Əsas Səhifə > Şou-biznes > “Gündəm sözünü o qədər ucuzlaşdırıblar ki, bacarığın, cəsarətin varsa sənətinlə gündəmə gəl”
“Gündəm sözünü o qədər ucuzlaşdırıblar ki, bacarığın, cəsarətin varsa sənətinlə gündəmə gəl”15-04-2023, 10:37 |
“İnsan doğulduğu gündən uzun bir yol qəti edir. Bu yolda onun qarşısına nələr çıxacaq, nələri qət edəcəyini əlbəttə ki, bilmir. Qarşısına çıxan maneələri həyatının dönəmində keçə-keçə gəlir. Mənim həyatımda belə hallar çox olub. Bu maneələri keçməsəydim Gülüstan Əliyeva olmazdım. Nələrisə itirib, əvəzində dözüm qazanmışam. İnsan elə bir məqamlara gəlir ki, hətta kim olduğunu belə unudur. Hər şeyə rəğmən həyat gözəldir. Yaşayaq, yaradaq, ellər sevinsin” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib. “Muğam artıq gəncləşib. Muğam ifaçılığı sənətində gənc nəslimiz yetişib. Bu da əlbəttə ki, bizi sevindirir. Tələbələrimə də hər zaman bu sənətin gözəlliklərini təbliğ edirəm. Nə qədər müasir mahnılar, hitlər, gündəm mahnıları olsa da, xalqımız hər zaman muğamlarımıza bağlıdır. Bu mövzuda muğam müsabiqələrinin də rolu çox böyükdür. Bizim elə gənclərimiz olub ki, muğam müsabiqələrində heç yer tuta bilməyiblər, amma özlərini daha çox təsdiqləyib, göstəriblər. Bu gün bir çoxları fəxri adlar daşıyır. Harada olmağından asılı olmayaraq sənətini sevməlisən, özünü göstərməlisən. Muğam müsabiqələrindən çıxan gənclərin bir çoxu sənətini layiqincə davam etdirmir. İstərdim ki, tənbəlləşməsinlər, onlar artıq hazır, yetişmiş xanəndələrdir” deyə sənətkar bildirib. Sənətkar teatr səhnəsindəki obrazlardan da danışıb. Bildirib ki, çox rollar oynasa da, onun üçün əziz olan obraz Leylidir. “Bu gün də mən Opera və Balet teatrında çalışıram, obrazları sevə-sevə canlandırıram. Aktyor üçün fərqi yoxdur ki, o hansı obrazda səhnəyə çıxır. Əsas odur ki, yadda qalasan, sevinəsən. Bütün obrazlarım mənim üçün doğmadır, əzizdir. Amma hər bir sənətkarın özünə əziz olan obraz var. Bütün qadın xanəndələrin ən böyük arzusudur ki, şah əsər sayılan Leylini oynasın. Əlbəttə ki, hər bir qadın Leylidir. Mənim də ruhuma, özümə yaxın Leyli obrazıdır. Bəlkə də bu obraz elə mənim həyatımla, özümlə səsləşir” deyə əməkdar artist bildirib. Gülüstan Əliyeva sənət qalmaqallarından da danışıb. Sənətkar bildirib ki, zaman-zaman onun da ünvanına sözlər deyənlər olub. “Sənətdə təbii ki, qalmaqallar da, mübahisələr də, müzakirələr də olur. Müzakirə, rəqabət gözəl şeydir, amma hər şeyin bir vaxtı, vədəsi var. Əlbəttə ki, olanı deməlisən, olmayanı isə əsirgəməlisən. Bəzən mənim də bostanıma daş atanlar olub. Əvvəl istəyirdim ki, reaksiya verim, amma indi boş verirəm. Məsəl var, bir sözə baxaram, bir də sözü deyənə. Onlara cavab vermək əlbəttə ki, şərəf olar. Əgər mən cavab versəydim, onlar da özlərini önəmsəyəcəkdilər. Onların məqsədləri tanınmış, məşhur, sevilən insanlarla özlərini reklam, piyar etməkdir. Şükür Allaha ki, bunlar illər əvvəl olub. Gündəm sözünü o qədər ucuzlaşdırıblar ki. Cəsarətin və bacarığın varsa sənətinlə gündəmə gəl. Bir düşüncə formalaşıb ki, bahalı maşının, bahalı geyimin, evin varsa sənətə gələ bilərsən. Əgər sənin sənətin yoxdursa, bütün bu sadaladıqlarım boşdur. 1 aya efirə çıxmasalar, unudulub gedəcəklər. Bəzən toylara gedirlər, fonoqram ifalar edirlər. Toy yiyəsi səni dəvət edib ki, səsindən, sənətindən, canlı ifandan zövq alsın. Düzdür, elə mahnılar var ki, onu canlı ansambılla ifa etmək mümkün deyil, bunu mən də bilirəm. Amma ümumilikdə toyu başdan-ayağa fonoqram ifa etmək düzgün deyil. Toyda da hər müğənni özünü göstərə bilmir. 500-600 insanın qarşısında çıxış etmək asan bir iş deyil” deyə müğənni bildirib. Geri qayıt |