Əsas Səhifə > Şou-biznes > Müğənnini, sənətçini efirdən yox, tik-tokdan tanıyırlar.

Müğənnini, sənətçini efirdən yox, tik-tokdan tanıyırlar.


27-04-2023, 06:20
Müğənnini, sənətçini efirdən yox, tik-tokdan tanıyırlar.
“O qədər mahnılarım var ki, hələ heç oxunmayıb. İndi instaqram, tik-tok zəmanəsidir. Sosial şəbəkələrdə bayağı mahnılar daha çox reklam olunur. Müğənnini, sənətçini efirdən yox, tik-tokdan tanıyırlar. Bayağı mahnılar hər zaman olub. Vaxt var idi ki, o mahnıları çöldə-bayırda eşidirdik, amma onlar efirlərə ayaq aça bilmirdi. İndi əksəriyyət bayağı mahnılar ifa edir. O mahnılar mənlik deyil. Toyda da çalışıram ki, bəstəkar, sevilən mahnılar oxuyum. Toy toydur da”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən müğənni Almaz Ələsgərova deyib.

“Əfsuslar olsun ki, bu gün efirlər daha çox tanınmış, məşhur simaları verilişlərinə dəvət edir. Onlar artıq tanınıb da, ona məşhurluq lazım deyil. O qədər istedadlı insanlar var ki, tanınmırlar. Biz gərək o cür insanları təbliğ edək, tanıdaq. Onlar da tanınmalıdır. Gələcəyimiz onların əlindədir” deyə əməkdar artist bildirib.

Müğənni aktrisalıq fəaliyyətindən də danışıb.

“Mən 1985-ci ildə Mədəniyyət və İncəsənət universitetinin “Musiqili komediya aktyoru” fakültəsinə qəbul olunmuşam. O vaxtı da teatrda çalışırdım. Teatr mənim üçün yad yer deyildi. 10 ilə yaxındır ki, teatrda çalışıram. “Arşın mal alan” tamaşasında Cahan xalanı, “O olmasın, bu olsun” tamaşasında Sənəmi, “Baladadaşın toy hamamı” tamaşasında Şəfiqə xalanı və s. obrazları oynamışam. Teatr çətin sənətdir. Elə oynamalısan ki, tamaşaçı daim səni səhnədə səbirsizliklə gözləsin. Hamıya maraqlı idi ki, görəsən Almaz xanım necə oynayacaq? Tamaşadan sonra sevənlərindən gül-çiçək dəstələrini alanda, özün haqqında xoş sözlər eşidəndə insana çox ləzzət edir” deyə müğənni bildirib.

Almaz Ələsgərova bildirib ki, qızları onu hər zaman çəkili görmək arzusundadır.

“Heç vaxt arıqlamağa cəhd göstərmirəm. Çünki illər, aylar tez keçir. 5 günlük dünyadır, nəyin dərdini çəkməliyəm ki? İdman lazımdır. Köklük, arıqlıq insanın öz istəyi ilədir. Qızlarım həmişə deyir ki, “arıqlama, mama kimi görün” deyə müğənni bildirib.

“Qızlarınızın da müğənni olmasını istərdiniz?” sualına isə əməkdar artist belə cavab verib.

“Qızlarım heç vaxt sənətimi davam etdirmək istəməyiblər. Dedilər ki, “ana sən oxuyursan, bizim bəsimizdir”. Əminənin səsi çox gözəldir. Amma mənim də ürəyimdəndir ki, müğənni olmadılar. Çox əziyyətli bir sənətdir” deyə Almaz Ələsgərova deib

Almaz Ələsgərova bildirib ki, bütün sənət dostları ilə münasibəti yaxşıdır.

“Çalışıram ki, kimsənin xətrinə dəyməyim. İstəmirəm ki, insanlar mənim haqqımda pis fikirləşsinlər. Münasibətləri xoş rəftarlar üzərində qururam. Hamı ilə mehribanam, heç kimlə problem yaşamağı sevmirəm. Xoş rəftar içimdən gəlir, bunu qəsdən etmirəm. Pislik etməyə nə var ki? Pislik edib, başqasının arxasınca danışmaqdan heç kim xeyir görməyib” deyə müğənni bildirib.
Geri qayıt