Əsas Səhifə > Şou-biznes > “Bu 30 ildə nə mən, nə də həyat yoldaşım heç kimdən nəsə tələb etməmişik...”

“Bu 30 ildə nə mən, nə də həyat yoldaşım heç kimdən nəsə tələb etməmişik...”


27-05-2023, 06:54
“Bu 30 ildə nə mən, nə də həyat yoldaşım heç kimdən nəsə tələb etməmişik...”
“Şövkət xanım artıq 30 ildir ki, haqq dünyasındadır. 30 ildə heç vaxt nə mən, nə də ki, yoldaşım heç kimdən nəsə tələb etməmişik. Düzdür, mənim hüququm çatmır, amma yoldaşımın buna hüququ çatır. Şövkət xanımın diskləri çıxıb, hansısa şirkətlər onu buraxıb, Lətif Səfərovun filmləri özəl telekanallarda nümayiş etdirilib, biz heç vaxt kiməsə olmaz sözünü deməmişik. Bir şirkət var, bütün bu hüquqları onlar qoruyurlar və özləri müqavilə bağlayıblar ki, Şövkət xanımın mahnıları, Lətif Səfərovun filmləri icazəsiz istifadə olunarsa, sərt reaksiya verəcəklər. Hüquq varsa, onlar artıq özləri bilirlər ki, necə addım atmaq lazımdır. Mən dəfələrlə görmüşəm ki, kimsə kiminsə haqqını tapdalayır, amma qanun var, hər şey qanun çərçivəsində həll olunmalıdır. Şövkət xanım elə Şövkət xanımdır, onun mahnıları radiolarda səsləndirilir, televiziya kanallarında sevə-sevə dinlənilir. Şövkət xanım Azərbaycanın görkəmli sənətkarıdır, xalq tərəfindən sevilən xanım ifaçısıdır. Bütün dünyada bu hüquqlar var. Heç kim icazəsiz hansısa video materialı istifadə edə bilmir. Musiqi məktəbinin direktoru olduğum üçün bunlarla daha tez-tez rastlaşıram. Bizim şagirdlər hansısa dünya bəstəkarlarının musiqi əsərini ifa edib, yutub sosial şəbəkəsində yükləyəndə dərhal orada yazılır ki, siz müəllif hüquqlarını pozmusunuz. Həmin dəqiqə materialı silirlər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova “Tərzi” serialından Fizuli kantatası istifadə olunan səhnənin yutubdan sildirilməsindən danışarkən deyib.

“Şövkət xanım çox təvazökar, gözəl insan idi. İnanın, heç vaxt o belə şeylərə reaksiya verməzdi, mənə elə gəlir ki, deyərdi ki, “nə gözəl, nə yaxşı”. Ancaq alqışlayardı. Heç vaxt nəsə tələb etməzdi. Mənim yadımdadır ki, biz evdə oturmuşduq, hansısa kanalda Vasif Adıgözəlovun “Bakı haqqında” mahnısını Xuraman Qasımova ifa edirdi. Şövkət xanım dərhal ona zəng edib dedi ki, “qızım, nə gözəl ifa etdin, mən sənə çox sağ ol demək istəyirəm ki, sən bu mahnını yaşadırsan”. Şövkət xanım başqa bir xanım idi. Ona bəstəkarlar mahnı gətirirdilər ki, “Şövkət xanım, siz oxuyun”. O istəyərdi ki, həmin mahnını öz tələbələri, yaxın sənətçi dostları ifa etsin. Emin Sabitoğlu “Alagöz” mahnısını Şövkət xanına göstərəndə, o dərhal dedi ki, “Bu mahnını Akif İslamzadə çox gözəl oxuyar”. Vasif Adıgözəlov “Təkcə səndən xoşum gəlir” adlı mahnı gətirmişdi Şövkət xanıma. Yenə də o Akif İslamzadəni məsləhət gördü. Tofiq Quliyev “Lay-lay” mahnısını gətirəndə Şövkət xanım dedi ki, “mən istərdim ki, bu mahnını mənim tələbəm Aybəniz Haşımova oxusun”. Aybəniz xanım o vaxt 9-10-cu sinifdə oxuyardı. O belə bir xanım idi” deyə sənətkarın gəlini bildirib.

Gülnarə Səfərova ümummilli lider Heydər Əliyevin Şövkət xanıma olan diqqətindən, qayğısından da danışıb.

“Ümummilli lider Heydər Əliyev mədəniyyətə çox böyük qayğı göstərirdi. Bilirsiniz ki, məhz ulu öndərin tapşırığı ilə Şövkət xanım bölgələri gəzərək, istedadlı uşaqları arayıb-axtarıb, üzə çıxarırdılar. Şövkət xanım, Niyazi, Tofiq Quliyev qarış-qarış gəzərək, istedadlı uşaqları seçirdilər və Bakıya gətirib, Bülbül adına məktəbdə, Asəf Zeynallı adına orta ixtisas məktəbində, Konservatoriyada təhsil verirdilər. Bu ciddi və məsuliyyətli işi o Şövkət xanıma həvalə etmişdi. Şövkət xanım 1993-cü ildə dünyasını dəyişdi və 10 ildə nə onun barelyeti yaşadığı mənzilin önünə vuruldu, nə adına bir küçə, bir məktəb verildi.10 il biz heç nə edə bilməmişdik. Heydər Əliyev hakimiyyətə gələn kimi Şövkət xanımın 80 illik yubileyində qərar verdi və Şövkət xanımın yaşadığı binada barelyef açdılar, adı mərkəzi küçələrdən birinə verildi, 20 nömrəli 11 illik musiqi məktəbi Şövkət xanımın adını daşımağa başladı. 80 illik yubileyində böyük bir bayram keçirildi. Bütün Azərbaycan Şövkət xanımın yubileyini qeyd edirdi. 90-100 illik yubileyləri də cənab prezident İlham Əliyevin tapşırığı ilə keçirildi. Bu Şövkət xanımın sənətinə böyük diqqət və qayğıdır. Azərbaycan xalqı onu hər zaman sevib, sevir və sevəcək” deyə Gülnarə Səfərova deyib.
Geri qayıt