Əsas Səhifə > Şou-biznes > “Dövlət məzar üçün 16 min ayırıb, normal, atamın adına yaraşan məzar daşı istəyirəm...”

“Dövlət məzar üçün 16 min ayırıb, normal, atamın adına yaraşan məzar daşı istəyirəm...”


1-05-2023, 06:22
“Dövlət məzar üçün 16 min ayırıb, normal, atamın adına yaraşan məzar daşı istəyirəm...”
Xalq artisti, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli sənətkar, görkəmli xanəndə Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Rəqsanə xanım, bir müddət əvvəl atanızın məzar daşının hələ də hazır olmamasından giley-güzar etmişdiniz. İşlər hazırda nə yerdədir?

- Əslində mən bu 1 il 2 ay gözlədim, səbr etdim və sonra səbrim tükəndi. Vəfatından 1 il 2 ay keçsə də, hələ də məzar daşı qoyulmayıb, boş torpaqdır. Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti iki dəfə məzar eskizi hazırlayıb, göndərdilər. Birinci eskizi ötən ilin avqust ayında, ikinci eskizi isə noyabrın 11-də göndərdilər. Eskizlərdən birində səhv var idi, orada SSRİ xalq artisti yazmışdılar. Onlara bunun səhv olduğunu bildirdim. Dövlət məzar daşı üçün 16 min manat pul ayırıb. Onlara da deyirdim ki, 1-ci Fəxri Xiyabana uyğun məsləhət bildiyiniz məzar daşı hazırlayın. Birinci eskiz ikinci eskizdən daha yaxşı idi. İkinci eskiz nə mənim, nə də ki, ailə üzvlərimin xoşuna gəldi. Çünki 16 minə uyğun məzar daşı deyildi. Dövlət bu məzar daşı üçün 2 min manat ayırsaydı, mən 2 minlik məzar daşı istəyərdim. Axı dövlətimiz 16 min manat ayırıb. Yenə də sağ olsun dövlətimiz, atama sağlığında da, dünyasını dəyişəndən sonra da dəyər verir. Bilirsiniz ki, ölkə başçısı, cənab prezidentimiz İlham Əliyev, muğama, sənətə və sənətkara hər zaman dəyər verən Mehriban xanım Əliyeva atama böyük diqqət və qayğı göstəriblər. Atamı yaşadan da dövlətin bu qayğısı idi.

- Məsələ mətbuatda işıqlandırıldıqdan sonra aidiyyatı qurumlar sizinlə əlaqə saxladı?

- Oğlumla əlaqə saxlayıblar. Deyiblər ki, gəlsinlər necə istəyirlərsə, elə də hazırlayacağıq. Mən də şəkilləri toplayıram. Sabah aparıb onlara şəkil verəcəyəm. Mən normal məzar daşı istəyirəm. Bütpərəst deyiləm ki, böyük abidələr istəyim. Heykəl qoymağa da o qədər imkanım yoxdur. O gün gəlinim internetdə tapıb mənə göstərdi, Xaçmazda onun büstünü 10 il əvvəl hazırlayıb, parkda qoyublar. Mən də istəyirəm ki, məzarı üstünə gedəndə qəbirüstü abidəsini görüm. Bununla da təsəlli tapmış olaram. Yeganə övladı mənəm də. Yenə də sabah məzarı üstünə mən gedib-gələcəm.

- Onu da deyim ki, sizin bu müsahibəniz insanlarda heç bir qıcıq yaratmayıb. Əksinə, hamı, ələxsus da Əlibaba Məmmədov sevərlər sizə haqq qazandırıb.

- Nə bilim, mənim orada yazılan rəylərdən heç bir xəbərim yoxdur. Sağ olsunlar. Mən haqqımı tələb etmişəm. Atam həmişə deyirdi ki, “Xalq sevsə sənətkarı, ona dağ bata bilməz”. O xalqın böyük sevgisini qazanmışdı.

- Atanız haqda təşkil olunan yaradıcılıq gecəsində də iştirak etmədiyiniz deyilir. Buna səbəb nə idi?

- Atamın məzar daşı hazır deyil, necə gedim onunla bağlı tədbirlərdə, yaradıcılıq gecələrində iştirak edim? Adama deməzlər ki, atanın məzar daşı niyə indiyə qədər qoyulmayıb? Elə bilirsiniz ki, demirlər? Vallah, bütün qohum-əqraba, qonum-qonşu, tanış-biliş hamısı soruşur. Mən yorulmuşam onların suallarına cavab verməkdən. Atam min illər keçsə də yaşayacaq, O cismən yanımızda olmasa da, ruhən hər zaman bizimlədir.

- Yuxularınıza tez-tez gəlir?

- Demək olar ki, hər gün yuxularıma gəlir. O yəqin özü də istəməyib ki, məzar daşını başqa adam düzəltdirsin, yenə də bu məsələ il yarımdan sonra fırlanıb mənim üstümə gəldi. Yenə də mən düşdüm qabağa. Mən heç inanmırdım ki, o öləcək. Bu 1 il, 2 ay necə gəlib-getdi heç bilmədim. 1 həftənin içində iki əziz adamımı itirdim. Necə ola bilərəm? İndiyə qədər dərmanla yatıb-dururam. Atam bu yaşımda məni yetim qoyub getdi. Bütün günü telefonumda mahnılarını dinləyirəm.

- Əlibaba müəllimin adını daşıyan nəvəsi varmı?

- Əlbəttə. Atam sağ ikən hələ onun adı qardaşımın oğluna verilmişdi. Bu dəqiqə 50 yaşı var.

- Səhv etmirəmsə Əlibaba müəllim övladlarına da mahnılar bəstələyib. Doğrudurmu?

- Böyük bacım həkim idi. Onun şərəfinə “Mehriban həkim” mahnısını bəstələmişdi. Qardaşımın şərəfinə isə “Oğluma nəsihət” adlı mahnı bəstələmişdi. Məni çox istəsə də, şərəfimə mahnı bəstələməmişdi. Həmişə də bunun səbəbini ondan soruşanda deyirdi ki, “kişi ailəsinin adını dillərə salmaz (gülür). Mən evin sonbeşiyi, atamın ən istəklisi idim. Qardaşım və bacım məndən 10 yaş böyük idilər.

- Ömrünün son dəqiqələrini necə xatırlayırsınız?

- Son iki ildə bir az da pandemiya onun səhhətinə mənfi təsir göstərdi. Xalq adamı idi, xalqın içində gəzməyi, söhbət etməyi çox sevirdi. Pandemiyada evdə qaldı, bir az da ayaqları tutuldu. Müalicə alandan sonra bir az özünə gəlmək istəyirdi, bu yandan da qardaşımı itirdik. Qardaşımdan 1 il əvvəl də bacımı itirdik. Onların dərdi atamı yıxdı. Atam 92 il yaşadı. Mənə “Rəqsi” deyirdi. Deyirdi ki, “Rəqsi, özündən muğayat ol”. Sonuncu dəfə əlimi tutub buraxmadı.
Geri qayıt