Əsas Səhifə > Şou-biznes > “Tamaşaya içkili gəlirdi, əyyaş idi, xəstəxanaya yerləşdirdilər, orada da öldü”
“Tamaşaya içkili gəlirdi, əyyaş idi, xəstəxanaya yerləşdirdilər, orada da öldü”26-05-2023, 06:05 |
“Mən incəsənət sahəsi ilə xudahafizləşmişəm. Bəlkə də səhnəyə qayıdıb oynayardım, amma ayaqlarım sözümə baxmır.... Yəni, deməyim odur ki, vaxtında işləmişəm. İndi nə teatra, nə də ki, kinoda çəkilməyə həvəsim var. Bakıda yaşamıram. Demək olar ki, Neftçalada oluram. Heç bir yerə müsahibə də vermirəm. Qətiyyən həvəsim yoxdur. Sizdən başqa mənim nömrəmi bilən jurnalist də yoxdur. Məsəl üçün, mən efirdə çıxdım danışdım, bir gündən sonra hər şey unuduldu. Nə fərqi oldu məni gördülər yaxud da görmədilər?! Tamaşaçılara ola bilsin ki, maraqlıdır, amma mən düşünmürəm ki, özüm tamaşaçılara maraqlıyam”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, “Hicran” televiziya tamaşasında Orxan obrazının ifaçısı Bəhram Əliyev deyib. “20 ilə yaxın indiki Akademik Musiqili Teatrın aparıcı solisti olmuşam. Bütün sevgi qəhrəmanlarını Mobil Əhmədovdan sonra mən oynamışam. Axır vaxtlar yaşlanmışdı deyə, məni dəvət edib, rol verdilər. O vaxtı hər adamı teatrda işə götürmürdülər. Şəmsi Bədəlbəyli şəxsən özü bizi yoxlayıb teatra qəbul edirdi. Teatrda işləyəndə də aktyor heyəti ilə çox oturub-durmurdum. Dedi-qodular, aralarında söz-söhbətlər olurdu. Mən ömür boyu elə şeylərə qarışmamışam. Heç aktyor olmaq fikrim də yox idi. Yaxşı vokalist olduğum üçün məni işə götürmüşdülər. Teatra o vaxt gələndə 3 briqada var idi. Biri Nəsibə xanımın briqadası idi, biri Hacıbaba Bağırovun, o biri isə Siyavuş Aslanın briqadası. Mən Nəsibə xanımın briqadasında idim. Elə vaxt olub ki, xəstə ola-ola gəlib tamaşa oynamışam. Səsim çıxmaya-çıxmaya oxumuşam. Teatrımız təmirə bağlandı, tətildən qayıdanda artıq Hacıbaba Bağırovu teatrın direktoru təyin etdilər. İki namizəd var idi, Siyavuşla Hacıbaba. Hacıbaba qalib gəldi. Mən də teatrdan uzaqlaşmışdım. Çünki Hacıbabadan əvvəl teatra Qəzənfər Topçuyev adlı direktor gəlmişdi. O vokalistlərin qədrini bilmirdi. Soyuq qış aylarında məktəblərə göndərirdi ki, “get çaqqal, canavar rolu oyna”. Deyirdim ki, “mən vokalistəm, gedib xəstələnsəm səhəri gün tamaşada kim oxuyacaq?”. Hacıbaba direktor seçiləndə məni teatra qaytardı. Nə Hacıbaba müəllimin, nə Nəsibə xanımın, nə də Siyavuşun tamaşalarına bilet tapılmırdı. Milət gəlirdi, kor-peşman çıxıb gedirdi. Fuad adlı aktyorla 2 ay idi teatra gəlmişdik. Hacıbaba Bağırovun tamaşasına baxmaq istəyirdik. Yer yox idi. Orkestrin oturduğu yerdə dayanıb tamaşaya baxırdıq. Tamaşaçı bizi görmürdü, amma Hacıbaba Bağırov görürdü. Bizə baxıb dedi ki, “yerinizi yaxşı tapmısınız, sizin yeriniz elə ora olacaq, ortalığa çıxa bilməyəcəksiniz”. Mən bildim ki, o sözü bizə atdı. Guya ki, həmin sözü tamaşada Novruz Qartala deyirdi. Üstündən bir müddət keçəndən sonra bunu Hacıbaba müəllimdən soruşdum. Dedi ki, mənim yadıma gəlmir” deyə aktyor bildirib. Aktyor “Hicran” tamaşasında eyniadlı obrazın ifaçısından da danışıb. ““Hicran” tamaşası bir müddət getmədi. Çünki orada Orxan obrazını Pərviz adında bir vokalist oxuyurdu. O da əyyaş idi, tamaşaya içkili gəlirdi. Onu xəstəxanaya yerləşdirdilər, xəstəxanada da vəfat etdi. Mən teatra gələndə Orxan rolunu mənə tapşırdılar. Hicran rolunu aktrisa Sona Həsənova oynayırdı. Tamaşa çəkiləndə mənim 32, Sona xanımın 50 yaşı var idi. Sona xanım bəlkə də yaşamır. O həmişə deyirdi ki, təqaüd yaşım çatan kimi 1 dəqiqə də olsun teatrda qalmayacam. Bir müddət birlikdə oynadıq. Mən bəzən öz-özümə fikirləşirəm ki, bu ömrü yaşamışam yoxsa bu bir yuxudur?” deyə sənətkar bildirib. Sənətkar səsinin olmasına baxmayaraq heç vaxt toya getmədiyini bildirib. “Heç vaxt toya getməmişəm. Bizdə bir vokalist var idi, Novruz Məmmədov. O toylara da gedirdi, vokal da oxuyurdu. Yaxşı səsi də var idi. O toylar səsini pis günə qoydu. Hətta vokaldan 3 qiyməti aldı, halbuki 5-lə daxil olmuşdu universitetə. Tələbə vaxtı restoranda işləmişəm” deyə Bəhram Əliyev bildirib. Geri qayıt |