Əsas Səhifə > Şou-biznes > “Mənim üçün ilk növbədə ailə olub, ailəmi qoyub ora gedə bilməzdim”
“Mənim üçün ilk növbədə ailə olub, ailəmi qoyub ora gedə bilməzdim”13-06-2023, 15:35 |
“Axşamdan zəfəran dəmləyirəm. Suyu da qaynadıb, səhərə kimi soyuduram. Səhər tezdən oturub dualarımı oxumağa başlayıram. Bilirsinizmi suyun yaddaşı var? Ona görə gün ərzində özünü yaxşı hiss etmək istəyirsənsə, mütləq həmin suya dualarını oxumalısan. Zəfəranı içirəm, daha sonra güllərimlə söhbət etməyə başlayıram, onların sularını verirəm. Bundan sonra keçirəm idmana. Səhərdən axşamadək üzümə maska edirəm, özümə baxıram. Mən uşaqlıqdan anamda bu cür görmüşəm. Geyimimə fikir verməyə çalışıram. Çalışıram ki, yaşıma və dəbə uyğun geyinim. Çoxu elə bilir ki, pəhriz saxlayıram. Qətiyyən belə deyil. Gündə üç dəfə yemək yeyirəm. Ən gec saat 7-nin yarısında şam edirəm. Əgər sonradan acsam, yalnız su içirəm və ya alma yeyirəm. Mən restoranlarda yeməyi sevmirəm”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Suğra Bağırzadə deyib. “Mənim üçün ilk növbədə əsas ailə olub. Bəzən deyirlər ki, yaş artdıqca sevgi azalır, hörmət çoxalır. Əlbəttə ki, sən dəlicəsinə sevməyə bilərsən, amma o demək deyil ki, sevgi azalır. Ona görə də hər kəs öz mədəniyyətinə uyğun şəxslə ailə həyatı qurmalıdır. Əgər mənim filmlərimə baxsanız görərsiniz ki, elə filmlərdə çəkilmişəm ki, onların əksəriyyəti paytaxtda lentə alınıb. Ailəmi qoyub gedə bilməzdim. “Alma almaya bənzər” filmi Qubada çəkilirdi, dedim ki, çəkilməyəcəm. Mənə görə povilyonda poçt şöbəsi qurdular və məni Bakıda çəkdilər. Rejissor çox istəyirdi ki, onun filmində çəkilim” deyə Suğra Bağırzadə deyib. Aktrisa-florist filmlərdə çəkilmək istədiyini də bildirib. “Aktrisa kimi çəkilmək mənə daha xoş olub. Kinoya olan sevgim təkcə mənim çəkilişlərimlə bağlı deyil. Ümumiyyətlə, kinostudiyada görülən işlərlə bağlıdır. Aktyor sənəti çətindir, çünki səni seçirlər. Sənin ixtiyarın var ki, nəsə xoşuna gəlməyəndə yox deyəsən. Amma seçim rejissorun, operatorun əlindədir. Təklif olsa dəyərləndirərəm. Çünki aktyor işi, kamera qarşısı üçün çox darıxmışam” deyə aktrisa bildirib. Əməkdar artist bildirib ki, əl işlərinin dünyada analoqu yoxdur. “İşlərimin satışını da təşkil edirlər. Bu əl işlərinin dünyada analoqu yoxdur. Çünki mən Ümumdünya Floristlər Şurasının üzvüyəm. Mənə floristika sahəsində yeni bir səmt yaratdığıma görə sertifikat veriblər. Çünki mən yalnız canlı güllərlə işləyirəm. Lap təzə güllərlə bu əsərləri yaradıram ki, işlətdiyim məhlullara dözə bilsinlər. Hər bir əsərin yaranması ölçüsündən asılı olmayaraq 2 ilə başa gəlir” deyə sənətkar bildirib. Suğra Bağırzadə bir məsələyə də aydınlıq gətirib. “Həmişə demişəm ki, mən cücələrim mahnısının ilk ifaçısı deyiləm. Məndən əvvəl bu mahnını çox adamlar oxuyub, amma mən rəqs quruluşunda ilk ifanı etmişəm. O vaxt 2-ci sinifdə oxuyurdum. Bu incəsənətə gəlməyim üçün böyük addımım oldu. Ona görə də hamının yadında qalıb. Bütün Sovet məkanında, xaricdə mənim səsim getdi. Hamının yadında qaldı ki, cücələrimi oxuyan mənəm” deyə əməkdar artist bildirib. Geri qayıt |