Əsas Səhifə > Şou-biznes > “Yazılmamış qanunlar var, adam tutduran meyxanaçını kim toya çağırar?”

“Yazılmamış qanunlar var, adam tutduran meyxanaçını kim toya çağırar?”


10-06-2023, 09:00
“Yazılmamış qanunlar var, adam tutduran meyxanaçını kim toya çağırar?”
Meyxana aləmində Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov iyunun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərək İsgəndər Mehdiyevi öldürməsinin səbəbini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə keçirilən məhkəmə iclasında əvvəl hadisə baş verən gecə - noyabrın 10-da gecə saat 4 radələrində meyxanaçını bıçaq aldığı mağazada satıcı işləmiş Xankişi Cəfərquliyevin ifadəsi elan olunub. Bu şahid hazırda hərbi xidmətdə olduğuna görə onun istintaqa verdiyi ifadə məhkəmədə səslənib.

O, ifadəsində deyib ki, noyabrın 4-nə keçən gecə saat 4 radələrində Rəşad Dağlı işlədiyi mağazaya gəlib, oradan siqaret və bıçaq alıb. Həmin vaxt meyxanaçı tək olub və aralarında başqa söhbəti olmayıb. Bıçağı 45 manata, siqareti isə 6 manata satıb.

Ardınca Rəşad Dağlı özü ifadə verib. O bildirib ki, mərhum İsgəndər Mehdiyev hadisədən bir neçə gün əvvəl qardaşına zəng edərək onu soruşub. Bu səbəbdən İsgəndər Mehdiyevə zəng edib, onu axtarmasının səbəbini öyrənmək istəyib.

“Mənimlə görüşmək istədiyini bildirdi. Dedi ki, haqqımda xoşagəlməz söhbət var. Görüşdük. Dedi ki, bir nəfər sənin haqqında şəxsiyyətinə sığışmayan şeylər bilir. Onunla bu məsələni həll eləmək istəyir. Dedim ki, o adamla görüşmək istəyirəm. Dedi ki, o adamın telefonu onda yoxdur. Özü onunla görüşəcək. Bu söhbətdən sonra telefonumu 5-6 gün söndürdüm. Telefonumu açanda ardıcıl bundan nə qədər SMS gəldi. Hamısında məni təhqir edirdi. Gördüm ki, məndən əl çəkmir...”

Meyxanaçının sözlərinə görə, hadisə günü İsgəndər Mehdiyevlə danışıb, görüşməyi razılaşdırıblar:

“Dedi ki, gəl, bu məsələni həll edək. Dediyinə görə, həmin adamın 6 min manata ehtiyacı vardı. Guya 3 minini tapıb, 3 min manatını da mən verim, söhbət bağlansın. Mən etiraz elədim, onunla görüşdürməyini istədim. Necə olur ki, pul verməsəm o nalayiq sözlər mənə aid olur, versəm olmur? Mübahisə elədik. Dedi ki, gəl, sizi görüşdürəcəm. Dedi ki, “amma dolu gəl”. Yəni özünü müdafiə üçün nə isə götür. Bundan sonra mağazadan bıçaq aldım. İsgəndəri də evlərindən götürdüm. Hadisə baş verən yerə getdik. Ora çatanda məlum oldu ki, məni heç kimlə görüşdürməyəcək...”

Rəşad Dağlı deyir ki, maşında mübahisə düşüb, İsgəndər Mehdiyev onu təhqir edib, arfdınca onu vurmaq istəyib: “Lakin mən cəld tərpənib, bıçağı əlindən aldım, onu vurdum. Bundan sonra özüm də olmamışam. Bir də ayıldım ki, İsgəndər qan içindədir...”

Məhkəmədə Rəşad Dağlının istintaqa verdiyi ifadə də elan olunub. Həmin ifadədə o deyib ki, İsgəndər Mehdiyev onu cinsi azlıq söhbəti ilə təhdid edirdi.

Məhkəmədə hakimlər ondan soruşub ki, niyə təhdidlərlə əlaqədar polisə şikayət etməyib. O, suala belə cavab verib: “Yazılmamış qanunlar var. Adam tutduran meyxanaçını kim toya çağırar?”

Onun sözlərinə görə, İsgəndər Mehdiyev deyirmiş ki, bu söhbəti bağlamasa, həmin şəxs gəlib, toyda onun haqqında məlumatı yaya bilər, biabır olar.

Rəşad Əmirovun məhkəməsi iyulun 7-də davam edəcək.

Rəşad Əmirov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Geri qayıt