Əsas Səhifə > Şou-biznes > “34 ildir ki, sənətdəyəm, amma qalmaqalla sənətə, gündəmə gəlməmişəm”

“34 ildir ki, sənətdəyəm, amma qalmaqalla sənətə, gündəmə gəlməmişəm”


1-06-2023, 08:34
“34 ildir ki, sənətdəyəm, amma qalmaqalla sənətə, gündəmə gəlməmişəm”
“Yeniliklərim çoxdur. Ritmik mahnımız var. Yay da gəlir, onu ifa edəcəyəm. Kliplər də çəkdirməyi planlayıram. Bütün sənət dostlarımın yenilikləri olsun, mən də baxıb sevinim. Mən dostluğa önəm verən şəxsəm. Heç kimə paxıllığım yoxdur. Mənim düşmənim yoxdur. Əgər bir insana dost deyib, çörək kəsmişəmsə ona həmişə hörmət etməyə çalışmışam. 34 ildir ki, sənətdəyəm, qalmaqalla gündəmə gəlməmişəm”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Aynur Dadaşova deyib. Müğənni özünü restoran biznesində də sınadığını bildirib.

“İnsan hər şeydə özünü sınamalıdır. Mən də restoran biznesində özümü sınamaq istədim. Qardaş ölkə Türkiyədə hər müğənninin öz səhnəsi var. Orada tək özü çıxış edir. Bu artıq bizdə də var. Şükür Allaha, işlər də yaxşı gedir. Düzdür, hər iş çətindir, amma zəhmətlə, əziyyətlə bütün çətinliklərin öhdəsindən gəlmək mümkündür. Hər kəsin öz ruzisi var” deyə müğənni bildirib.

Müğənni gənclərdən də danışıb.

“İndi sənətə gələn gənclər ancaq pul qazanmağı düşünürlər. Sənət üçün işləyənlər çox azdır. Elə onu istəyirlər ki, sənətə gələn kimi maşınları, evləri, villaları olsun. Maddiyat hər şeyi üstələyib. Müğənni əlçatan oldu. O vaxt müğənnilərdən avtoqraflar alırdılar, müğənnilərin şəkillərini yığıb saxlayıb, fanatlıq edirdilər. Sosial şəbəkələr müğənniləri əlçatan etdi. Bunun günahını mən ancaq sosial şəbəkələrdə görürəm. O vaxt bizləri də toylara dəvət edirdilər də. Özümüzdən böyük sənətkarın, müğənninin yanında əlimizə mikrofon götürə bilməzdik. Qorxurduq. Mikrofonu götürmək üçün 5-6 dəfə icazə alırdıq” deyə müğənni bildirib.

Aynur Dadaşova səsinin qeyri-adiliyindən də danışıb.

“Çöldə məni simamdan tanımırlar. Çünki mən adi həyatda makiyajdan istifadə etmirəm. Deyirəm ki, filan şey neçəyədir? O dəqiqə səsimi çıxaran kimi tanıyırlar. Səsim həm də sanballı, dolu səsdir. Bəzən istəyirəm ki, incə danışım, amma alınmır. Səsim belədir də. Bir gün səsimi dəyişib anama zəng etdim. O da incə səslə məni qəbul etmədi, təəccübləndi” deyə Aynur Dadaşova deyib.

Müğənni geyimlərindən də danışıb.

“Hər zaman uzun əlbəsələr deyinmişəm. Xanımlarımız bəzən yazır ki, 21-ci əsrdir, stilini dəyiş. Nə qədər olmasa da, biz Azərbaycanlıyıq. Xanım özünə dəyər verməyi bacarmalıdır. Modelyerlər geyimlərimi dəyişsələr belə hər şeyi qaydasında saxlamağı bacarıram” deyə o bildirib.

Aynur Dadaşova “Hansı mahnınıza görə çox pul qazanmısıız?” sualına belə cavab verib.

“Elşən Xəzər, Aqşin Fatehlə oxuduğum duetə görə çox pul qazanmışam. Bu mahnıdan sonra bizi bütün xarici dövlətlərə dəvət etdilər. Hətta İsrailə də getmişdik. Etiraf edim ki, o vaxt bu mahnıdan çox pul qazandıq. Hər kəs o mahnını bizdən tələb edirdi” deyə müğənni bildirib.

Geri qayıt