Əsas Səhifə > Şou-biznes > "Bir də azan verəndə mənim dünyam dəyişdi..."
"Bir də azan verəndə mənim dünyam dəyişdi..."28-04-2023, 01:03 |
“Dünyanın bir çox ölkələrində çıxış edirik. Dilimizi başa düşməyən insanlar musiqimizin sehrinə düşüb, bizi dinləyirlər. Mənə elə gəlir ki, bu bizim muğamımızın sirridir. Təbii ki, bu həm də xanəndənin ifasından irəli gəlir. Sən muğam ifa edərkən o aləmə düşürsən, o aləmə qapılırsan. Ona görə də səni dinləyənlər çoxalır. Əgər xanəndə ifa edir və o aləmə qapılmırsa, onu heç kim dinləməyəcək. Tamaşaçı da o dəqiqə hiss edəcək ki, bu yola verir. Muğam elə bir sənətdir ki, hər janrda istifadə oluna bilir. O sanki ağsaqqal kimi hər janra nəzarət edir. Məsələn, bir çox əcnəbi müğənnilər mənimlə duetlər ifa ediblər, qəşəng də alınıb”. DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov deyib. “Böyük səhnələrə çıxmazdan öncə əlbəttə ki, böyük həyəcan və qorxu içərisində oluram. Amma o qorxunun içində də sənətimə olan sevgi, məhəbbət və istək var. Avropa oyunlarının açılışında uçan xalçanın üstünə çıxanda məni ağlamaq tutdu. Öz-özümə dedim ki, “Allah, həmişə yerdə xalçanın üstündə oturub oxuyurdum. Sən məni böyütdün və yerlərdən göylərə çıxartdın”. Bir də azan verəndə mənim dünyam dəyişdi. Sanki Allaha təslim olmuşdum. Hətta o vaxt düşünürdüm ki, sənətimlə sağollaşım, daha oxumayım. Amma gördüm ki, həm Fərqanəni tək qoyacam, həm də özüm sənətdən ayrıla bilmərəm. Nə qədər ki, Allah izn versə, muğamımızı həm öz ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda təmsil etməyə hazıram. Əbəs yerə deyilməyib ki, muğam ruhun qidasıdır” deyə sənətkar bildirib. Xalq artisti bildirib ki, muğam bu gün dövlət tərəfindən böyük qayğı ilə əhatə olunub. “Muğamımızın dövlətin himayəsinə keçməsi, həm bizə, həm də gənc nəsilə təkan oldu. Hər zaman muğam ifaçılarını toyxanalarda oxuyan sayırdılar. Hətta böyük bəstəkarlardan biri demişdi ki, “bəstəkar mahnısı oxu, bu nədir oxuyursan?!” Onun deməyinə baxmayaraq mən muğam oxudum və sarayda alqışlarla qarşılandım. Bəstəkarlar Bəstəkarlar İttifaqına, yazıçılar Yazıçılar Birliyinə tabe idilər, söykənəcək yerləri var idi. Muğam ifaçılarının heç bir söykənəcək yeri yox idi. Allah elə gətirdi ki, Heydər Əliyev fondu, şəxsən Mehriban xanım Əliyeva muğamımıza dayaq oldu, sahib çıxdı. Bu dəstək bir çox xanəndələrimizi ruhlandırdı, ömürlərini uzatdı. Muğama yeni bir can, nəfəs gəldi. Cavanlarda da muğam sənətinə maraq artdı. Bu günlərdə muğam müsabiqəsi başlayır. Görün nə qədər festivallar, incəsənət günləri keçirilir. Bütün bunlar mədəniyyətimiz üçün böyük töhfədir” deyə xanəndə bildirib. Geri qayıt |