələn təkliflərə “hə” deyirlər ki, ad olsun ki, nəyəsə çəkildilər. Bununla özlərinə rahat şəkildə aktrisa deyirlər. Soyunmaq hələ aktrisa olmaq demək deyil. Kimi istəsən, çöldən keçəni də götürüb çəksən o soyunacaq. Bunun üçün heç bir aktrisalıq fəaliyyəti tələb olunmur. Ona görə də filmlərimiz bu gündədir. Çünki hansısa tanınmış, savadlı aktrisaya pul, qonorar vermək istəmirlər. Ona görə də yoldan keçənləri çəkirlər. Onlara deyirlər ki, səni məşhur edəcəyik. O da qaça-qaça gedib çəkilir. Bununla da boş-boş filmlərimiz ortaya çıxır, onlara da heç kim baxmır. Belə olan halda da yaxşı aktrisalarımız qalırlar kənarda, onların sənətinə dəyər verilmir. 2-3 il bundan öncə daha çox filmlər çəkilirdi. İndi isə heç nə çəkilmir. Düşünürəm ki, belə getsə sənətçilərimizin fəaliyyəti dayanacaq, bizdə belə aktyor-aktrisalıq deyilən bir sənət olmayacaq. Çox acınacaqlı bir haldır. Bəzən oturub fikirləşirəm ki, ya gərək aktrisa olmazdım, olurdumsa da başqa ölkədə olardım. Getdikcə də pisə doğru gedir. Bu dəqiqə özünüz də görə bilərsiniz ki, sənəti olan bütün aktyor-aktrisalar hamısı işsizdir. Yeni bir nəfəs lazımdır incəsənətimizə ki, film sahəsini dirçəltsin” deyə aktrisa Gülşən Hüseynli deyib.

Aktrisa bildirib ki, ölkə teatrlarından bir neçəsi ona iş təklifi edib.

“Teatr gözəl bir məktəbdir. Sözün düzü müraciət etməmişəm, amma təkliflər gəlib. Bəlkə də gələcəkdə işləyə bilərəm” deyə o bildirib.

Geri qayıt