Əsas Səhifə > Şou-biznes > “Kinostudiyanın həyətində mənə yaxınlaşan kişiyə dedim ki, burada cavanlığımı itirmişəm”

“Kinostudiyanın həyətində mənə yaxınlaşan kişiyə dedim ki, burada cavanlığımı itirmişəm”


9-04-2023, 06:18
“Kinostudiyanın həyətində mənə yaxınlaşan kişiyə dedim ki, burada cavanlığımı itirmişəm”
“Dünya kinosunda Azərbaycan öncüllər sırasında deyil. Amma bir mövzuda bəlkə də ilk onluqa düşür. Maarifçilikdə, əxlaqda, tarixə və soykökə münasibətdə. Ona görə də bizim filmlərimizdəki dialoqlar zərb məsəl olub. Azərbaycan xalqı kinonu olmuş hadisə kimi qəbul edir. Azərbaycan kinosu durur, yaşayır. Gözəl filmlərimiz var, çəkilir də. Bir az gözləmək lazımdır ki, görək nə olacaq?! Serialları axır vaxtlar tərifləyirəm. Bilirsiniz niyə? Onlar kinonu ölməyə qoymur. Kinonu öyrənmək lazımdır. Kinoya indi xeyli gənc kadrlar gəlir. Gələnlər də gərək özlərindən əvvəlki sənətkarlardan öyrənsinlər də. İndi də deyirlər ki, gənclərə yol verin. Yaşlı nəslin savadından, tövsiyyələrindən istifadə olunmalıdır. Rejissorun cavanı, qocası yoxdur. Rejissor beyni ilə işləyir. Mənim dostlarım gənclərdir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elxan Qasımov deyib.

“Rasim Balayev əgər o vaxt çəkilməsəydi, o boyda dahi aktyor nə vaxt olacaqdı? Həsən Seyidbəyliyə bilirsinizmi nə qədər təzyiqlər oldu? Deyirdilər ki, “bu cavan oğlana Nəsimi obrazını vermək olmaz”. Deyirdilər ki, təcrübəli aktyorlara rol vermək lazımdır. Aktyor gərək çəkilsin ki, tanınsın da. Deyirlər ki, sən istedadlıya kömək ol, istedadsız onsuz da özünə yer tapacaq. Universitetdə bir müəllim var idi, deyirdi ki, “siz pis oxuyan tələbə yoldaşlarınıza kömək edin ki, onlar bir azdan sizin rəhbəriniz olanda sizə iş versin”. O vaxt kinostudiyada bir az ssenari hazır olmadı, “Bəyin oğurlanması” filmini Vaqiflə Ceyhun tez-tələsik hazırlayıb təhvil verdilər. Bu film ən yaxşı filmlərdən biri oldu. Xalq da, kino da qəbul etdi. Kinostudiyanın ərazisini başqaları alanda çox qısqanırdım. Böyük həyəti o yan, bu yan gəzirdim. Bir kişi yaxınlaşıb dedi ki, “ay qardaş, sən səhərdən burada nə axtarırsan?”. Dedim ki, “gəl bura deyim, amma heç kimə demə, mən 1967-ci il burada cavanlığımı itirmişəm” deyə sənətkar bildirib.

Sənətkar illər sonra “Əhməd haradadır?” filmi ilə bağlı da etiraf edib.

“Filmin operatoru Yuli Fogelman Əhməd roluna milliyətcə yəhudi aktyor İqor Kvaşanı təklif etsə də, Adil İsgəndərov razılaşmayıb. Operator məni bu rola çəkmək istəmirdi. Fogelmanın xanımı “Elxanın dodaqları çox qalındır, rola yaramır” deyib. Operator da bunu Adil müəllimə pıçıldayıb. Adil müəllim də deyib ki, “qada, Elxan Qasımovu sənin arvadın üçün seçmirik e, rola seçirik” deyib. Bəzi səhnələrdə tryukları özüm həyata keçirmişəm. Rəqslə məşğul olduğum üçün bu səhnələrdə çətinlik çəkməmişəm” deyə sənətkar bildirib.

Əməkdar artist illər öncə rejissoru olduğu “Biz qayıdacağıq” filmindən də danışıb.

“Müharibə illərində “Biz qayıdacağıq” filminə görə 6 kanal məni birdən dəvət etdi. O vaxt bu filmin adını qoyanda mübahisələr olub ki, bu bədii film yox, sənədli film adıdır. Mən inanırdım ki, biz qayıdacağıq. İnam olmasaydı bu filmi çəkə bilməzdim. Çox çətin dövr idi. Ondan bir il öncə başıma məlum faciələr gəldi. Bir az özümə gəlib, hissələrlə bu filmi çəkdim. Xalq da, tamaşaçılar da qəbul etdi. Çox sevinirəm ki, az da olsa töhfəm oldu” deyə sənətkar bildirib.
Geri qayıt