Əsas Səhifə > Şou-biznes > "Belə bir situatsiya nəinki səhnədə, heç evdə də yaşamamışdım..."

"Belə bir situatsiya nəinki səhnədə, heç evdə də yaşamamışdım..."


14-06-2023, 08:51
"Belə bir situatsiya nəinki səhnədə, heç evdə də yaşamamışdım..."
“Ayağım 1 fincan qaynar çayın tökülməsi ilə evdə yanıb. Səhəri isə “Dəli yığıncağı” tamaşasının yada salma məşqi, axşam isə tamaşa idi. Tamaşa çox yaxşı keçdi. Çalışdım ki, tamaşa vaxtı o ağrıları tamaşaçıya hiss etdirməyim. Açığı özüm də möcüzəvi şəkildə hiss etmirdim. Amma Pırpız Sona kəpənəkdir axı, uçmalıdır. Bir yerdə dayanmır. Çox sürətli, çevik bir obrazdır. Allah güc verəndə hər şeyin öhdəsindən gəlmək olur. Ayağımı bərk sarğı ilə sıxıb səhnəyə çıxdım. Belə vəziyyətlərdə tamaşa oynamaq fiziki olaraq nə qədər çətin olsa da, mənən insanı daha dözümlü edir. Bir an belə ağlımın ucundan “necə olacaq?” cümləsi keçmədi. Gələcəkdə qürurla paylaşa biləcəyim bir xatirəyə çevrildi. Sənətimi sevirəm, sevgi hər şeyin təməlidir. Onun üçün edəcəklərin də bu sevgidə nə dərəcədə dürüst olduğunu bildirir. Hələ ki, yeni tamaşanın məşqlərində də iştirak edə bilmirəm”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Gənc Tamaşaçılar teatrının aktrisası Aygün Fətullayeva deyib.

“Qismətdə səhnədə bu hissi də yaşamaq varmış. Teatr canlı sənətdir. Belə bir situatsiya nəinki səhnədə, heç evdə də yaşamamışdım. Amma hər şey ola bilər. Hadisədir, olur. Və ya olub, sən amma səhnədə olmalısan. Sonrası yoxdur. İndi və burada (gülür). Bir dəfə də məşq vaxtı səhnədən zala yıxılmışam. Həmin an sadəcə vəziyyətdən çıxırsan. Bu necə, nə cür olursa, özün də bilmirsən” deyə aktrisa bildirib.

Aygün Fətullayeva “Kod adı VXA (“Vətən xainlərinin arvadları”) tamaşasından da danışıb.

“Hələ bu günə qədər 4 saat yarımlıq tamaşada oynamamışdım. Bilmirəm, ümumiyyətlə teatrda tamaşaçını bu qədər zalda saxlamaq olub ya yox? Səhnədə 70-ə yaxın aktyor heyəti, canlı nəfəs var. Hələ bunun yaradıcı tərəfindən də əlavə, texniki tərəfi də var. Bu böyük bir komanda işi və teatr hadisəsi idi. Bu tamaşanın özəlliklərindən biri də motiv mövzusu idi. Vətən xainlərinin arvadları.. Mən bildiyimə görə bu mövzuya teatr səhnəsində toxunulmayıb. Toxunulubsa belə, bu genişliyində toxunulmayıb. Biz bu günə qədər 37 qadının hekayələrini danışmamışıq. Bu baxımdan çox fərqlidir. Səhnə həlli də çətindir. Hadisələr elə yerdə cərəyan edir ki, onları bir-birinə bağlamaq da çətindir. İstintaqlar və sürgünlər. Bu bizim tariximizdir də. Faktlar əsasında olan bir mövzudur. Yaşanmış, dəhşətli həyat hekayələridir. Çətindir. Dilbərdən, Müşfiqdən, Caviddən tamaşalar qoyula bilər. Amma o tamaşalarda Dilbərin sürgün həyatı olmayıb. “Kod adı VXA” teatr camiyəsində öz nidasını, imzası qoyan tamaşa oldu. O tamaşada rol alan hər bir aktyor və aktrisanın həyatında çox önəmli hadisə idi. Mikayıl Müşfiqin xanımı Dilbər olaraq bu tamaşada atdığım imzadan hər zaman qürur duyacam” deyə aktrisa bildirib.

Geri qayıt