Əsas Səhifə > Şou-biznes > “Yaradıcılıq azadlığını çoxları özbaşınalıq kimi qəbul edib...”
“Yaradıcılıq azadlığını çoxları özbaşınalıq kimi qəbul edib...”17-05-2023, 06:06 |
Əməkdar Mədəniyyət işçisi, ssenarist Yusif Şeyxov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir: - Yusif müəllim, illər əvvəl sizin də rol aldığınız "Sehrli xalat" filmi bu gün də sevilərək izlənilir. Sizcə bu filmi tamaşaçılara sevdirən əsas səbəb və xüsusiyyətlər nələrdir? - Əlbəttə, ilk növbədə bunu, filmin müəllifi Əlisəttar Atakişiyevin xidmətinə aid etmək lazımdır. Nağıl yanrında çəkilmiş filmdir, bu isə uşaqlar üçün həmişə maraqlı olub. Orijinal süjet tapılıb. Müasir qəhrəmanların keşmişə qayıtması, gələcəyə uçub getməsi o vaxt tək bizim kino üçün deyil, ümumiyyətlə sovet kinosu üçün qeyri-adi dramaturji gediş idi. Nağılvarı hekayə dərhal marağa səbəb oldu. Adi azərbaycanlı balaların kosmosa səyahətə çıxmaları indi də əlçatmaz xülya kimi qəbul edilir. Zənnimcə bu film hələ uzun illər uşaq tamaşaçısını cəlb edəcək. Əliağa Ağayevin məzəli xan obrazı mənfi personaj kimi nəzərdə tutulsa da, aktyorun məharəti, ona məxsus daxili yumoru sayəsində tamaşaçının sevimlisinə çevrildi. Əslində, xan rolu Əliağa Ağayevin kinoda yaratdığı ən uğurlu iki roldan biridir. Təbii, birincisi Məşədi İbad olub. Böyük tamaşaçını isə Əliağa Ağayevin məharəti dünən də, bu gün də valeh edir. - Filmin qəhrəmanlarından bu gün kimlərlə əlaqəniz var? - Rəşid rolunun ifaçısı Azər Qurbanov ABŞ-da yaşayır, özünün biznesi var. Feysbukda yazışırıq. Filmimiz barəsində çıxan yazıları, tv süjetlərini ona göndərirəm. Çox sevinir filmin belə uzunömürlü olmasına. Zərifə rolunun ifaçısı Solmaz Hətəmova ilə də yazışırıq, hal-əhval tuturuq. Təqaüdə çıxandan sonra köhnə ssenari, pyes ideyalarım haqqında düşünürəm, bunlar daha çox özümü formada saxlamaq üçündür. Kim bilir, bəlkə konkret işlərə də qatıldım. - Bu gün sizcə uşaq filmləri niyə çəkilmir? Niyə uşaqları yaddan çıxarıblar? - Məlumdur ki, dünyanı qloballaşdıran amillərdən biri kinodur. İndiki uşaqların dünyagörüşünə ciddi təsir edən, müəyyən mənada onu formalaşdıran biri-birindən cəlbedici Amerikan filmləridir, onların qəhrəmanlarıdır, animasiya kinosudur. Bu tək Azərbaycana aid olmasa da, problemin kəskinliyini kiçiltmir. Milli özünəməxsusluğun möhkəmlədilməsi uşaq teatrında, musiqidə, ədəbiyyatda və s. olduğu kimi, kinoda da yer almalıdır. Bu gün kimi aydındıR. Mən bilən, axırıncı dəfə uşaqlar üçün 2014-cü ildə çəkillən Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi ekran üzü görüb. Keçmişdə iki ildən bir uşaq filmi çəkilərdi. Hamısı uğur qazanmırdı, amma yaddaqalanları da var idi. Uşaqlar üçün milli material əsasında film yaratmaq niyyəti həmişə kinoya cavabdehlik daşıyan dövlət qurumlarının gündəmində olub. Əminəm ki, bu gün də var. Lakin bu niyyətdən, konkret layihələr mərhələsinə keçmir. Nədir səbəb? Kino istehsalı nə qədər bahalı, ən bahalı sahə olsa da, uşaq filminə qənaət etmək heç kimin ağlına gəlməz. Vaxtı ilə ssenari planlaması sahəsində çalışan bir məmur kimi, bunun cavabını ssenari qıtlığında görürəm. Daha dəqiq, onların demək olar yoxluğunda. Müsabiqələr də elan edilib, ayrı-ayrı ssenari yazarlarına sifarişlər də olunub. Ortaya normal ssenari çıxaran yoxdur. Deyən tapılar ki, xalq nağıllarına nə olub, onlara niyə müraciət edilmir? İş burasındadır ki, nağılı kino dilinə çevirmək, bu günkü bədii, estetik tələblərə uyğunlaşdırmaq xüsusi ustalıq tələb edir, ciddi kino dramaturqları isə bu mövzuya maraq göstərmir. Əminəm ki, yeni yaradılmış Kino Agentliyi səy göstərəcək, dövlət kinostudiyası, özəl prodüserlər də bu sahədə fəallığı artıracaq. - Sizcə müasir tamaşaçı nə istəyir? Bütün sahələr kimi məncə bu sahədə də, bayağılıq artıb. - Zövqlər korlanıb. Bunun səbəbi bir böyük tədqiqat mövzusudur. Sovet dönəmində ideoloji aparat bayalığın qarşısını inzibati qaydada, o cümlədən senzura vasitəsi ilə almağı bacarırdı. Yaradıcılıq azadlığını çoxları özbaşınalıq kimi qəbul edib. Nəyin bahasına olursa populyarlıq və qazanc dalınca düşür, ağına-qarasına baxmadan insan şüurunun alt qatındakı mənfi hissiyata müdaxilə edir və istədiklərinə nail olanlar az deyil. Bəzi hallarda bununla həqiqətən istedadlı adamlar məşğul olur. Bu çox təhlükəli tendensiyadır. Mənim müşahidələrimə görə son zamanlar bu mənada nəsə müsbət tendensiya işartıları görünməyə başlayıb. Bu, ictimai qınağın təsiri altındamı baş verir, yaxud tamaşaçı kütləsi ucuz sənətdən bezib, ondan üz çevirməyə başlayıb? Hər necə olursa-olsun, bu prosesin gücləndirilməsi yolları axtarılmalı və həyata keçirilməlidir. Geri qayıt |