Əsas Səhifə > Şou-biznes > “Vado, nə vaxtdan belə qazlanmısan ki, verilişimi efirdən çıxarırsan?”

“Vado, nə vaxtdan belə qazlanmısan ki, verilişimi efirdən çıxarırsan?”


8-04-2023, 17:55
“Vado, nə vaxtdan belə qazlanmısan ki, verilişimi efirdən çıxarırsan?”
“Space” telekanalına Vado Korovin rəhbər təyin olunandan sonra kanalda bir çox ixtisarlar başlayıb. Ötən gün saytımıza açıqlama verən əməkdar artist Çingiz Əhmədov telekanaldan ayrıldığını və baxımlı verilişlərin ya başqası ilə əvəz olunduğunu, ya da ümumiyyətlə yayımdan qaldırıldığını bildirmişdi. Bundan əlavə yeni sədr kanalda uzun illər fəaliyyət göstərmiş bədii rəhbər İman Məcidovu da vəzifəsindən uzaqlaşdırıb. “Space” kanalının tanınmış aparıcısı Zamira Dadaşovanın facebook statusu da diqqət çəkib:

“Birinci gün “Space” kanalından ayrılmağı düşünürəm. İlk iş yerim “Aztv”-10 il, ikinci iş yerim “Space”-17 il olub. Heç vaxt iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə, başqa yerlərdən təkliflər gəlsə də, gedə bilməmişəm. “Düzələr” deyib yola davam etmişəm. Çox qəribə hisslər keçirirəm. Bilmirəm sevinim yoxsa üzülüm?! Yeganə üzüldüyüm məqam müəllifi və aparıcısı olduğum “Açıq söhbət” verilişinin bağlanmasıdır. Hər halda tamaşaçılar, ziyalılar tərəfindən sevilən veriliş idi. Əlbəttə, məni üzən həm də əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin çoxalmasıdır. Təəssüf ki, pul önə keçəndə mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur. Hamıya uğurlar”, - deyə o bildirib.

Zamira Dadaşova ilə əlaqə saxlayıb sosial şəbəkədə yazdığı statusa münasibət bildirməyini istədik. Xanım aparıcı uzun-uzadı danışmaq istəməsə də, sualımızı cavabsız da qoymadı.

“Bu tək mənə qarşı hörmətsizlik deyil. Birinci gündən rəhbər gələndə deyərdi ki, verilişi bağlamışıq. Məni bu insanlarla çəkilişə göndərərək, üz-üzə qoydular. Onlar mənim çox hörmət etdiyim şəxsiyyətlərdir. Mən necə çəkib, onları efirə verməyə bilərəm? Mən özümə qarşı hörmətsizlik etmiş olaram. Bu sözü onlara da dedim. Mart ayının 30-da mənə zəng edib dedilər ki, verilişin sponsor olmadığına görə bağlanır. Sponsor yoxdur, veriliş bağlanır nə deməkdir? Zəng də etməyiblər, mesaj yazıblar. Bu sözü üz-üzə görüşüb də, mənə demək olardı. Bu cür verilişi necə bağlaya bilərsiniz ki, bütün ziyalılar bunu izləyir? Dedilər ki, gəlin ərizəni yazıb. Hələ ki, ərizə yazmamışam. 1-ci gün gedib yazmağı düşünürəm. Mənə təsir edən ərizəni yazmağım deyil, işdən gedə bilərəm. Sadəcə olaraq insanlara qarşı hörmətsizlik edirlər. Efirə çıxardığı adamlar da, verilişlər də göz qabağındadır, bəllidir. Mənə təsir edən budur. Hansı verilişin sponsoru var? Heç bir verilişin sponsor yoxdur. Bir veriliş mənə göstərsinlər ki, sponsorla efirə gedir. Bağlanmaq elə mənim verilişimə qalmışdı? Hansı ki, mənəviyyata, əxlaqa, mədəniyyətə, vicdana, şərəfə qulluq edirdi. Dəyərli ziyalılar cəmiyyətə mesajlarını mənim verilişim vasitəsilə çatdırırdılar”, - deyə Zamira Dadaşova deyib.

Aparıcı onu da bildirib ki, “Açıq söhbət” verilişinə çəkdiyi 102 yaşlı veteran Fatma Səttarova, professor İlham Rəhimli və ilahiyyatçı-yazıçı Hacı Soltan Əlizadənin verilişləri yayımdan qaldırılıb. Fatma Səttarova Moderator.az-a açıqlamasında bunu təsdiq edib.

“Verilişin anonsu Space telekanalında yayımlanan kimi hamı mənə zəng edib dedi ki, “Ay Fatma xanım, nə gözəl danışırsınız?”. Çünki hamı məni sevir, çox istəyir. Bilmirəm ki, niyə veriliş efirə getmədi?! Kanalın yeni rəhbəri Vadoya zəng edib dedim ki, “Vado, nə vaxtdan belə qazlanmısan ki, verilişimi efirdən çıxarırsan?” O qıza da töhmət vermisiz? Dedi ki, “yox, narahat olma Fatma ana, göstərəcəyik”. Bilmirəm daha göstərəcəklər ya yox? O haçandan rəhbər olub? Gəlib kanala niyə çaxnaşma salır? Bütün hamı mənə zəng edir! Siz kimsiniz ki, verilişi yayımdan qaldırırsınız? Mən zəng edib onunla bir də danışaram. Bu cür mənəviyyata xidmət edən verilişləri və aparıcıları televiziyadan uzaqlaşdırmaq düzgün hal deyil. Hətta deyərdim ki, ayıbdır”, - deyə veteran xanım bildirib.

İlahiyyatçı-yazıçı Hacı Soltan Əlizadə bildirib ki, “Açıq söhbət” verilişinə Ramazan ərəfəsində çəkilib.

“Milli-mənəvi, əxlaqi dəyərləri təmsil edən, onu insanlara çatdıran, böyük kütlə və tamaşaçı sevgisi qazanan “Açıq söhbət” verilişinin yayımdan qaldırılması xəbərini sizdən eşidirəm. Getməzdən öncə də o verilişin Rasim Balayev, Qəzənfər Paşayev və s. ziyalılar olan buraxılışını izləmişdim. Hörmət edib dəvət etdilər, mən də sözlərini yerə salmayıb gəldim. Gözəl, səmimi söhbətimiz də baş tutdu. Zamira xanım zəhmət, əziyyət çəkib, ona görə pis oldum. Özü də bizim söhbətimiz Ramazan ayına təsadüf etmişdi. Orada insanın mənəviyyatından, bir-birlərinə olan hörmətindən danışmışıq. Əlbəttə ki, çox narahat oldum. Çox təqdirəlayiq bir veriliş idi”, - deyə Hacı Soltan Əlizadə deyib.
//Moderator.az//
Geri qayıt